Məhkəmə qərarları › İş №8(103)-241/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-241/2021

25.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-241/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı, 21.12.2018-ci il tarixli qərardadının icra edilməsinə möhlət verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli, 8(004)-233/2021 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı, 21.12.2018-ci il tarixli qərardadı ilə iddiaçı X6 ilə cavabdeh X8 arasında bağlanmış barışıq sazişi təsdiq olunmuş, barışıq səazişinin şərtlərinə görə, cavabdeh iddianı qismən qəbul edərək, 10.000 manat ödəməyi öz öhdəsinə götürmüş, iddiaçı da cavabdehin bu təklifi ilə razılaşmış; cavabdeh barışıq səazişində nəzərdə tutulmuş 10.000 manat məbləği iddiaçı və cavabdeh arasında baxılan (Şəki Apellyasiya Məhkəməsində) “birgə nikah dövründə yaranmış borcun yarısının tələbi ilə bağlı” mülki iş üzrə icraat yekunlaşandan sonra ödəməyi öz öhdəsinə götürmüş; iddiaçı X4 cavabdeh X7 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Ərizəçi (borclu) X8 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı, 21.12.2018-ci il tarixli qərardadının icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, həmin qərardadla təsdiq olunmuş barışıq sazişinə əsasən Tələbkar 10000 manat ödəməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(006)-3248/2020 qətnaməsi ilə iddiası təmin edilmiş, 2020-ci ilin iyun ayından etibarən 06.05.2036-cı il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 6, 13 saylı mənzilə görə “xxxx” Bankı ASC-yə hər ay ödəniləcək 731,90 manat aylıq kredit məbləğinin 1/2 hissəsi olan 365,95 manatın iddiaçı ona, 1/2 hissəsi olan 365,95 manatın Tələbkar aid olunması, aralarında nikahın pozulduğu 22.01.2018-cu il tarixdən etibarən 2020-ci ilin may ayınadək onun tərəfindən mənzilə görə ödənilmiş cəmi 20493,20 manatın 1/2 hissəsi 10246,60 manatın cavabdeh Tələbkar tutularaq ona ödənilməsi qət edilmişdir. Göründüyü kimi, Tələbkar hal-hazırda ona 10246,60 manat ödəməlidir. Qətnamə qanuni qüvvəsini almadığı üçün aralarında əvəzləşdirmə mümkün deyildir. Tərəfindən sözü gedən mənzilə Tələbkar yerinə ödəniş edildiyi üçün hal-hazırda həmin məbləği tələbkara ödəmək qabiliyyətində deyil. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli, 8(004)-233/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, ərizəçi (borclu) X8 tərəfindən Bakı Şəhəri Yasamal Rayon 2(004)-7078/2018 saylı, 21.12.2018-ci il tarixli qərardadının icrasına 6 (altı) ay möhlət verilmişdir. Qeyd olunan qərardaddan narazı qalan tələbkar X6 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı, 21.12.2018-ci il tarixli qərardadının icrasına 6 ya möhlət verilməsinin heç bir hüquqi əsası yoxdur. Nəzərə alınmalıdır ki, icrasına möhlət verilməsi nəzərdə tutulmuş qərardadın qəbul edilməsinin üzərindən 2 (iki) ildən artıq müddət keçmişdir. X1 keçən 2 (iki) il müddətində hüquqlarından sui-istifadə etməklə bu günədək həmin qərardadın icrasına maneçilik törətmişdir. Bu azmış kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi də X1nun ərizəsini təmin edərək, növbəti dəfə öz qərardadının icrasına yaradılmış maneəyə dəstək olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi öz qərardadının icrasına nəzarət etməyəcəkdisə və onun icrasına suni surətdə maneçilik törətədən X5 qanunsuz və əsassız ərizəsini təmin edərək möhələt verəcəkdisə, onda nəyə görə 14 aprel 2021-ci il tarixli, 8(004)-233/2021 iş nömrəli qərardadı qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 8(004)-233/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən şikayətə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-inn 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəzıyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində qeyd edilən tövsiyyələrə görə, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qərardadın icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qərardad üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Borclunun əmlak vəziyyətini nəzərə almaqla qərardadın icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qərardadın hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qərardadı icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Məhkəmə aktlarının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə aktlarının icrasının zəruriliyi Azərbaycan Respublikasının Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Birinci instansiya məhkəməsi qərardadında Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1710/2021 saylı 01.02.2021-ci il tarixli qətnaməsinə istinad etsə də, qeyd olunan qətnamədən kassasiya şikayətinin verilib-verilməməsi və həmin qətnamənin qanuni qüvvəsini alıb-almamasını müəyyənləşdirməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1710/2021 saylı 01.02.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış olsa belə, hər bir məhkəmə qətnaməsinə dair müvafiq icra sənədləri verilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı qərardadının 21.12.2018-ci tarixdə qəbul edilməsini və həmin qərardadın 3 ilə yaxın müddətdə icra olunmamasının səbəblərini araşdırmamışdır. Qeyd olunan hallar araşdırılmadan qərardadın icrasının mümkünsüz olub-olmaması və ya qərardadın icrasına möhlət verilib-verilməməsinə məhkəmə tərəfindən hüquqi qiymət verilə bilməz. Kollegiya hesab edir ki, Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli, 8(004)-233/2021 nömrəli qərardadı ləğv edilməli, göstərilən hallar nəzərə alınmaqla Tələbkar tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda qeyd olunanları əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə, yuxarıda istinad olunan zəruri halları araşdıraraq şikayətə hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli, 8(004)-233/2021 nömrəli qərardadı ləğv edilsin. Tələbkar tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar