Məhkəmə qərarları › İş №8(103)-252/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-252/2023

28.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-252/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-440/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından X6 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3338/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə vəkil X6 tərəfindən verilmiş ərizənin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-440/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılması qərara alınmışdır. Qeyd edilən qərardaddan Ü.Yusifov tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-3338/2022 saylı iş üzrə cavabdehin nümayəndəsi və vəkili iştirak etmiş, həmin mülki iş üzrə etibarnamə və vəkil orderini təqdim etmişdir. Hesab edir ki, tərəfindən qeyd olunan sənədlər məhkəməyə təqdim olunmağı təqdirdə o, hazırki iş üzrə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə proses iştirakçısı qismində əlavə edilməzdi. Bundan başqa iş üzrə qəbul olunmuş qətnamənin mətnində də onun cavabdehin vəkili və nümayəndəsi olması qeyd edilmişdir. Tərəfindən təqdim olunmuş order və etibarnamə onun iştirakçısı olduğu 2(004)-3338/2022 saylı iş üzrə olduğundan həmin iş üzrə qəbul edilmiş qətnamənin icrasının dayandırılmasını xahiş etmişdir. Onun ərizəsi özünün şəxsi müraciəti deyildir. Ərizədə ərizəçinin ad və soyadının göstərilməməsi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirir ki, həmin ərizə elektron qaydada verildiyindən “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə ərizənin kimin tərəfindən verilməsi öz əksini tapır və onun iş üzrə hansı statusda iştirak etməsi işin materialları arasında olan sənədlərlə təsdiq olunduğundan, ərizənin sanki Ü.R.Yusifovun özünün müraciəti kimi göstərilməsi tamamilə yalnışdır. Əgər ərizənin Ü.R.Yusifov tərəfindən verilməsi öz təsdiqini tapırsa, ən azından həmin şəxsin bu işə nə aidiyyətinin olması araşdırılmalıdır. O bu iş üzrə tərəf deyil və sənədlərdən də görünür ki, o cavabdehin vəkili-nümayəndəsi olmaqla. 2(004)-3338/2022 saylı iş üzrə qeyd olunan statusda iştirak edib. Həmçinin 2(004)-3338/2022 saylı iş üzrə elektron məhkəmə sisteminə baxılsa cavabdeh X3 nümayəndəsi və vəkili kimi ilk ərizəsi pdf formatda xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə əlavə olunub və həmin ərizədə ərizənin kimin tərəfindən imzalandığı qeyd olunmuşdur. Bu ərizəsinə nə məhkəmə, nə icra məmuru tərəfindən reaksiya verilmədiyindən, təkrar olaraq isə ərizəni elektron məhkəmə sisteminə fayl şəkildə deyil, yalnız mətn şəkildə xx.xx.2023-cü il tarixli ərizəsinə reaksiya verilməsi üçün vermişdir. Hesab edir ki, məhkəmə işdə olan materialları araşdırmadan, sübutlara düzgün qiymət verməyərək mübahisələndirilən qərardadı qəbul etmişdir. Bu səbəbdən hesab edir ki, həmin qərardad ləğv olunmalıdır. Çünki, məhkəmə ərizəni verən şəxsin səlahiyyətlərinə və statusuna dair sənədləri araşdırmadan ərizəni bu əsaslarla geri qaytarması yolverilməzdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-440/2023 nömrəli 04.07..2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi, ərizə vəkil qismində X6 tərəfindən imzalanmışdır. Ərizədə ərizəçinin adı və soyadı göstərilməmiş, ərizəyə vəkilin ərizəni imzalamaq səlahiyyətlərinin olmasını təsdiq edən sənədlər – order və etibarnamə əlavə edilməmişdir. xx.xx.2023-cü il tarixli qərardaddan verilmiş şikayətdə isə ərizəçinin ad, soyadı, ata adı göstərilsə də ərizə elektron imza ilə vəkil X6 tərəfindən imzalanmış, X4 adından şikayəti imzaladığı şəxsə münasibətdə səlahiyyətini təsdiq edən order və etibarnamə isə ərizəyə əlavə edilməmişdir. Bundan əlavə, X6 tərəfindən məhkəməyə yalnız ərizə təqdim edilmiş, ona hər hansı digər sənəd, o cümlədən icra sənədi, onun verilməsinə əsas olmuş məhkəmə qətnaməsi və s. əlavə edilmişdir. Belə olan halda isə, onun proses iştirakçısı olmasını müəyyən etmək mümkün olmamışdır. Şikayətin dəlillərinə münasibətdə kollegiya hesab edir ki, səlahiyyətini təsdiq edən order və etibarnaməni ərizəyə əlavə etmək mülki-prosessual qanunvericiliyə əsasən tərəflərin vəzifəsidir. Hazırki ərizə icra icraatı qaydasında verilmiş, məhkəmənin isə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia icraatı qaydasında baxılmış mülki iş üzrə, eləcə də məhkəmənin digər hakimin icraatında olan mülki iş üzrə order və etibarnaməsinin olub-olmamasını araşdırmaq vəzifəsi müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etmişdir, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-440/2023 nömrəli 25 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar