Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-24/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Leysan qızının katibliyi, icra sənədi üzrə Borclu ASC-nin nümayəndəsi X5 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurunun xx xxxxxx 2020-ci il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (məhkəmə) xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə Tələbkar Borclu ASC-nə qarşı “işə bərpa və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi” tələbi təmin olunmuş, Tələbkar Borclu ASC-nin Biləsuvar filialının baş kassiri vəzifəsinə bərpa edilməklə xx xxxxxxxx 2012-ci il tarixdən etibarən qətnamə icra olunan günədək məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Borclu ASC-nin verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə təmin olunmamış, apellyasiya instansiyasının aktı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. xx xxxx 2020-ci il tarixdə Tələbkar məhkəməyə Nəsimi rayon icra şöbəsinin icra məmurunun “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2020-ci il tarixli qərarından şikayəti daxil olmuş, şikayət belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi icraya yönəldilərək Biləsuvar rayon İcra şöbəsinə göndərilmiş, həmin icra şöbəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə qətnamə qismən icra olunaraq məcburi işburaxma müddətinə görə ona əmək haqqı ödənilmiş, lakin qətnamənin işə bərpa hissəsinə dair hissəsi tam icra edilməmiş, Borclu ASC-nin Biləsuvar filialına baş kassir vəzifəsinə bərpa olunması barədə əmr verilsə də, əmr icra olunmamışdır. Faktiki olaraq baş kassirin vəzifəsini icra etməmiş, kassa akt əsasında ona təhvil verilməmiş, həmin vaxtda konkret olaraq bankda heç bir işlə məşğul olmamışdır. Buna baxmayraq icra məmuru məhkəməyə təqdimat verərək icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmiş, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxxx 2014cü il tarixli qərardadına əsasən təqdimat rədd olunmuş, qətnamənin tam və düzgün icra olunması üçün icra vərəqəsi Biləsuvar rayon İcra şöbəsinə qaytarılmışdır. İcra tədbirləri davam etdirilmiş və filialın müdiri məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyindən Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən keçmiş İXM-nın 313-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 manat cərimə olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən Biləsuvar Rayon Məhkəməsi hakiminin qərarı dəyişdirilərək 3000 manat cərimə cəzası keçmiş İXM-nin 21ci maddəsinə əsasən xəbərdarlıq inzibati tənbehi ilə əvəz edilmiş, bundan sonra Borclu ASC-nin Biləsuvar filialının müdiri akt əsasında filialın kassasını qiymətli əşyalarla və digər sənədlərlə birlikdə ona təhvil verəcəyini bildirmişdir. Lakin filial müdiri tələbkara verdiyi vədin əksinə gedərək, onun barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə şikayət etmiş, həmin İdarədə fakta görə CMnin 179.2.1 və 179.2.3-cü maddələri ilə cinayət işi başlanmış, müstəntiq X2 xx xxxx 2017ci il tarixli qərarına əsasən cinayət işinin onun barəsində olan epizodu üzrə icraata xitam verilmişdir. Bundan sonra Borclu ASC-nin müraciəti əsasında Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Borclu ASC-nin “Biləsuvar rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Xalıq Şahbazovun hərəkətlərinin qanunsuz hesab olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxx 2013-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında icra məmuru Xalıq Şahbazovun xx xxxxxx 2017-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsi” tələbinə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018 ci il tarixli qərardadına əsasən Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Borclu ASC xx xxxxxxx 2017-ci il tarixdə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində iddia qaldıraraq “Nəsimi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Azər Heydərovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 2(006)-3970/2013 nömrəli iş üzrə verilmiş icra sənədi üzrə başlanmış icraata xitam verilməsi vəzifəsinin Nəsimi rayon icra və probasiya şöbəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan həmin tələb dəyişdirilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxx 2018-ci il tarixli qərardadına əsasən “Borclu" ASC-nin iddiası mümkün hesab edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Borclu ASC-nin kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə Borclu ASC-nin Biləsuvar rayon icra və probasiya şöbəsinə qarşı “cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 2(006)-3970/2013 saylı icra sənədi üzrə icraata xitam verilmədiyindən iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən çəkinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamış, həmin qərar Şirvan Apellyasiva Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə, apellyasiya instansiyasının qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadına əsasən Borclu ASC-nin Biləsuvar rayon icra və probasiya şöbəsinə qarşı “hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən çəkinmə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün sayılmamış, bu qərar da yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə onun və Borclu ASC-nin nümayəndəsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməyə izah verilməsi barədə ərizələri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə həmin qərardad ləğv edilərək Borclu ASC-nin ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Borclu ASC-nin ərizəsinə əsasən icra sənədinin icraatına xitam verilməsi barədə ərizəsi təmin edilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qərardadından şikayət vermə müddətinin bərpa edilməsi haqqında Borclu ASC-nin xahişi təmin edilməmiş, həmin məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə icra məmurunun təqdimatı rədd olunmuş, həmin qərardad Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Azəraycan Respublikasının Baş icra məmuru tərəfindən qəbul olunmuş xx.xx.2018-ci il tarixli qərara əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(006)-3970/2013 saylı qətnaməsi əsasında verilmiş icra sənədi icra edilməsi üçün Nəsimi rayon icra və probasiya şöbəsinə göndərilmiş, bu tarixdən sonra icra sənədi adı çəkilən şöbənin icraatında olmuşdur. Həmin şöbənin böyük icra məmuru X8 tərəfindən xx.xx.2019-cu il tarixdə Borclu ASC barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək protokolda göstərilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3970/2013 saylı iş üzrə verdiyi icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri Borclu ASC tərəfindən yerinə yetirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Borclu ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə isə Borclu ASC-nin Nəsimi rayon icra və probasiya şöbəsinə qarşı “icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə Borclu ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmiş, Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Borclu ASC məhkəmə qərarının icra edilərək onun filialıda baş kasssir vəzifəsində işlədiyini göstərsə də, əslində həmin müddətdə Filialın baş kassiri vəzifəsində X4 işləmişdir. Bu faktın özü mübahisəsiz qaydada sübut edir ki, məhkəmə qətnaməsi qismən icra olunduqdan sonra baş kassir vəzifəsində o yox, X4 işləmiş, həmin müddət ərzində o heç bir vaxt baş kassir vəzifəsini icra etməmişdir. Onun baş kassir vəzifəsinə təyin olunmağı barədə Borclu ASCnin sədrinin əmri formal xarakter daşımış, vizual görüntü yaratmaq məqsədilə verilmiş, məhkəmə qərarının icra edilməsi mənzərəsini yaratmaq, eləcə də məhkəmə qərarının tam icra edilməsindən yayınmaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımışdır. Lakin Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin, Biləsuvar Rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə təsdiq edilmişdir ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi tam və düzgün icra olunmamış və filialın rəhbərliyi məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda isə cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün müxtəlif üsul və vasitələrə əl atırlar və öz mənafeyinə uyğun nəticə əldə edə bilmədikdən sonra Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinə müraciət edərək icra sənədinə xitam verilməsini xahiş etmiş, həmin şöbənin icra məmuru Pərviz Babayev tərəfindən də “İcraata xitam verilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixdə qanunsuz qərar qəbul olunmuşdur. Hesab edir ki, həmin qərar ləğv edilməli və icra sənədi tam və hərtərəfli icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. İcra məmurunun qərarından məlum olur ki, həmin qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir, lakin qərarın giriş hissəsində icra işinin icra məmurunun icraatına xx.xx.2020-ci il tarixdə daxil olduğu göstərilmişdir. Yəni belə çıxır ki, icra işi, işin icraatına xitam verilməsindən 3 gün sonra icra məmurunun icraatına daxil olmuşdur. İcra məmurunun vəzifəsi məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini icra etməkdir. Lakin icra məmurunun qərarından belə məlum olur ki, icra məmuru vəzifəsini icra etmək əvəzinə, Borclu ASC-yə vəkillik etmiş, işə bərpa barədə qətnamənin işçinin əvvəki vəzifələrini yetirməyə başladığı andan icra olunmuş hesab edildiyi barədə qanunun göstərişinə əhəmiyyət verməmiş, vəzifə borcunu yerinə yetirməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, həmin qərardaddan Tələbkar verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Nəsimi Rayon icra və probasiya şöbəsinin icra məmurunun “İcraata xitam verilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarından Tələbkar verdiyi şikayətə yenidən baxılması üçün işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə növbəti dəfə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, həmin qərardaddan Tələbkar verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Tələbkar və vəkili şikayəti müdafiə edərək izahatlarında həmçinin göstərmişlər ki, Nəsimi Rayon Məhkəməsi apellyasiya instansiyasının qərarındakı göstərişlərə əhəmiyyət verməmiş, həmin qərarda aydınlaşdırılması barədə göstərişl verilmiş məsələləri ümumiyyətlə araşdırmamış, Borclu ASC-nin İdarə Heyətinin sədrinin xx xxxxxx 2015-ci il tarixli əmri ilə guya Tələbkar Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılmış olduğuna əsaslansa da, məlumatı olmayan bu əmrin verilməsindən sonra, yəni xx.xx.2015-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə bankın Biləsuvar filialının müdürünə qətnamənin icra edilməməsinə görə xəbərdarlıq edilmiş olduğunu nəzərə almamışdır. Məhkəmə iclaslarında iştirak edən Borclu ASC-nin nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, Borclu Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin xx xxxxxx 2014-cü il tarixli əmri ilə Tələbkar bankın “Biləsuvar” filialının Kassa bölməsində baş kassir vəzifəsinə bərpa edilmiş, xx xxxxxxxx 2012-ci il tarixdən etibarən vəzifəsinə başladığı günədək ona məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi əmr edilmiş, xx xxxxxx 2015-ci il tarixli əmrlə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixisarı) xx xxxxxx 2015-ci il tarixdən xitam verilmiş və orta aylıq əmək haqqı həcmində işdənçıxarma müavinəti ödənilmişdir. Tələbkar əvvəlki vəzifəsi, yəni baş kassir vəzifəsinin funksiyaları yalnız kassa və kassa açarlarının əldə edilməsi, saxlanması, nəzarət edilməsindən ibarət olmamışdır. Borclu ASC-nin yerli struktur bölmələrində çalışan işçilərin nümunəvi vəzifə təlimatına əsasən, baş kassir əməliyyat günü ərzində bankomatlar da nəzərə alınmaqla müştərilərin nağd pul və digər qiymətlilərə olan tələbatlarını müəyyən edir və tələbnamə (sifariş) hazırlayır, bankomatların kassetlərinin nağd pulla doldurulması və boşaldılması prosesinə nəzarəti təşkil edir və s. Tələbkar işə bərpa əmrinin verilməsi ilə ona kassa və kassa açarlarının əldə edilməsindən əlavə yuxarıda qeyd edilən funksiyalarını icra etməsinə imkan yaradılmış, o, bununla bağlı müxtəlif sənədlər imzalamış, işə bərpa edilmə əmrinin rəsmiləşdirilməsi və onun filialda işə başlaması ilə artıq əvvəlki vəzifələrini icra etməsi təmin olunmuşdur. Həmçinin, Borclu ASC-nin Müşahidə Şurasının xx xxxxxxxx 2012-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş Borclu ASC-də nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılması, bankomatların və qiymətlilərin inkassasiyasının təşkili və depozit seyflərindən istifadə” Qaydalarının 3.1.4-cü bəndinə əsasən, xəzinə müdirləri və digər iki xəzinə inzibatçıları (üç açar sahibi) X10 sədri tərəfindən təyin edilir. Beləliklə kassirə açarın verilib-verilməməsi, yəni kassirlər arasından açar sahibinin müəyyənləşdirilməsi İdarə Heyətinin sədrinin hüququdur, vəzifəsi deyil. Çünki həmin Qaydaların 3.1.5-ci bəndinə əsasən, xəzinədə olan nağd pulun və digər qiymətlilərin salamatlığına açarları olan şəxslər məsuliyyət daşıyırlar. Tələbkar fəaliyyəti qiymətləndirilərkən ona kassa açarlarının etibar edilməsi məqsədəuyğun olmamışdır. Belə ki, həmin dövrdə vəfat etmiş pensiyaçı X3 pensiya kartında qalan vəsait qanunsuz olaraq Tələbkar tərəfindən çıxarılaraq götürülmüş, bu faktı Tələbkar cinayət təqibi üzrə icraat zamanı etiraf etmişdir. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunidir və onun ləğvi üçün heç bir əsas mövcud deyildir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına görə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə Tələbkar Borclu ASC-nin Biləsuvar filialının baş kassiri vəzifəsinə bərpa edilməklə xx xxxxxxxx 2012-ci il tarixdən etibarən qətnamə icra olunan günədək məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi qət edilmiş, həmin qətnamədən Borclu ASC-nin verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə təmin olunmamış, apellyasiya instansiyasının aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, bundan sonra qətnamə icraya yönəldilərək icra sənədi Biləsuvar rayon İcra şöbəsinə göndərilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, xx xxxxxx 2014-cü il tarixdə məcburi işburaxma müddətinə görə Tələbkar əmək haqqı ödənilmiş, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qərardadı ilə icra məmurunun “icra sənədinin icraatına xitam verilməsi” barədə təqdimatı rədd olunmuş, bankın Biləsuvar filialının müdiri icra məmurunun qanuni tələbini yerinə yetirmədiyindən Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə İXM-nın 313-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 manat cərimə olunmuş, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə Biləsuvar Rayon Məhkəməsi hakiminin qərarı dəyişdirilərək 3000 manat cərimə cəzası xəbərdarlıq inzibati tənbehi ilə əvəz edilmişdir. İş materiallarından aydın olur ki, icra sənədinin tam icra olunub-olunmadığı ilə bağlı tələbkarla bank arasında uzun müddətdir mübahisələr davam edir və bununla əlaqədar Borclu ASC-nin icra sənədi üzrə başlanmış icraata xitam verilməsi vəzifəsinin icra məmurunun üzərinə qoyulması” məzmunlu tələbləri inzibati məhkəmələr tərəfindən mümkün sayılmamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Baş icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(006)-3970/2013 saylı qətnaməsi əsasında verilmiş icra sənədi icra edilməsi üçün Nəsimi rayon icra və probasiya şöbəsinə göndərilmiş, həmin şöbənin böyük icra məmuru X8 tərəfindən xx.xx.2019-cu il tarixdə Borclu ASC barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilən protokol üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Borclu ASC-nin Nəsimi rayon icra və probasiya şöbəsinə qarşı “icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi rədd edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmiş, Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə bu qərardad dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xx xxxxxx 2020-ci il tarixli qərarla xitam vermiş, xitamın əsası kimi icra sənədinin icra olunduğunu göstərmişdir. Kollegiyanın qənaətinə görə, həmin qərarı qanuni hesab edən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir; 70.2-ci maddəsinə görə isə, qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Tələbkar bankın Biləsuvar rayon filialının kassa bölməsində baş kassir vəzifəsinə bərpa edilməsi barədə Borclu ASCnin xx.xx.2014-cü il tarixli əmri verildikdən sonra ona xx xxxxxxxx 2012-ci il tarixindən etibarən məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilmiş, Tələbkar baş kassir vəzifəsinə bərpa edilməsi ilə əlaqədar olaraq, filialın baş kassiri vəzifəsində çalışan X1 aylıq vəzifə maaşı saxlanılmaqla o, xx xxxxxx 2014-cü il tarixindən həmin bölmədə kassir vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixli əmrlə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) xx xxxxxx 2015-ci il tarixdən xitam verilmişdir. Kollegiya, “işə bərpa olunması barədə əmr verilməsinə baxmayaraq faktiki olaraq vəzifəsinin icrasına buraxılmadığı” barədə Tələbkar irəli sürdüyü arqumentə münasibətdə qeyd edir ki, iş materiallarından onun, işə bərpa olunması barədə əmr verildikdən sonra (xx.xx.2014-cü il tarixdə) vəzifəsini faktiki icra edərək müxtəlif bank sənədlərini imzaladığı, öz ərizəsi əsasında xx xxxxxxx 2014-cü il tarixli əmrlə 2013-cü və 2014-cü il üzrə istifadə etmədiyi ödənişli əmək məzuniyyətinə buraxıldığı, işə bərpa edildiyi xx.xx.2014-cü il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2015-ci il tarixədək maaş və məzuniyyətə görə 4081,24 manat pul aldığı aydın olur; bu hallar isə sözügedən arqumentin əsassız olduğu qənaətinə gəlməyə əsas verir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, Tələbkar, əmək müqaviləsinə Borclu Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin xx xxxxxx 2015-ci il tarixli əmri əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixisarı) xitam verilməsindən məlumatlı olmuş, bu səbəblə ona orta aylıq əmək haqqı həcmində hesablanmış işdənçıxarma müavinətini almış, lakin müvafiq əmri mübahisələndirməmişdir; bu hal da özü-özlüyündə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icra edilməmiş olduğu nəticəsinə gəlməyə imkan vermir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-112/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-24/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-24/2021
25.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver