Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-249/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5994/2019 saylı, 19 avqust 2019-cu il tarixli qətnaməsinin hissə-hissə ödənilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5994/2019 nömrəli, 19 avqust 2019-cu il tarixli qətnaməsinin hissə-hissə, hər ay 15 manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırılmışdır ki, 2(011)-5994/2019 nömrəli iş üzrə iddiaçı "xxxx” KB ASC-nin xeyrinə ümumilikdə 663.83 AZN məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3665/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunsa da, iddia tələbi ilə bağlı dəyişiklik qət edilməmişdir. İş üzrə kassasiya şikayəti verilmədiyindən, 2(103)-3665/2020 nömrəli qətnamə icra olunması üçün Xətai rayon icra və probasiya şöbəsinə yönəldimişdir. Sözügedən qətnaməni (icra sənədi) birdəfəlik icra etmək imkanından məhrumdur. Belə ki, 2019-cu ilin yanvar ayından etibarən rəsmi olaraq işsizdir və bu barədə Xətai Rayon Məşğulluq Mərkəzində qeydiyyatdadır. Cari ilin yay aylarından etibarən müxtəlif işlərdə çalışmasına baxmayaraq, hazırkı pandemiya vəziyyəti bir çox insanın sosial rifahına, əmək fəaliyyətinə təsir etdiyi kimi, oan da təsir etmişdir. Nəticədə işsiz qalmış və hələ də işsizdir. Bu səbəbdən də, borcun hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan X3 qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 26 aprel 2021-ci -ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tələbkar "xxxx” KB ASC-nin və Xətai rayon İcra Şöbəsinin nümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayətin təmin edilməsini xahiş edən borclunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Xətai Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə uyğun olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bibrlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasınm Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi əsasında, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 haqqında arayışdan görünür ki, X4 rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxx” KB ASC-si tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli UB- Bank/PİKMD/947757 nömrəli arayışın surətindən görünür ki, X7 4311 nk BANK/17 saylı kredit müqaviləsi üzrə 14 aprel 2021-ci il tarixinə 553.3 manat əsas, 73.53 manat faiz borcu, 07 manat cərimə borcu olmaqla, cəmi 663.83 manat borcu vardır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5994/2019 saylı, 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə tutulması qət edilən məbləğin X3 tərəfindən qətnamə qüvvəyə mindiyi tarixdən etibarən keçən müddət ərzində heç bir ödəniş aparılmadığından, onun tərəfindən təklif edilən məbləğdə borcun ödənilməsi tələbkarın tələbinin uzun müddət ərzində ödənilməsinə səbəb ola biləcəyindən və tələbkarın mövqeyini nəzərə alaraq, Kollegiya hesab edir ki,X2 borcun hissə-hissə icrası üçün əsas olmadığından Xətai Rayon Məhkəməsinin hazırki iş üxrə 14 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: X3 şikayəti təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-89/2021 saylı 14 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-249/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-249/2021
03.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver