Məhkəmə qərarları › İş №8(103)-245/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-245/2025

02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-245/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-292/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından X4 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: X7 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-371/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borcun ayda 200 manat olmaqla hissə-hissə icra olunması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-371/2018 nömrəli icra sənədi üzrə X10 maddi ziyana görə 11.675,50 manat məbləğində pul vəsaiti, mənəvi ziyana görə 1.000 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 12.705,50 tutularaq, tələbkar X8 xeyrinə, X2 xeyrinə ziyana görə cəmi 733,50 manat, X3 xeyrinə vurulmuş maddi ziyana görə cəmi 5.141,50 manat, X6 xeyrinə vurulmuş maddi ziyana görə cəmi 2.611,50 manat, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xeyrinə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 400 manat, "xxxx" MMC-nin xeyrinə aparılmış qiymətləndirmənin dəyərinə görə 600 manat və ekspertiza tədqiqatının dəyərinə görə 200 manatın dövlət nəfinə ödənilməsi (tutulması) qərara alınmışdır. İcra sənədi üzrə iş Xətai İcra Şöbəsinə göndərilmiş və bir müddətdən sonra icra olunması üçün əmək haqqına yönəlmişdir. Tutulma əmək haqqına yönəldikdən sonra, ilk ödəniş xx.xx.2023-cü il tarixdən başlamaqla, hər ay 176 manat məbləğində ödənişlər olunmuşdur. Həmin tarixdən cari ilin fevral ayı da daxil olmaqla, ümumilikdə 2.992 manat pul vəsait ödənilmişdir ki, bu vəsaitdən 17 manat bank xidmətlərinə çıxılmış, yerdə qalan 2.975 manat isə məhkəmənin icra sənədində olan borc məbləğinə yönəlmişdir. Hal-hazırda, hər ay 175 manat deyil, 200 manat olmaqla ödəniş etmək istəyir. Çünki, yuxarıda göstərilən məhkəmə qətnaməsində nəzərdə tutulan borc ona məxsusdur və tərəfindən də ödənilməlidir. Hətta 2022-ci il tarixdə Xətai İcra Şöbəsinə vaxtında onun məktubunu nəzərə alıb əmək haqqına yönəltmiş olsa idi, indi borcundan daha çox məbləğlər silinmişdi. Ona görə də, hazırda hər ay borcunun 175 manat deyil, 200 manat olmaqla ödəmək istəyir. Lakin, məhkəmənin qətnaməsi ilə borc məbləğlərinin ümumilikdə ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının mülki-prosessual qanunverciliyin verdiyi imkanlardan istifadə etməklə, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-371/2018 nömrəli qətnaməsinin hissə-hissə icra olunması üçün müraciət edərək, bu barədə qərardadın çıxarılmasını istəyir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-292/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan X11 nümayəndəsi-vəkili Vəkil şikayət verərək, qərardadın ləğv olunması və ərizəçinin ərizəsinin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə, eləcə də MPM-nin digər normalarına istinad edən məhkəmə, ərizənin rədd olunmamasını yalnız MPM-nin 231-ci maddəsi ilə yekunlaşdırmışdır. Normanın mahiyyətindən də görünür ki, burada qətnamənin hissəhissə icrası mümkündür. Ancaq hazırki iş üzrə hakim hissə-hissə icra olunmanı borclunun şəxsi əmlak vəziyyəti ilə bağlı olmasını göstərmişdir. Birincisi, haqqında danışılan normada borclu deyil, ümumilikdə tərəflər anlayışından danışılır. Mülki prosessual hüquq münasibətlərində isə borclu anlayışı yoxdur. Burada tərəflər dedikdə, iddiaçı və cavabdeh sayılır (MPM-nin 50.1-ci maddəsi). İkincisi, maddədə borclunun şəxsi əmlakına dair hansısa bir sübutun təqdim olunması bildirilir. Yəni, işə baxmış hakim iş üzrə ərizəçinin əmlakına dair hansısa sübutun təqdim edilmədiyindən ərizənin təmin olunmaması nəticəsinə gəlmişdir. Lakin, işə baxmış hakim icra işi üzrə materiallarla tam tanış olduğunu vurğulamış, hətta icra işi ilə tanış olması üçün bir neçə dəfə məhkəmə prosesini belə təxirə salmışdı. Çünki icra işinin içərisində kifayət qədər sənədlər olmuşdur ki, X11 adına heç bir əmlak yoxdur. Necə olur ki, iş materiallarında olan sənədlərə hakim əhəmiyyət vermədən qərardad çıxarır. İkinci pozuntu, işə baxmış hakim qərardadda məhkəmə qətnaməsinin qəbul olunmasından uzun müddət keçməsini qeyd etməsidir. Ancaq bu cümlə cəmi bir abzasdan ibarətdir və bunun hazırki işə nə aidiyyətinin olması qərardadda açıqlanmır. Ümumiyyətlə MPM-nin 231-ci maddəsində qətnamənin qəbulundan uzun müddət keçməsi və ya qətnamənin yeni qəbul olunmasına dair heç bir göstəriş, tələb və ya digər imperativ qayda nəzərdə tutulmamışdır. İşə baxmış hakim bununla nə demək istməsi barədə sonradan heç bir açıqlama da qeyd etmir. Bu qaydada qərardadda qeyd olunmasının hazırki işə nə bağlılığını özü heç bilmədən belə bir cümlə işlətmişdir. Odur ki, işə baxmış hakim ümumiyyətlə qətnamənin hissə-hissə icra olunması üçün verilmiş ərizəni və həmin ərizə əsasında da icra işinin içərisində olan sübutları nə tam araşdırmış, nə düzgün qiymət vermiş, nə də ki, işin hərtərəfli araşdırılması üzrə heç bir addım atmamışdır. Maraqlı burasındadır ki, X16 vaxtı ilə çıxarılmış məhkəmə qətnanməsi üzrə onun əmək haqqına yönəldilmiş pul vəsaitinin aylıq məbləğini artırmaq niyyətində olmuşdur. Bu da hər bir halda iş üzrə tələbkarların xeyrinədir və bundan da icra məmurunun razı olmaması ağlabatan deyildir. Lakin, keçirilmiş məhkəmə proseslərinin heç birində tələbkarlardan işitrak etməmiş, eləcə də icra məmuru da olmamışdır. Belə çıxır ki, işə baxmış hakim istəmir ki, tələbkarlara ödənilməli olan məbləğ artırılsın. Bu məntiqdən başqa hansı nəticəni ortaya qoymaq olar ki, işə baxmış hakim razı olmasın ki, borclunun aylıq ödənişləri artırılsın. X9 istəyir ki, aylıq ödənişini artırsın, azaldılması ilə bağlı müraciət etməmişdir. İkinci tərəfdən, Can Aynurənin əmlaklarının vəziyyəti ilə bağlı icra işinin içərisində icra məmurunun verdiyi kifayət qədər sübutlar vardır. Bütün bunlar onu göstərir ki, işə baxmış hakim danışılan prosessual hüquq normasının kobud şəkildə pozması ilə yekun məhkəmə qərardadını qəbul etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(011)-292/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-371/2018 nömrəli icra sənədi üzrə X10 maddi ziyana görə 11.675,50 manat məbləğində pul vəsaiti, mənəvi ziyana görə 1.000 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 12.705,50 tutularaq, tələbkar X8 xeyrinə, X2 xeyrinə ziyana görə cəmi 733,50 manat, X3 xeyrinə vurulmuş maddi ziyana görə cəmi 5.141,50 manat, X6 xeyrinə vurulmuş maddi ziyana görə cəmi 2.611,50 manat, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xeyrinə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 400 manat, "xxxx" MMC-nin xeyrinə aparılmış qiymətləndirmənin dəyərinə görə 600 manat və ekspertiza tədqiqatının dəyərinə görə 200 manatın dövlət nəfinə ödənilməlidir (tutulmalıdır) Eyni zamanda iş materialları ilə müəyyən edilmişdir ki, borclu qeyd olunan icra sənədi üzrə müxtəlif tarixlərdə ödənişlər həyata keçirmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə aktı ilə X7ndan pulun tutulması müəyyən edilsə də, borclu həmin tarixdən etibarən qətnaməni icra etməmişdir. Digər tərəfdən baxılan iş üzrə borclu məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, özünün əmlak vəziyyətinin pis olması barədə, borcu dərhal ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin borclu tərəfindən verilmiş ərizədə borclunun aylıq gəliri, onun həyat şəraiti, hər ay hansı məbləğdə borcun ödənilməsinə imkanının olması qeyd edilməli olsa da, borclu hər ay hansı məbləğdə ödənişlərin edilə biləcəyini qeyd etmiş, lakin borcun hansı müddətə ödənilə bilməsini əsaslandırmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasından da göründüyü kimi, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.” Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borc məbləğini nəzərə alaraq qətnamənin borclunun xahiş etdiyi qaydada hissə-hissə icra edilməsi halında məhkəmə qərarının uzun müddət ərzində icra olunması ilə nəticələnəcəyini, bu halın isə tələbkarın mənafeyinə zidd olduğundan, eləcə də icra sənədi ağlabatan müddətdə icra edilməli olduğundan icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizənin təmin edilməsini mümkün hesab etməməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, icra vərəqəsinin icrasına çətinlik yaradan, borclu üçün yaranmış əlverişsiz hallar ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz, çünki borclunun ərizədə göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas ola bilməz. Kollegiya xüsusilə qeyd edir ki, tərəflər arasında olan məhkəmə çəkişmələri 2018-ci ildən davam edir və bu müddət ərzində X16 tərəfindən borc məbləğinin ödənilməsinə yönəlmiş heç bir əsaslı tədbirlər görülməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icra vərəqəsinin hissə-hissə icra edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X4 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-292/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar