Məhkəmə qərarları › İş №8(103)-246/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-246/2022

29.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-246/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 8(004)-426/2020 saylı iş üzrə qəbul edilmiş 04 avqust 2020-ci il tarixli qərardaddan iş üzrə tərəf olmayan X1 verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2015 saylı iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında xx.xx.2015-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən borclu (cavabdeh) Borclu MMC-dən tələbkar (iddiaçı) X4 xeyrinə 42.612,80 manat, tələbkar (iddiaçı) X3 xeyrinə isə 24.919,40 manat məbləğində pul tutulmalıdır. İcra vərəqəsi əsasında icra hərəkətlərini həyata keçirən Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsi təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət edərək qətnamənin icrasının təmin edilməsi məqsədi ilə borclu MMC-nin mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841/842, bina № 5də yerləşən 10 №-li mənzilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla təqdimatın təmin edilməsini, yuxarıda qeyd edilən mənzilin üzərinə həbs qoyulmasını qərara almışdır. Borclu MMC-nin həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmişdir. Həmin şikayətə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası da iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla (İş № 2(103)-467/2020) şikayəti təmin etməmişdir. Göründüyü kimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı qanuni qüvvəyə minmişdir. İş üzrə tərəf olmayan Gülləddin Abbasov hazırda həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gülləddin Abbasov Borclu MMC ilə xx.xx.2007ci il tarixdə bağladığı müqavilə əsasında yuxarıda qeyd edilən mənzili MMc-dən almış, mənzilin dəyərini MMC-yə ödəmişdir. Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı onun mülkiyyət hüququnu pozduğundan ləğv edilməlidir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1.). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2.). MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Sadalanan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının əsaslılığını və qanuniliyini tam həcmdə yoxlamış və yoxlamanın nəticəsi olaraq xx.xx.2020-ci il tarixdə iş üzrə qərardad qəbul etmişdir. Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadları qüvvədə olduğundan Məhkəmə hesab edir ki, Gülləddin Abbasovun verdiyi şikayət əsasında Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının əsaslılığının və qanuniliyinin apellyasiya qaydasında yenidən yoxlanılması qeyri-mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülkı və Kommersıya Kollegıyalarının xx.xx.2020-ci il tarixli, 04/2020 №-li “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənın tətbiqi məsələlərinə dair” qərardadında təsbit edilmiş hüquqi mövqeyə görə, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Məhkəmə bildirir ki, MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda hesab edilməlidir ki, Gülləddin Abbasovun qərardaddan verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkündür. Göründüyü kimi, qeyd edilən bu hallar Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamış, Rayon Məhkəməsi Gülləddin Abbasovun şikayətini qaytarmamış, şikayətə baxmış və onu təmin etməyərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə bildirir ki, Gülləddin Abbasov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından narazıdırsa o, həmin qərardadın dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etməlidir. Belə ki, MPM-nin 403.2-ci maddəsinin tələbinin mənasına görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 8(004)-426/2020 saylı iş üzrə qəbul edilmiş 04 avqust 2020-ci il tarixli qərardaddan iş üzrə tərəf olmayan X1 verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar