Məhkəmə qərarları › İş №8(103)-240/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-240/2021

03.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-240/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, icra sənədi üzrə Borclu iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 12.12.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 3912,83 manatın “xxxx” BOKT MMC-nin xeyrinə tutulmalı olduğunu, borcluya tələbin könüllü icrası üçün bildiriş göndərilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırdığını bildirmiş, buna görə də “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə əsasən adı çəkilən şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, həmin qərardaddan Borclu verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətini müdafiə edən borclunu dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, mübahisələndirilən qərardad ləğv edilərək təqdimatın təmin edilməməsi barədə yeni qərardad çıxarılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İşin müəyyən olunmuş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 12.12.2019-cu il tarixli icra vərəqəsinə əsasən, 3882,83 manat borc və 30 manat dövlət rüsumu X1 və Borclu Müseyib oğlundan “xxxx” BOKT MMC-nin xeyrinə tutulmalıdır. Hazırda baxılan şikayətlə bağlı tələbkar bankın nümayəndəsinin məhkəməyə ünvanladığı 31.05.2021-ci il tarixli məktubdan aydın olur ki, Borclu Müseyib oğlunun “xxxx BOKT” MMC-nə heç bir kredit borcu qalmamışdır. Belə halda kollegiya hesab edir ki, təqdimatın təmin olunması üçün qanuni əsas qalmamışdır və buna görə də mübahisələndirilən qərardad ləğv olunmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-266/2021 saylı iş üzrə 15 aprel 2021-ci il tarixli qərardadı ləğv olunsun. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar