Məhkəmə qərarları › İş №8(103)-253/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-253/2025

05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-253/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(011)-467/2025 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli qərardaddan ərizəçi (borclu) Borclu verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-7576/2015 saylı iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnamə ilə Tələbkar ilə Borclu birgə nikahından doğulmuş uşaqları – xx.xx.2010-cu il təvəllüdlü Almazın və xx.xx.2012-ci il təvəllüdlü Sübhanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə hər ay, hər bir uşağa görə 108 manat (cəmi 216 manat) sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-6919/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə, həmin aliment məbləğinin artırılmasını və hər uşaq üçün hər ay Borclu Tələbkar xeyrinə tutulan alimentin 160 manat (cəmi 320 manat) sabit pul məbləğində müəyyən edilməsini qət etmişdir. Hazırda Tələbkar ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 2(011)-6919/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında Borclu onun xeyrinə tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin həddində sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin təmin edilməsini, 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya olunmasını bu qaydada alimentin ərizə məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixindən başlayaraq tutulmasını qərara almışdır. Rayon Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinad edərək, hesab etmişdir ki, ərizə əsaslıdır. Belə ki, yuxarıda qeyd edilən xx.xx.2019-cu il tarixli qətnamə qəbul edilən zaman ölkədə minimum əmək haqqının məbləği 180 manat, uşaqlar üçün yaşayış minimumu isə 160 manat olmuşdur. Belə olan halda həmin qətnamə ilə təyin edilmiş alimentin məbləği minimum əmək haqqının məbləğinə nisbətdə (160:180=) təxminən 0,88 misli olmuşdur. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın qismən ləğv edilməsini, övladlarının yetkinlik yaşına çatanadək, xx.xx.2025-ci il tarixindən sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu yenidən xx.xx.2019-cu il tarixində ailə qurmuş və onun bir övladı da doğulmuşdur. Buna baxmayaraq o, birinci nikahdan olan övladlarına daim qayğı ilə yanaşır, alimentləri vaxtı vaxtında ödənilir, bir ata kimi öhdəliklərini yerinə yetirir. Lakin ailə vəziyyətinə görə və kredit borcunun olmasına görə o, Rayon Məhkəməsinin müəyyən etdiyi məbləğdə alimenti ödəyə bilməyəcək. Buna görə də, xahiş edir ki, alimentin məbləği onun təklif etdiyi miqdarda müəyyən edilsin. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Alimentin indeksasiyası adlı” 110-cu maddəsinin tələblərinə görə, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir (maddə 110.1.). Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir (maddə 110.2.). Ailə Məcəlləsinin “Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə” adlı 112-ci maddəsinin tələblərinə görə isə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.). İş materiallarından göründüyü kimi, hazırkı işin icraatı “alimentin məbləğinin azaldılması barədə” borclunun ərizəsi əsasında deyil, “alimentin məbləğinin indeksasiyası barədə” tələbkarın ərizəsi əsasında başlanmışdır. Odur ki, apellyasiya baxışının predmeti olan qərardadın “alimentin məbləğinin azaldılması barədə” borclunun ərizəsi əsasında deyil, “alimentin məbləğinin indeksasiyası barədə” tələbkarın ərizəsinin baxılması ilə əlaqədar qəbul edilməsini nəzərə alan Məhkəmə hesab edir ki, borclunun şikayətində qeyd edilənlər qərardadın ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də, yuxarıda göstərilənləri nəzərə alan, MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar