Məhkəmə qərarları › İş №8(103)-260/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-260/2021

09.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-260/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-78/2021 saylı, 01 mart 2021-ci il tarixli qərardadından Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elvin Qulubəylinin 19.01.2021-ci il tarixli qərarına əsasən Borclu 15.04.2020-ci il tarixdə öldüyündən Bakı şəhəri 43 saylı Notariat Kontorunun 399 nömrəli, 17.01.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. Həmin qərardan tələbkar “xxxx” ASC şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-78/2021 saylı, 01 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsinə dair 19.01.2021-ci il tarixli qərarı ləğv edilmişdir. Həmin qərardaddan Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi şikayət verərək, şikayətin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin eyni saylı, 19 aprel 2021-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakları olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri 43 saylı Notariat Ofisinin 16 yanvar 2021-ci il tarixdə Borclu ümumilikdə 2407.93 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq «xxxx» ASC-nə ödənilməsinə dair reyestrdə 8İ-399 nömrə ilə qeyd edilməklə icra qeydi aparılmış və icrasının təmin edilməsindən ötrü aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. 18.01.2021-ci il tarixdə icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elvin Qulubəylinin 19.01.2021-ci il tarixli qərarına əsasən Borclu 15.04.2020-ci il tarixdə öldüyündən Bakı şəhəri 43 saylı Notariat Kontorunun 399 nömrəli, 17.01.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək dayandırılır. Qanunun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 31-ci maddəsinə görə isə, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Rayon məhkəməsi hazırkı iş üzrə düzgün nəticəyə gələrək qeyd etmişdir ki, icra məmuru tərəfindən müvafiq qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl olunmamış, icra icraatına xitam verilərkən düzgün nəticəyə gəlməsi üçün mühüm əhəmiyyəti olan faktiki hallar (borcu qaytarmaq vəzifəsinin borclunun hər hansı vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçməməsi və s. hallar) aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, icra qurumunun qərarının qüvvədə saxlanılması tələbkarın mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini də pozur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35). Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.). Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsinə dair 19.01.2021-ci il ləğv etməkdə haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-78/2021 saylı, 01 mart 2021-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar