Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-255/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-100/2023 saylı, 24 may 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Tələbkar Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X2 xx.xx.2022ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin 8(011)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayətin təmin edilməsi qərara alınmışdır. Borclunun vəkili və nümayəndəsi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-100/2023 saylı, 24 may 2023-cü il tarixli qərardadı ilə borclunun qərardaddan verdiyi şikayət geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, borclu qərardaddan şikayət vermiş olsa da, şikayətin forma və məzmununa dair tələblərə riayət etməmiş, qərardaddan birinci instansiya məhkəməsinə şikayət verməli olduğu halda, apellyasiya şikayəti vermişdir. Borclu Xətai Rayon Məhkəməsinin 8(011)-100/2023 saylı, 24 may 2023-cü il tarixli qərardadından şikayət verərək ləğv edilməsini və həmin məhkəmənin 8(011)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayətə baxılaraq təmin edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılıb ki, MPM-də apellyasiya şikayətinin qaytarılması əsasları tam şəkildə, dəqiqliyi ilə göstərilmiş, həmin əsaslarda şikayətə, apellyasiya sözü yazılması və ya apellyasiya yazılmayıb şikayət yazılması ilə bağlı konkret hal nəzərdə tutulmamışdır. Bununla bağlı göstərilməlidir ki, qərardaddan şikayət verildikdə 3 gün ərzində məhkəmə həmin şikayətə baxır, şikayət əsaslıdırsa qərardadı ləğv edir, əsaslı deyildirsə 7 gün ərzində Apellyasiya məhkəməsinə göndərir. Bununla belə nəticə çıxır ki, şikayət apellyasiyaya göndərildikdə, apellyasiya yazılmadığı üçün Apellyasiya Məhkəməsinində şikayəti geri qaytarmaq hüququ yaranır, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərardadında olan mövqeyə əsasən, şikayətə apellyasiya sözü yazıldığı üçün geri qaytarılır, təkçə yalnız şikayət sözü yazılıb apellyasiyaya göndərildikdə isə, apellyasiya sözü yazılmadığı üçün Apellyasiya Məhkəməsi geri qaytarır, Bu formada şikayət uzun müddət rayon və apellyasiya məhkəməsi arasında gedib gəlməli olur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-100/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Xətai Rayon Məhkəməsinin 8(011)-100/2023 saylı, 24 may 2023-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş Borclu tərəfindən həmin məhkəmənin 8(011)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 267-ci maddəsində qeyd olunur ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinə görə isə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Sadalanan normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, qanunvericilikdə qərardadlardan “apellyasiya şikayəti”nin deyil, “şikayət” verilməsinin nəzərdə tutulması, qərardadlardan verilmiş şikayətlərə ilkin olaraq baxılmasının onu qəbul etmiş məhkəmənin səlahiyyətinə aid olmasından irəli gəlir. Bununla belə, əgər şəxsin şikayəti təmin edilməzsə, o, baxılması üçün qərardadı qəbul etmiş məhkəmə tərəfindən apellyasiya instansiyası məhkəməsinə göndərilir və şikayətdə “apellyasiya” sözünün qeyd olunmamasına baxmayaraq, prosessual tələblər gözlənildiyi təqdirdə, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin şikayət icraata qəbul edilir. Bu baxımdan yanaşıldıqda, qərardaddan verilmiş şikayətdə “apellyasiya” sözünün yazılması da şikayətə baxan birinci instansiya məhkəməsi tərəfindən onun forma və məzmununda yol verilmiş ciddi nöqsan kimi qəbul edilməli deyil. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 363-cü maddəsi apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılması ilə bağlı qaydaları kifayət qədər aydın müəyyən edərək hüquqi müəyyənlik prinsipini təmin etmişdir. Həmin maddədən də görünür ki, birinci instansiya məhkəməsinin borclunun şikayətini geri qaytararkən istinad etdiyi əsas həmin maddədə təsbit olunmamışdır. Kollegiya qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı). Beləliklə, kollegiyanın mövqeyinə görə birinci instansiya məhkəməsinin məhz qeyd olunan əsasa görə şikayətin geri qaytarılması qanunvericiliyin tələb və prinsiplərinə uyğun olmamaqla, əsassız formal yanaşmalar tətbiq edərək fiziki və hüquqi şəxslərin məhkəmə müdafiəsi hüququnu çətinləşdirən məhdudiyyətlərə yol verməməlidir. Əks yanaşma, məhkəməyə əlçatanlığın və yuxarıda sadalanan digər dəyərlərin təmin edilməsi baxımından arzuolunmaz vəziyyətin yaranmasına gətirib çıxarmaqla, dövlətin bu sahədə məqsədlərinə çatmasına əngəl törədərdi. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilərək, şikayətə baxılıb qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-100/2023 saylı, 24 may 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş Borclu tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №8(103)-255/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-255/2023
26.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver