Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-255/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Tələbkarın nümayəndəsi (vəkili) X3 iştirakı ilə, Borclu «qətnamənin hissə-hissə icra olunması» barədə ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 8(006)-101/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu «qətnamənin hissə-hissə icra olunması» barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, aliment borcunun hər ay 250 manat olmaqla hissə-hissə ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar ilə 2011-ci il tarixdə nikahlarını rəsmi olaraq qeyd etdirməklə evlənib ailə qurmuşular. Birgə nikahdan 26 iyul 2012-ci il təvəllüdlü X5 anadan olmuşdır. Nəsimi Rayon Məhkəməsinin 13.01.2015-ci il tarixli qətnaməsinə əsasən Tələbkar ilə aralarında olan nikahın pozulması, 26 iyul 2012-ci il təvəllüdlü X2 Tələbkar himayəsində saxlanması və qızının saxlanması üçün 108 manat sabit pul məbləğində alimentin 01 noyabr 2014-cü il tarixdən tutularaq Tələbkar verilməsi qət edilmişdir. Sonradan Tələbkar təkrar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müəyyən edilmiş alimentin artırılaraq hər ay üçün 170 manat sabit pul məbləğində olmaqla Borclu tutularaq ödənilməsini xahiş etmiş və Nəsimi Rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsinə əsasən həmin iddia təmin edilmişdir. Qeyd edilən qətnamə əsasınsda isə icra vərəqəsi verilmişdir. Tələbkar ilk məhkəmə qətnaməsindən sonra iki il müddət ərizndə hesab nömrəsi açmadığından, həmçinin qeydiyyatda olduğu ünvan işğal altında olduğu üçün poçt ünvanı ilə həmin pulun ona göndərilməsi mümkün olmadığından o, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti Tələbkar rəsmi sənədlər vasitəsi ilə ödəyə bilməmiş, yalnız övladını gördüyü zaman alimentdən müəyyən məbləğləri Tələbkar şəxsən özünə ödəmişdir. Tələbkar tərəfindən isə müvafiq bank hesabı kartı açıldıqdan sonra o, həmin hesab nömrəsinə mütəmadi olaraq imkanın çatdığı qədər böyük məbləğlərdə ödənişləri ödəməyə başlamışdır. Hazırda borclu olaraq tələbkara ümumilikdə 3800 manatadək borcu vardır. Bu borc məhkəmə dövrü ötmüş müddətə görə yaranmışdır. Hazırda o, «xxxx» MMC-də rəsmi əmək müqaviləsinə əsasən sürücü işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Həmin əmək müqaviləsi üzrə ayda bir dəfə olmaqla əlavə reyslərə çıxdığı üçün tələbkara əlavə ödənişləri həyata keçirə bilmir. Bundan əlavə, «X9 Azərbaycan» QSC-yə kredit müqaviləsi üzrə ayda 20 manat, «xxxx» ASC ilə aralarında olan kredit müqaviləsi üzrə isə 150 manat məbləğində banka ödəniş həyata keçirir. Bundan əlavə, ailəsi ilə kirayədə yaşadığı üçün ayı 300 manat olmaqla kirayə haqqı ödəyir və həmçinin ailənin gündəlik dolanışığını da təmin etmək məcburiyyətindədir. Odur ki, hər ay uşağın saxlanılması üçün ödədiyi alimentdən əlavə, məhkəmə dövrü yığılmış borcunun da hissə-hissə ödənilməsi zərurəti ortaya çıxır. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 8(006)-101/2021 saylı qərardadı ilə (hakim Ramin Xəlilov) ərizə təmin olunmuş, Tələbkar tərəfindən aliment tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan 01 noyabr 2014-cü il tarixdən, yəni alimentin tutulmağa başladığı vaxtdan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 512/2015 saylı, 13.01.2015-ci il tarixli qətnaməsi ilə Borclu tutulan və Tələbkar ödənilməli olan borc kimi yığılmış aliment məbləğinin 16 fevral 2021-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay 250 (iki yüz əlli) manat olmaqla hissə-hissə ödənilməsi qərara alınmışdır. Qərardaddan narazı olan Tələbkar ondan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – borclunun uzun müddət qətnamənin icrasından yayınması, məhkəmənin tələbkar tərəfin mövqeyini nəzərə almaması və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Məhkəmə kollegiyası məruzəni və izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinəəsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İşdən görünür ki, birinci instansiya məhkəməsi ərizəyə tələbkarın iştirakı təmin olunmadan baxmış, sonuncunun mənafeyini nəzərə almamışdır (işə bildiriş əlavə olunsa da, onun rəsmi qaydada təqdim olunması barədə sənəd mövcud deyildir, həmçinin bildiriş rabitə orqanına məhkəmə iclasına 5 gün qalmış təqdim olunmuşdur. Halbuki, MPM-in 138.3-cü maddəsinin tələbinə görə İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir). İşdə iştirak edən şəxslərin məhkəməyə çağrılmasının qaydaları isə MPM-in 134- 138-ci maddələrində dəqiq tənzimlənmişdir. Belə ki, qeyd edilən hüquq normalarına əsasən, məhkəmə işdə iştirak edən şəxslərə, həmçinin məhkəmə bildirişini, məhkəmə aktlarını rəsmi qaydada verməlidir. Qeyd edilən məhkəmə sənədləri «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (MPM-in 9cu mad). Eyni zamanda, alimentin ödənilməsi məhz yetkinlik yaşına çatmayanların saxlanılması üçün həyata keçirildiyindən, ərizəyə baxılarkən uşaqların üstün mənafeyi də daima diqqət mərkəzində saxlanılmalıdır. Bununla yanaşı, işdən görünür ki, məhkəmə ərizəni təmin edərkən borclunun əmlak vəziyyətini araşdırmamış, bu barədə sübutlar iş materiallarına əlavə edilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi ərizəyə baxarkən icra işini tələb edərək ona baxış keçirməmiş (işdə bu barədə məlumat yoxdur), icra vəziyyətini, qətnamənin icra olunmamasının səbəblərini, borclunun maddi durumunu, habelə yuxarıda qeyd edilən digər zəruri halları tam, hərtərəfli və obyektiv araşdırmamış, qərardadı bu istiqamətdə ümumiyyətlə əsaslandırmamışdır. Qeyd edilməlidir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Qətnamənin icra edilməsi zamanı istər müddət, istərsə də icra olunacaq hissələrin məbləği və ya miqdarı müəyyən olunarkən ağlabatanlıq və ədalət prinsipi rəhbər tutulmalı, eyni zamanda nəzərə alınmalıdır ki, bu hal Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsinin qanuniliyinə və səmərəliliyinə xələl gətirməsin. Çünki, məhkəmə qərarının uzun müddət ərzində icra olunmaması daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də zidd olardı. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar tərəflərin və icra məmurunun iştirakı ilə tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu «qətnamənin hissə-hissə icra olunması» barədə ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 8(006)-101/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 8(006)- 101/2021 saylı qərardadı ləğv edilsin, iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-255/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-255/2021
08.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver