Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-255/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş “Borclu və borclunun arvadına məxsus olan əmlakın üzərinə həbs qoyulması barədə” təqdimata dair iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-205/2025 nömrəli qərardadından Tələbkar MMC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1.Nərimanov Rayon Məhkəməsinin 2(005)-4443/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə görə, Borclu Tələbkar MMC-nin xeyrinə 6.184.633 manat pul tutulmalıdır. 2.Borclu icradan yayınmaq məqsədilə aşağıda göstərilən 4 daşınmaz əşyanı bağışlama müqaviləsi əsasında arvadı Maraqlı şəxs adına keçirib: 1) ünvan 5 mənzil № 16; 2) ünvan 3-də yerləşən qeyri-yaşayış sahəsinin 38,1 kv.m hissəsi; 3) ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası; 4) Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisində yerləşən 2074 №-li bağ evi. 3.Tələbkar MMC həmin müqavilələrin etibarsız hesab edilməsi üçün iddia qaldırıb. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, yuxarıda göstərilən 4 daşınmaz əşyaya dair bağışlama müqaviləsi etibarsız hesab olunsun, müqavilələrin əsasında borclunun arvadının adına verilmiş reyestr çıxarışları ləğv edilsin və daşınmaz əşyalar əvvəlki vəziyyətinə - borclunun adına geri qaytarılsın. Qətnamənin bu hissəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb və həmin məhkəmə tərəfindən 2(103)-6900/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi verilib. 4.Tələbkar MMC-nin “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərzəsi əsasında Nərimanov Rayon Məhkəməsinin MTT(005)-46/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə aşağıda göstərilən daşınmaz əşyaların özgəninkiləşdirilməsi qadağan olunub: 1) Nəsimi rayonu, Neftçilər prospekti, ev № 145, mənzi № 103; 2) ünvan 5 mənzil № 16; 3) ünvan 3-də yerləşən qeyri-yaşayış sahəsinin 38,1 kv.m hissəsi; 4) ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası; 5) Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisində yerləşən 2074 №-li bağ evi; 6) Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 0,12 ha torpaq sahəsi; 7) Siyəzən rayonu, Beşdam kəndində yerləşən 0,50 ha torpaq sahəsi; 8) ünvan 5 mənzil № 20; 9) ünvan 5 mənzil № 19; 10) Abşeron rayonu, Fatmayı kəndində yerləşən 1,0 ha torpaq sahəsi; 11) Abşeron rayonu, 3 nömrəli Zeytun Sovxozunun ərazisində olan 1,4719 ha və 2,5328 ha torpaq sahəsi. İcra məmurunun təqdimatı 5.İcra məmurunun xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuş təqdimatında aşağıda göstərilənlər xahiş olunub: 6.Birinci, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6900/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Nərimanov Rayon Məhkəməsinin MTT(005)-46/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə özgəninkiləşdirilməsi qadağan olunmuş əmlakların üzərindən qadağa götürülsün. 7.İkinci, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4443/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan aşağıdakı 3 daşınmaz əşyanın üzərinə həbs qoyulsun: 1) ünvan 5 mənzil № 16; 2) ünvan 3 ünvanında yerləşən 38,1 kv.m qeyri-yaşayış sahəsi; 3) Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 4T ünvanında yerləşən qeyri-yaşayış sahəsi. 8.Üçüncü, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4443/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu arvadı Safura Adıgözəlovanın adında qeydiyyatda qalan aşağıdakı 3 daşınmaz əşya Borclu adına qayıtdıqdan sonra onların üzərinə dərhal həbs qoyulsun: 1) ünvan 5 mənzil № 20; 2) Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev№ 111, mənzil № 19; 3) Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi, 2074 nömrəli bağ evi. Birinci instansiya məhkəməsinin qərardadı 9.Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4443/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borcluya məxsus olan, aşağıda göstərilən 2 daşınmaz əşyanın üzərinə həbs qoyulsun: 1) Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 4T ünvanında yerləşən, sahəsi 383,20 kv.m olan qeyri-yaşayış sahəsi; 2) ünvan 3 ünvanında yerləşən, sahəsi 263,84 kv.m olan qeyri-yaşayış sahəsi 10.Təqdimatın qalan hissəsi təmin edilməyib. Qərardadın həmin hissəsi belə əsaslandırılıb ki, ünvan 5 mənzil № 20, ünvan 5 mənzil № 19 və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisində yerləşən 2074 №-li bağ evi borcluya məxsus olmadığından təqdimat həmin əmlaklara münasibətdə təmin edilməməlidir. Bununla yanaşı, təqdimat həmin hissədə həm də ona görə təmin edilməməlidir ki, üzərinə həbs qoyulmuş əmlakın üzərindən qadağanın götürülməsi icra məmurunun təqdimatı əsasında deyil, tələbkarın ərizəsi əsasında olmalıdır. Tələbkarın şikayəti 11.Tələbkar MMC-nin şikayətində tələb olunub ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı icra məmurunun təqdimatının təmin edilməyən hissəsində ləğv edilsin və təqdimat tam təmin olunsun. 12.Birinci instansiya məhkəməsi şikayətə baxaraq onu təmin etməyib və şikayəti işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 13.Təqdimat aşağıda göstərilən 6 daşınmaz əşyaya münasibətdə verilib: 1) ünvan 5 mənzil № 16; 2) ünvan 3 ünvanında yerləşən 38,1 kv.m qeyri-yaşayış sahəsi; 3) Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 4T ünvanında yerləşən qeyri-yaşayış sahəsi; 4) ünvan 5 mənzil № 20; 5) ünvan 5 mənzil № 19; 6) Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi, 2074 №-li bağ evi. 14.Birinci instansiya məhkəməsi 2 və 3-cü daşınmaz əşyalara münasibətdə təqdimatı təmin edib, 1, 4, 5 və 6-cı daşınmaz əşyalara münasibətdə isə təqdimatı rədd edib. Qərardadın yoxlanılması ilə bağlı məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Birinci daşınmaz əşya barədə 15.Birinci instansiya məhkəməsi ünvan 5 mənzil № 16-ya münasibətdə təqdimatın rədd edilməsinin səbəbini qərardadda göstərməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264.0.5-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələrin səbəbləri qərardadın məzmununda göstərilməlidir. Ona görə də qərardad həmin daşınmaz əşyaya aid olan hissədə ləğv edilməli və bu hissədə təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. 16.Məhkəmə həmçinin qeyd edir ki, həmin mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi icra məmurunun təqdimatı əsasında mümkündür. Belə ki, qadağa götürülmədən Bakı Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş 2(103)-6900/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrası, yəni bu mənzilin borclunun adına qaytarılması mümkün deyil. İcra məmuru icra sənədini icra etmək vəzifəsi daşıyır, odur ki, icra məmuru qadağanın ləğv edilməsini tələb də bilər. 17.Bununla yanaşı, məhkəmə qeyd edir ki, həmin mənzilin üzərinə həbs qoyulması mümkündür, çünki mənzil borcluya məxsusdur, bunu təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Belə ki, borclu mənzili arvadına bağışlasa da, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin borclunun adına geri qaytarılması barədə qətnamə qəbul olunub və Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-6900/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi verilib. İkinci və üçüncü daşınmaz əşyalar barədə 18.Birinci instansiya məhkəməsi ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 4T ünvanında yerləşən qeyriyaşayış sahəsinə münasibətdə təqdimatı təmin edib. Qərardadın təqdimatın təmin edilməsinə aid hissəsi mübahisələndirilmədiyinə görə, qərardadın əsaslılığı həmin hissədə yoxlanılmadı. Məhkəmə qeyd edir ki, təqdimatda ünvan 3 ünvanında yerləşən 38,1 kv.m qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması xahiş olunsa da, məhkəmə həmin ünvanda yerləşən 263,84 kv.m qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmasını qərara alıb, işdə iştirak edən şəxslər isə bunu mübahisələndirməyib. Dördüncü və beşinci daşınmaz əşyalar barədə 19.Birinc instansiya məhkəməsi Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev № 111də yerləşən 19 və 20 №-li mənzillərə münasibətdə təqdimatı ona görə rədd edib ki, həmin mənzillər borcluya məxsus deyil. Müəyyən olunur ki, mənzillər həqiqətən də borclunun adına deyil, onun arvadının adınadır. İcra məmurunun təqdimatında xahiş olunub ki, borclunun arvadının adına qeydiyyatda qalan bu mənzillər borclunun adına qayıtdıqdan dərhal sonra mənzillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilsin. Lakin həmin mənzillərin borclunun arvadının adından çıxarılaraq borclunun adına qaytarılması barədə məhkəmə aktı yoxdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6900/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə görə 4 daşınmaz əşyaya münasibətdə borclu və boclunun arvadının arasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin daşınmaz əşyalar əvvəlki vəziyyətinə – borclunun adına qaytarılmalıldır. Qeyd olunan 19 və 20 №-li mənzillər həmin 4 daşınmaz əşyaya aid deyil. Ona görə də birinci instansiya məhkəməsi bu mənzillərə aid hissədə təqdimatı təmin etməməklə düzgün nəticəyə gəlib. 20.Məhkəmə həmçinin qeyd edir ki, “İcra haqqında” Qanunun 45.8-ci maddəsinə görə, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Borclunun arvadının adına qeydə alınmış 19 və 20 №-li mənzillərdə borclunun payı varsa, əvvəlcə pay müəyyən edilməli, bundan sonra həmin payın üzərinə həbs qoyulmalıdır. Lakin borclunun payının müəyyən edilməsi barədə tələb irəli sürülməyib. 21.Bununla yanaşı, məhkəmə qeyd edir ki, ərin (borclunun) öhdəliyinə görə tutmanın arvadın əmlakına yönəldilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsinə müəyyən edilmiş əsas olamalıdır, yəni alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilməlidir. Lakin alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğunun müəyyən edilməsi barədə tələb irəli sürülməyib. Altıncı daşınmaz əşya barədə 22.Birinci instansiya məhkəməsi Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi, 2074 nömrəli bağ evinə münasibətdə təqdimatı ona görə rədd edib ki, həmin bağ evi borcluya məxsus deyil. 23.Qərardad bağ evinə aid olan hissədə ləğv edilməli və bu hissədə təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. 24.Belə ki, bağ evinin üzərinə həbs qoyulması mümkündür, çünki bağ evi borcluya məxsusdur, bunu təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Belə ki, borclu bağ evini arvadına bağışlasa da, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, evin borclunun adına geri qaytarılması barədə qətnamə qəbul olunub və bu barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-6900/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi verilib. 25.Məhkəmə həmçinin qeyd edir ki, bağ evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi icra məmurunun təqdimatı əsasında mümkündür. Belə ki, qadağa götürülmədən Bakı Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş 2(103)-6900/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrası, yəni bağ evinin borclunun adına qaytarılması mümkün deyil. İcra məmuru icra sənədini icra etmək vəzifəsi daşıyır, odur ki, icra məmuru qadağanın ləğv edilməsini tələb də bilər. Özgəninkiləşdirməyə qoyulmuş qadağanın götürülməsi barədə 26.Birinci instansiya məhkəməsi təqdimatın bu hissəsini rədd edib. Lakin məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6900/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün həmin icra sənədində göstərilən 4 daşınmaz əşyanın özgəninkiləşdirilməsinə Nərimanov Rayon Məhkəməsinin MTT(005)-46/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı qoyulmuş qadağanın götürülməsi zəruridir, əks təqdirdə icra sənədinin icra edilməsi, yəni 4 daşınmaz əşyanın borclunun arvadının adından borclunun adına qaytarılması mümkün olmayacaq. Ona görə də qərardad 4 daşınmaz əşyanın özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsindən imtina edilməsi hissəsində ləğv edilməli və həmin hissədə təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. 27.Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət qismən təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-205/2025 nömrəli qərardadı göstərilən hissələrdə ləğv edilsin və həmin hissələrdə iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin: 1) təqdimatın Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6900/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün həmin icra sənədində göstərilən 4 daşınmaz əşyanın özgəninkiləşdirilməsinə Nərimanov Rayon Məhkəməsinin MTT(005)-46/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə qoyulmuş qadağanın götürülməsi barədə hissəsinin rədd edilməsi hissəsində; 2) təqdimatın Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev № 111-də yerləşən 16 №-li mənzilin üzərinə həbs qoyulması barədə hissəsinin rədd edilməsi hissəsində; 3) təqdimatın Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisində yerləşən 2074 №-li bağ evinin üzərinə həbs qoyulması barədə hissəsinin rədd edilməsi hissəsində. Qərardad qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-255/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-255/2025
05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver