Məhkəmə qərarları › İş №8(103)-257/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-257/2025

04.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-257/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 8(003)-19/202* nömrəli, 11.04.202*-ci il tarixli qərardadından ərizəçi X9 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: X1 Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən şikayətlə məhkəməyə müraciət edərək icra məmuru Elvin Fərzəliyevin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən edilmiş aliment məbləğinin (hər ay əməkhaqqısının və əlavə gəlirlərinin 1/3 hissəsi) ödənilməsindən 2019-cu ilin may ayından 2023-cü ilin yanvar ayı da daxil olmaqla olan müddətdə tamamilə azad edilərək həmin dövr üçün hesablanmış aliment borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 8(003)-19/202* nömrəli, 11.04.202*-ci il tarixli qərardadı ilə X9 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi X9 şikayət verərək qərardadın qismən ləğv edilməsini, icra məmuru Elvin Fərzəliyevin onun xx.xx.2019-2*.0*.2023-cü il dövrlər üçün olan müddətdə aliment borcundan azad edilərək həmin dövrlər üzrə hesablanmış aliment borcunun silinməsi (aliment borcundan azad olunmağı) tələbindən imtinasına dair hərəkətlərinin də qanunsuz hesab edilməsi və onun xx.xx.2012 -ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının və əlavə gəlirlərinin 1/3 hissəsi məbləğində tutulması müəyyən edilən alimentin ödənilməsindən xx.xx.2019- 2*.0*.2023-cü il dövrləri əhatəedən müddət üçün tamamilə azad edilərək həmin dövrlər (xx.xx.2019-2*.0*.2023-cü il) üzrə hesablanmış aliment borcunun silinməsi (aliment borcundan azad olunmağı) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət ərizəmdəki tələbimlə bağlı yenidən icra məmuruna müraciət etməyi (halbuki icra məmuruna yazılan ərizədə aliment borcundan azad olma, borcun silinməsi və s. mövcud olub) və icra məmurunun da yenidən imtina etməsi (bu hal istisna olunmur) onun yenidən həmin tələblə icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verəcəyinə, beləliklə məhkəmədə əlavə bir işin artacağına, həmin dövr üçün aliment borcunun əsassız tutulmasına davam edəcəyinə və s. səbəb olacaq. Bir-biri ilə sıx əlaqəli olan tələblərin-şikayətin 2-ci hissəsinin təmin olunmaması, bunun “icra məmuru ərəfindən həll edilməli məsələ” olduğunu göstərməsi başa düşülən olmamaqla (çünki elə məhz icra məmuru xahişini təmin etmədiyindən, onu sözügedən dövrlər üçün aliment borcundan azad etmədiyindən o bu ərizə ilə məhkəməyə müraciət etmişdir) onun vətəndaş olaraq hüquqlarını pozmuşdur. Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 8(003)-19/202* nömrəli, 12.0*.202*-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, 16.0*.2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X* əməkhaqqısının və əlavə gəlirlərinin 1/3 miqdarında alimentin X3 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Qaradağ rayon məhkəməsinin 30.0*.2024-cü il tarixli 2(002)- 1201/2024 saylı qətnaməsindən görünür ki, X9 2(002)-2049/2019 saylı qətnamə əsasında yetkinlik yaşına çatanadək uşaqların saxlanması üçün müəyyən olunmuş əməkhaqqısının (başqa gəlirlərinin) 1/3 miqdarında alimentin ödənilməsindən 2019-cu ilin may ayından 2023-cü ilin fevral ayının 1-dək dövr ərzində azad edilməsi və həmin dövr üçün hesablanmış aliment borcu silinməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya məhkəməsinin 2(103)-476*/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, X9 2019-cu ilin may ayından 2023-cü ilin yanvar ayı da daxil olmaqla olan müddətdə aliment borcundan azad edilməsi və həmin borcun silinməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsi Qaradağ rayon məhkəməsinin e-2(002)-1201/2024 saylı 30.0*.2024-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Eyni zamanda bu iddianın yalnız icra qaydasında həll oluna biləcəyini qərara almışdır. İş materiallarında olan X6 tərəfindən İcra şöbəsinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, X9 ilə razılığa gəlmiş, 2(002)-2049 saylı icra sənədi ilə bağlı məcburi icra tədbirlərinin tətbiq edilməməsi xahiş edilmiş,hər hansı şikayəti yarandığı halda müraciət edəcəyi bildirilmişdir. X6 tərəfindən İcra şöbəsinə təqdim edilmiş 2*.0*.2023-cü il tarixli ərizədən görünür ki, X9 ilə ayrı yaşayırlar və alimentin tutulmasında köməklik etmələrini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.*-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi X6 xx.xx.2019-cu il tarixli ərizə ilə icra şöbəsinə müraciət edərək icra sənədi üzrə icra işlərinin aparılmamasını xahiş etmişdir. Daha sonra 2*.0*.2023-cü il tarixdə ərizə ilə müraciət edərək alimentin ödənilməsində kömək edilməsini xahiş etmişdir. Hazırda borclu məhkəməyə müraciət edərək icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və Nağıyeva Süsənbər ilə birgə yaşadıqları dövr üçün alimentin ödənilməsindən azad edilməsini və aliment borcunun silinməsini xahiş etmişdir. Nağıyeva Süsənbər tərəfindən ərizə yazılaraq müvafiq dövrdə alimentin tutulmaması xahiş edilsə də, icra məmuru tərəfindən aliment hesablanarkən həmin dövrün də daxil edilməsi qanunsuzdur. Belə olan halda, icra məmuru Elvin Fərzəliyev tərəfindən 2019-cu ilin may ayından 2023-cü ilin yanvar ayı da daxil olmaqla olan müddətdə alimentin hesablanaraq tutulması hərəkəti qanunsuzdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, X1 məhkəmədən Nağıyeva Süsənbər ilə birgə yaşadıqları dövr üçün alimentin ödənilməsindən azad edilməsini və aliment borcunun silinməsini xahiş etsə də, şikayətin bu hissəsini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, alimentin ödənilməsindən müvafiq dövr üçün azad edilmə və aliment borcunun silinməsi yalnız icra məmuru tərəfindən həll edilən məsələdir. Yəni, məhkəmə həmin dövr ərzində alimentin hesablanmalı olmamasını müəyyən etməklə icraçının hərəkətlərinin qanunsuz hesab edilməsi qənaətinə gəlmiş və bu hissədə dügün hesablamanın icra məmurunun birbaşa vəzifəsi olduğundan həmin dövrün nəzərə alınmaqla hesablamanı düzgün etməsi üçün yenidən hesablama vəzifəsini onun üzərinə qoymuşdur. Belə olan halda məhkəmənin özünün alimentin hesablayaraq həmin dövr üzrə silməsi barədə qənaətə gəlməməsi qanuni və əsaslıdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 8(003)-19/202* nömrəli, 11.04.202*-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 8(003)-19/202* nömrəli, 11.04.202*-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar