Məhkəmə qərarları › İş №8(103)-244/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-244/2021

17.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-244/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 8(005)- 177/2021 saylı qərardadından borclu “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: “xxxx” MMC-nin təsisçisi və rəhbəri X1 məhkəməyə müraciət edərək “xxxx” MMCdən ləğv edilmiş “xxxx” ASC-nin xeyrinə pul vəsaitinin tutulmasına dair Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra işinin icraatının dayandırılmasını xahiş etmişdir. Müraciət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 10.03.2020ci il tarixli e-2- 2(113)-470/2020 nömrəli icra sənədinə əsasən, “xxxx” MMC-dən ləğv edilmiş “xxxx” ASC-nin xeyrinə 72049448,98 manat məbləğində pul vəsaiti tutulmalıdır. Hal-hazırda tutulması tələb olunan pul məbləğinin əmtəəsiz əməliyyat aparmaq yolu ilə mənimsənilməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində araşdırma aparılır. Buna görə də icra üzrə icraatın dayandırılması zəruridir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 8(005)- 177/2021 saylı qərardadına əsasən ərizə təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətin məzmunu icra üzrə icraatın dayandırılması haqqında müraciətin məzmununa uyğundur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 8(005)- 177/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 8(005)-177/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17 və 18-ci maddələrində icra sənədi üzrə icraatın dayandırılması əsasları sırasında ibtidai araşdırma aparılması ilə əlaqədar icraatın dayandırılması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu “xxxx” MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 8(005)- 177/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar