Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-254/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 8(001)- 245/2021 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: X2 ərizə ilə, daha sonra ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(001)-417/2017 saylı qətnaməsinin icrası məqsədi ilə hissə-hissə hər ay 1.000 ABŞ dolları məbləğində borcun ödənilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Borclu ərizəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(001)-417/2017 saylı qətnaməsi ilə ondan iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 67.027,29 ABŞ dolları məbləğində borcun tutulması qət edilmişdir. Hazırkı vaxta onun maliyyə vəziyyəti çox ağır olduğundan və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun birdəfəlik ödənilməsi mümkün olmadığından yuxarıda qeyd edilən qətnamənin icrasını dəyişdirərək borcun hissə-hissə ödənilməsini, yəni hər ay 1000 ABŞ dolları ödəməyi vicdanlı şəkildə öz üzərinə götürür. Belə ki, o ailəlidir və iki övladı var. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim M.Rüstəmli, iş № 8(001)-245/21) ərizə təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət vermişdir. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmış və göstərilmişdir ki, birinci instansiya məhkəməsi pulun borclu F.Gülafov tərəfindən dostu üçün götürüldüyünü nəzərə almamışdır. O, bu günədək borcun dostu tərəfindən tələbkara ödənildiyini zənn etmişdir. Həmçinin, tələbkarın xeyrinə qət olunmuş qərarda göstərilən məbləğ bu günədək ödənilməmişdirsə, borcun tam şəkildə tələbkara ödənilməsi hazırkı vəziyyətdə qeyrimümkündür. Bütün bunlarla yanaşı, borclu borcun hissə-hissə, yəni, hər ay üçün 1000 ABŞ dolları ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Əlavə olunmuş sənədlərdə birinci ödənişin qəbzi məhkəməyə təqdim olunur. Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərə işə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ərizəçi maddi imkanının qətnamənin icra edilməsinə imkan vermədiyini, bu səbəbdən yaranmış borcun hissə-hissə icrasını xahiş etsə də, o, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə həmçinin nəzərə almışdır ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, borclu tərəfindən icra sənədi üzrə ümumiyyətlə hər hansı məbləğdə tələbkara ödəniş edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Göründüyü kimi, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmasına dair sübutlar təqdim edilməmişdir, bu barədə şikayətdə göstərilən dəlillər əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-254/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-254/2021
09.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver