Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-243/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş “icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarının izah olunması barədə” ərizəyə dair iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-324/2024 nömrəli qərardadından icra sənədi üzrə borclular Cavabdeh2 və Cavabdeh7 Süleyman qızının şikayətlərinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1536/2023 nömrəli qətnaməsi ilə qət olunub ki, Yasamal rayonu, X1 küçəsi, 192 №-li çoxmənzilli binada yerləşən mənzillərdə yaşayan 7 nəfərə (adları qətnamədə qeyd olunub) yeni tikilən binada mənzillər verilsin, yeni mənzillər təhvil verilənədək həmin şəxslərə kirayə haqqı ödənilsin, köhnə binanın sökülüb ərazinin təmizlənməsi İddiaçı MMC-yə həvalə edilsin, adları qeyd olunan 7 nəfər köhnə binadan çıxarılsın. Qətnaməyə əsasən icra sənədi verilib. İcra məmuru ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, qətnamədə adları qeyd olunmayan şəxslərin - borcluların ailə üzvlərinin həmin binadakı mənzillərdən çıxarılmalı olub-olmaması məsələsinə münasibətdə qətnaməyə izah verilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilməsin. Qərardadda qeyd olunub ki, qətnaməyə izah verilməsi üçün əsas yoxdur, çünki qətnamədən aydındır ki, binada yaşayan mülkiyyətçilərin ailə üzvləri də binadan çıxarılmalıdır. İcra sənədi üzrə borclular Cavabdeh2 və Cavabdeh7 Süleyman qızının şikayətlərində tələb olunub ki, qərardad ləğv edilsin və qətnaməyə izah verilməsi barədə ərizə şikayətdə qeyd olunan əsaslara görə təmin edilməsin. Şikayət onunla əsaslandırılıb ki, qətnamə qəbul edilənə qədər mülki işdə cavabdehlərin ailə üzvlərinə qarşı tələb irəli sürülməyib və cavabdehlərin ailə üzvləri üçüncü şəxs kimi işə cəlb edilməyib. Şikayətlər təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə görə, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarının 14-cü bəndindən görünür ki, qətnamə aydın olmadıqda, dəqiq olmadıqda və ya ziddiyyətli olduqda ona izah verilir. İcra sənədinin verilməsinə əsas olan qətnamədə hazırda baxılan məsələyə münasibətdə aydın və ya dəqiq olmayan, yaxud ziddiyyətli olan ifadələr və fikirlər qeyd olunmayıb. Belə ki, qətnamə ilə qət olunub ki, köhnə binanın sökülüb ərazinin təmizlənməsi İddiaçı MMC-yə həvalə edilsin. Bu, aydın şəkildə onu təsdiq edir ki, binada yaşayan bütün şəxslər, o cümlədən borcluların ailə üzvləri binadan çıxarılmalıdır, çünki bina boşaldılmadan onun sökülməsi mümkün deyil. O cümlədən qətnamənin digər göstərişləri – borclulara köhnə binadakı mənzillərin əvəzində yeni mənzillərin verilməsi və yeni mənzillər verilənədək kirayə haqqının ödənilməsi, aydın şəkildə onu təsdiq edir ki, borcluların ailə üzvləri də köhnə mənzildən çıxarılmalıdır, çünki yeni mənzil və kirayə haqqı boşaldılmış köhnə mənzilin əvəzində verilir. Beləliklə, qətnaməyə izah verilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayətlər təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)- 324/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-243/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-243/2024
12.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver