Məhkəmə qərarları › İş №8(103)-251/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-251/2021

01.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-251/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Tələbkarın vəkili-nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-33/2021 saylı, 26 fevral 2021-ci il tarixli qərardadından Borclu MMC tərəfindən verilmiş apellyasiya şikayətinə verilmiş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4006/2019 saylı 29 may 2019-cu il tarixli qərardadı ilə iddiaçı Tələbkar tərəfindən verilmiş müqavilə predmeti olan qeyri-yaşayış sahəsi daxilində inşaat konstruksiyalarının quraşdırılması, özgəninkiləşdirilməsi, divarın hörülməsi və sair tələbi ilə iddianın təmin etmə tədbiri barədə ərizəsi təmin edilmişdir. İcra sənədi Bak şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Ramiz Quliyevin icraatına daxil olmuşdur. Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən icraata xitam verilməsi haqqında 01 iyul 2019-cu il tarixli qərar qəbul edilmişdir. Qeyd olunan qərardan narazı qalan tələbkar şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-33/2021 saylı, 26 fevral 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 “icraata xitam verilməsi haqqında” 01 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4006/2019 saylı, 29.05.2019 tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi Nəsimi Rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan borclu şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki vaxtda məhkəmənin Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 “icraata xitam verilməsi haqqında” 01 iyul 2019- cu il tarixli qərarı ləğv edilməsi əsassız olmuşdur. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar Borclu MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin pozulması və s. tələbləri”nə dair iddia tələbini rədd etmişdir. Məhkəmənin iddiaçının iddia tələbinin rədd edilməsinə baxmayaraq, iddia təmin tədbirinə dair qərardadının ləğv edilməməsi Borclu MMC-yə qarşı ədalətsiz mövqe tutduğunu göstərməkdədir. Hələ, hazırkı qərardadı ilə (qətnamə çıxandan 4 ay sonra qəbul etməsi) yenidən icra hərəkətlərinin davam etdirilməsi Nəsimi Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsin absurddur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-33/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkarın vəkili-nümayəndəsi X5 şikayətə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsasən, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci bəndinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4006/2019-002 nömrəli, 29.05.2019-cu il tarixli icra sənədinin Borclu MMC tərəfindən icra edilməsi barədə icra məmuru tərəfindən akt tərtib edilsə də, sonradan cavabdeh tərəfindən işlər davam etdirilmişdir. Göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4006/2019-002 nömrəli, 29.05.2019-cu il tarixli icra sənədi tam icra edilməmiş, buna görə də, icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci bəndinə uyğun olaraq xitam verilməsinə dair əsaslar müəyyən edilmir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Göründüyü kimi, iddia tələbi rədd edildikdə məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılması imperativ xarakter daşımaqla məcburi normadır. İddia tələbi rədd edildikdə iddianın təmin olunmasını ləğv etmək isə dispozitiv xarakter daşımaqla işin hallarına uyğun olaraq tədbiq edilməsi imkanları yaradır. Hazırkı işdə isə məhkəmə haqlı olaraq, iddianın təmin olunmasını ləğv etmək üçün əsaslar müəyyən etməmiş və şikayəti təmin etməmişdir. Bundan başqa iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilsə də, qətnamə qanuni qüvvəsini almamış və hal-hazırda apellyasiya instansiyası məhkəməsində baxılır. Kollegiya qeyd edir ki, borclu şikayətində , Nəsimi Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsinə istinad etsə də, qanuni qüvvəsini almış məhkəmə qətnaməsini şikayətinə əlavə etməmiş və məhkəmə kollegiyasına təqdim etməmişdir. Belə olan halda, şikayətin dəlilləri qərardadın ləğv edilməsinə əsaslar yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, borclu tərəfindən verilmiş şikayət təmin olunmamalı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 33/2021 saylı, 26 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-33/2021 saylı, 26 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar