Məhkəmə qərarları › İş №8(103)-258/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-258/2021

09.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-258/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-254/2018 saylı, 05 mart 2021-ci il tarixli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-254/2018 saylı, 19 mart 2018-ci il tarixli qərardadı ilə Nəsimi Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı təmin edilmiş, Borclu adına olan “VAZ-21074” minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Hazırda maraqlarına toxunan şəxs Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək faktiki istifadəsində olan “VAZ-21074” minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir, məhkəmənin 05 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Maraqlı şəxs həmin qərardaddan verdiyi şikayət də məhkəmənin 03 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazimi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərə əsasən, “VAZ-21074” minik markalı, **- MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu mülkiyyətindədir və onun adından 02.08.2010-cu il tarixdə Maraqlı şəxs həmin avtomobili idarə etmək, həmçinin ona dair sərəncam vermək hüquqlarını ehtiva edən etibarnamə vermişdir. Aşağıda şərh olunanlara əsasən kollegiya hesab edir ki, Maraqlı şəxs həmin etibarnamə əsasında sözügedən avtomobilin mülkiyyətçisi olmamış və birinci instansiya məhkəməsi haqlı olaraq onun ərizəsini təmin etməmişdir. Belə ki, Mülki Məcəllənin 181.1 və 181.4-cü maddələrinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli fərmanı ilə “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları” təsdiq edilmişdir. Buna görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin sadalanan müddəalarını rəhbər tutmaqla hesab edir ki, avtomobil daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı əmlak olduğundan onun alqı-satqısına dair müqavilələr notariat qaydasında bağlanılmalıdır. Mülkiyyətçinin adından hər hansı bir şəxsə avtomobillə bağlı müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamənin verilməsi isə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qəbul edilə bilməz. Həmin etibarnamə Mülki Məcəllənin 362.1-ci maddəsində də nəzərdə tutulduğu kimi yalnız özündə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkaləti ehtiva edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-254/2018 saylı, 05 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar