Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-243/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, 29 aprel 2025-ci il tarixli qərardadından Borclu şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: X2 alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, 29 aprel 2025ci il tarixli qərardadı ilə (hakim Kərim Xudayev) tələbkarın ərizəsi təmin edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 200 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunması qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsinin təmin edilməsi, X8 ilə Borclu arasında xx.xx.2016-cı il tarixdə 03 saylı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbsəində bağlanmış və akt qeydləri kitabında 1701 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X7 anası X5 yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Borclu X5 xeyrinə xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 200 manat alimentin tutulması qət edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5633/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsinin təmin edilməsi, X8 ilə Borclu arasında xx.xx.2016-cı il tarixdə 03 saylı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbsəində bağlanmış və akt qeydləri kitabında 1701 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X7 anası X5 yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Borclu X5 xeyrinə xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 200 manat alimentin tutulması qət edilmişdir. X3 alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə hər ay 200 manat məbləğdə müəyyən edilmişdir. 2017-ci il üzrə ölkə üzrə minimum əmək haqqı 116 manat müəyyən edilmişdir. 200 manat məbləğdə aliment 2017-ci il üçün minimum əmək haqqının 1,72 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunmalıdır. Qərardaddan Borclu (nümayəndəsi və vəkili Nümayəndə1) şikayət verərək qərardadın ləğv, tələbkarın ərizəsinin isə təmin edilməməsini xahiş edib şikayətində göstərib ki, indeksasiya qaydası məntiqsiz və qanunsuzdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, 29 aprel 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. X4 elektron kabinet vasitəsilə təqdim etdiyi şikayətə etirazında şikayətin təmin edilməməsini xahiş edib etirazını bununla əsaslandırmışdır ki, borclunun rəsmi əmək haqqısı müqavilə üzrə 1500 manat civarındadır, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının icrası nəticəsində 2025-ci il üçün müəyyənləşəcək 688 manat aliment məbləği borclunun qazancının və ya başqa gəlirlərinin mənbələrindən sadəcə birini təşkil edən əmək haqqısına nisbətdə borclunun qeyd etdiyi kimi 50%-dən çoxunu deyil, daha azını təşkil edir. Üstəlik, indeksasiya nəticəsində borclunun 2025-ci il üçün ödəməli olduğu aliment məbləğinin 688 manata çatması bu zamana qədər ödədiyi aliment məbləğinin 3.5 mislində artırılması kimi qiymətləndirilə bilinməsi mümkünsüzdür. Belə ki, o, Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci ildə nikahın pozulması haqqında çıxardığı qətnamənin qanuni qüvvəyə mindiyi andan Ailə Məcəlləsinin 110-cu maddəsini rəhbər tutmaqla, məhkəmə qaydasında yanında qalması müəyyən edilmiş uşağın saxlanılması üçün ona ödənilməsi təyin edilmiş aliment məbləğinin indeksasiyasını icra icraatı qaydasında tələb etmək hüququ olmuşdur. Ötən illərdə bu hüququndan istifadə etməməyi həmin hüququn məhdudlaşdırılması üçün əsas sayıla bilməz və bənzər halda həmin hüququ məhdudlaşdıran maddi hüquq norması mövcud deyildir. Sadəcə öncəki illərdə, aliment məbləğinin indeksasiyası qaydaları ilə bağlı səlis məhkəmə təcrübəsinin formalaşmaması bu tələb ilə çıxış etməni yubatmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.4-1-ci yarımbəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2-ci yarımbəndinə əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3-cü yarımbəndinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına 20 dekabr 2024-cü ildə edilmiş dəyişikliyə əsasən 8.4-cü bəndinə 8.4-1, 8.4-2 və 8-4.3-cü yarımbəndləri əlavə edilmişdir. Həmin yarımbəndlərin tələbinə görə...qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı ərizənin məzmunundan açıq-aşkar bəlli olur ki, o minimum əmək haqqı məbləğinin artımına əsaslanır, başqa sözlə, mahiyyəti həqiqətən indeksasiya xarakteri daşıyır. Ona görə də bu məsələnin icra icraatı qaydasında həll edilməli olması düzgün olmuşdur. Ancaq şikayətdə göstərilən dəlillər ərizənin rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki bu hal Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8-4.3-cü yarımbəndinin pozulması ilə nəticələnər. Başqa sözlə, birinci instansiya məhkəməsinin hazırkı ərizə üzrə fərqli qərar qəbul etməsi sadəcə mümkün ola bilməzdi. Ona görə də borclunun şikayətində digər qeyd edilənlərlə bağlı Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə uyğun ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ mövcuddur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, 29 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, 29 aprel 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-243/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-243/2025
02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver