Məhkəmə qərarları › İş №8(103)-262/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-262/2021

09.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-262/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Tələbkar X1, Borclu “xxxx” MTK-nın vəkili X3 iştirakı ilə, Borclu “xxxx” MTK tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 8(004)-191/2021 saylı qərardadından verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-815/2011 saylı, 07.01.2011-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə və 7-ci Alatava küçələrinin kəsişməsində tikilmiş binanın ümumi sahəsi 116 kv.metr olan 107 nömrəli mənzilinin cavabdeh “xxxx” MTK tərəfindən boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsi, həmin mənzildə aparılan tikinti-təmir, rekonstruksiya işlərinin dayandırılması qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Borclu “xxxx” MTK ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07.01.2011-ci il tarixli, 2(004)-815/11 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi, 20 aprel 2006-cı il tarixdə Tələbkar ilə “xxxx” MTK arasında bağlanmış müqavilə ilə ödənildiyi qeyd olunan 34758 manat pulun “xxxx” MTK tərəfindən tələbkara 6 ay müddətində hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırımışdır ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə və 7-ci Alatava küçələrinin kəsişməsində yerləşən yaşayış binası “xxxx” MTK tərəfindən “Respublika” qəzeti redaksiyası ilə 08 aprel 2005-ci il tarixdə bağlanmış müqavilə əsasında inşa edilib qurtardıqdan sonra yaşayış binası və mənzil sahələri üzərində sahiblik, istifadə və sərəncam hüququ yaranmadığından yaşayış sahəsi “Respublika” qəzeti redaksiyasına təhvil verildiyindən qətnamənin icrası mümkün olmamışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 8(004)-191/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan borclu “xxxx” MTK tərəfindən verilmiş şikayət həmin məhkəmənin 19 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclu “xxxx” MTK-nın vəkili X4 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında tələbkar X2 şikayəti qəbul etməyərək, təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, son olaraq işə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2011-ci ildə baxılaraq, onun xeyrinə qərar olunmasına baxmayaraq, 10 ildir ki, qərar icra edilmir. Borclu əsassız olaraq, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Xahiş etdi ki, şikayət təmin edilməsin. Məhkəmə kollegiyası borclunun vəkilin, tələbkarı dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 8(004)-191/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Həmin Məhkəmənin «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və həmin qərarlarında Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Borclu mübahisəli mənzilin 2008-ci il tarixdə “Respublika” qəzeti redaksiyasına verilməsini bildirsə də, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olmuş 2(004)- 815/2011 saylı mülki işdə olan məhkəmə qərarlarından görünür ki, borclu bu barədə heç bir instansiya məhkəməsinə məlumat verməmişdir. Eyni zamanda hal-hazırda da mübahisəli mənzilin “Respublika” qəzetinin istifadəsinə verilməsi səbəbi ilə icrasının mümkün olmamasını təsdiq edən sübutlar borclu tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, belə halın mövcud olduğu halda belə tələbkar tərəfindən 2006-cı ildə mənzilin dəyəri olaraq ödənilmiş vəsaitin bugün də mənzilin dəyəri kimi qəbul edilməsi ədalətsizdir. Belə ki, hamıya bəlli olan hal, yəni Respublikada baş vermiş manatın devalvasiyası nəticəsində daşınmaz əmlakların dəyərində 2006-cı ildən hal-hazıradək kəskin bahalaşma baş vermişdir. Kollegiya qeyd edir ki, borclunun şikayətə əlavə etdiyi lazımi qaydada təsdiq olunmamış surət olan sənədlər, qüvvədə olan məhkəmə qətnaməsinin icra üsulunun dəyişdirilməsinin mötəbər sübutu kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu “xxxx” MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 8(004)-191/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar