Məhkəmə qərarları › İş №8(103)-242/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-242/2022

11.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-242/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Babayev Fuad Fikrət oğlundn və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair həmin məhkəmənin 07 iyul 2022-ci il tarixli qərardadından Bank "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (məhkəmə) 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə Bank "xxxx" ASC-nin Borclu və X6 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbi təmin edilmiş, Borclu, X5 və onların övladı X2 Bank "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin boşaldılması, iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun Borclu və X3 müştərək qaydada tutularaq Bank "BTB” ASC-yə ödənilməsi qət olunmuş, qətnamə qüvvəyə minərək icraya yönəldilmişdir. 30 iyun 2022-ci il tarixdə məhkəməyə müraciət edən X7 həmin qətnamə əsasında verilmiş icra sənədinin icrasına 06 ay müddətinə möhlət verilməsini xahiş etmiş, ərizəni belə əsaslandırmışdır ki, hazırda həyat yoldaşı X4 36 həftə 5 günlük hamilədir və yaxın günlərdə övladının doğulması gözlənilir. Həmçinin, 2 və 7 yaşlarında 2 övladı vardır, xx.xx.2021-ci il tarixdə vəfat etmiş bacısı X1 2 uşağı da onun himayəsindədir. Yeni doğulacaq uşaqla birlikdə 5 uşaqla və xəstə valideynləri ilə mənzildən çıxarılmaları ailələrini həddindən artıq ağır duruma salacaqdır. Məhkəmənin 07 iyul 2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Həmin qərardaddan şikayət verən Bank "BTB” ASC-nin nümayəndəsi göstərmişdir ki, məhkəmə, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilin ipoteka predmeti olaraq bankın mülkiyyətinə keçdiyini, ipoteka predmetinə tutmanın yönəlməsindən 6 il, mənzilin bankın mülkiyyətinə keçməsindən 3 il müddət ötdüyünü və ərizəçinin bu müddət ərzində bütün prosessual vasitələrlə icra sənədinin icrasına maneə yaratdığını nəzərə almamış, bankın mənafeyinə zidd olan qərar çıxarmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası ərizə üzrə toplanmış materialı tədqiq edərək belə qənaətə gəlir ki, şikayət təmin edilərək mübahisələndirilən qərardad ləğv edilməli və icra sənədinin icrasına möhlət verilməsi barədə X5 ərizəsi təmin olunmamalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 231.5-ci maddəsinə görə, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Kollegiya hesab edir ki, ərizəçinin möhlət verilməsini xahiş etdiyi icra sənədi mahiyyətcə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı icraatın tərkib hissəsidir və belə olan halda həmin sənədin icrasına möhlət verilməsi üçün ipoteka saxlayanın (bankın) razılığı təqdim edilməli idi - hazırkı halda isə ipoteka saxlayan müvafiq razılığı verməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, qətnamənin icrasına möhlət verilməsi müstəsna haldır və ilk növbədə borclu barəsində yaranmış əlverişsiz hallarla əlaqədar tətbiq edilir. Həmin prosessual hüquq institutunu tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən icraya möhlət vermə, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmişdir və xüsusilə, bunu xahiş edən şəxsin əmlak vəziyyətinin icraya maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılıdır. Hazırki halda isə sübutetmə yükünün onların üzərində olmasına baxmayaraq ərizəçi maddi imkanlarının aşağı olduğuna dair hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda o, qətnamənin icrasını məhz indi daha çətin edən yaranmış əlverişsiz halları konkret göstərməmiş, möhlət verilmənin zəruriliyini əsaslandırmamışlar. Kollegiya bu konteksdə xüsusilə qeyd edir ki, ərizəçinin maddi imkansızlıqla bağlı arqumentləri hazırda, yəni qətnamənin icrası mərhələsində yaranmış hal deyildir, o, işə mahiyyəti üzrə baxılarkən də həmin hala istinad etmişdir. Bu baxımdan həmin hala qətnamənin məhz icrası anında ərizəçi barəsində yaranmış əlverişsiz hal kimi yanaşmaq mümkün deyildir. Qətnamənin icrasına möhlət verildiyi zaman həmçinin tələbkarın qətnamənin icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi də mütləq nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-639/2022 saylı iş üzrə 07 iyul 2022ci il tarixli qərardadı ləğv edilsin və həmin məhkəmənin 06 fevral 2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə X5 ərizəsi təmin olunmasın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Fuad Babayev Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar