Məhkəmə qərarları › İş №8(103)-265/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-265/2021

14.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-265/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.03.2016-cı il tarixli 2(001)- 4376/2016 saylı məhkəmə əmrinin icrasına möhlət verilməsi barədə ərizəyə baxılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 8(001)-255/2021 saylı qərardadından borclunun şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli 2(001)- 4376/2016 saylı məhkəmə əmrinə əsasən 08 mart 1981-ci il tarixdə Şamaxı rayonu, Məlcək kəndində doğulmuş, Şamaxı rayonu, Məlcək kəndində qeydiyyatda olan X3, 08 aprel 1989cu il tarixdə Şamaxı rayonu, Məlcək kəndində doğulmuş, Şamaxı rayonu, Məlcək kəndində qeydiyyatda olan X5, 18 yanvar 1985-ci il tarixdə Şamaxı rayonu, Çağan kəndində doğulmuş ünvan 1 ünvanda qeydiyyatda olan X6 və 23 avqust 1979-cu il tarixdə Qazı- Məhəmməd şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X7 müştərək qaydada ödənilməmiş 8.532,86 ABŞ dolları əsas borc, 2.530,94 ABŞ dolları faiz borcu cəmi 11.063,80 ABŞ dolları borc (manatın ödəniş gününə olan məzənnəsi ilə) və ödənilmiş 20 manat dövlət rüsumu tələbkar BOKT “xxxx” MMC-nin xeyrinə tutulmuşdur. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli 2(001)-4376/2016 saylı məhkəmə əmrinin icrasına 90 gün müddətində möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli 2(001)-4376/2016 saylı məhkəmə əmri ilə kreditor BOKT “xxxx” MMCnin borclular X8, X9, X11 və X12 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması”na dair məhkəmə əmri təmin olunmaqla, borclular X3, X5, Qədimov oğlundan və X7 müştərək qaydada ödənilməmiş 8.532,86 ABŞ dolları əsas borc, 2.530,94 ABŞ dolları faiz borcu, cəmi 11.063,80 ABŞ dolları borc (manatın ödəniş gününə olan milli məzənnəsi ilə) və ödənilmiş 20 manat dövlət rüsumu tələbkar BOKT “xxxx” MMC-nin xeyrinə tutulmuşdur. Binəqədi Rayon Məhkəməsi tərəfindən iş üzrə 11 mart 2016-cı il tarixdə 2(001)- 4376/2016 saylı icra vərəqəsi verilmişdir. Mülki işin icrası hal-hazırda Şamaxı rayon icra şöbəsində həyata keçirilir. Hazırki vəziyyətdə o, işsizdir, himayəsində 6 azyaşlı uşağı var, həyat yoldaşı işləmir, maddi vəziyyətləri işin icrasının həyata keçirilməsinə imkan vermir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 8(001)-255/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan borclunun verdiyi şikayət təmin olunmayaraq, məhkəmənin 20.05.2021-ci il tarixli qərardadı ilə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının icrasına möhlət verilməsi mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Başqa sözlə, məhkəmə aktının icrasına möhlət verilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə, tələbkarın mənafeyinə uyğun gəlmir və bu baxımdan da tələbkarın mənafeyini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qənaəti dogrudur. Kollegiya onu da nəzərə alır ki, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə əmrinin qəbul edilməsindən artıq 5 il keçmiş olsa da, borclu tərəfindən icra sənədi üzrə ümumiyyətlə hər hansı məbləğdə ödəniş edilməmişdir. Həmçinin məhkəməyə 01.04.2021-ci il tarixdə daxil olmuş ərizəsində borclu 90 gün möhlət verilməsini xahiş etmişdir ki, 01.07.2021-ci il tarixdə artıq 90 gün müddət keçmiş olacaqdır, yəni borclu faktiki olaraq istədiyi müddətdə möhləti əldə etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Göründüyü kimi şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 8(001)-255/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar