Məhkəmə qərarları › İş №8(103)-266/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-266/2021

14.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-266/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-230/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadından Bakı şəhər Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(001)- 5277/2020 saylı icra sənədinə əsasən, Borclu 54107 manat alınaraq Tələbkar MMC-yə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyev təqdimatla məhkəməyə müraciət edərək Borclu arvadı X1 mülkiyyətində olan “Mitsubishi Mirage” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu arvadı X1 adına “Mitsubishi Mirage” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş, icra sənədinin icrasını təmin etmək məqsədi ilə həmin avtomobilin üzərinə həbs qoyulması zərirəti yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-230/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Bakı şəhər Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 həmin qərardaddan şikayət verərək, ləğv edilməsi və təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-230/2021 saylı, 24 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması vaxtı və yeri haqqında tərəfə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin Qanunun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasının təmin etmək üçün həbs qoyulur. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, təqdimata əlavə edilmiş sənədlərdə üzərinə həbs qoyulması nəzərdə tutulmuş əmlakın Borclu ilə X1 birgə mülkiyyəti olduğunu, habelə, avtomobilin mülkiyyətçisini təsdiq edən sübuta rast gəlinmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. Əvvəla Borclu X2 ilə nikahda olması o demək deyil ki, qeyd olunan avtomobil onların ümumi birgə mülkiyyətindədir yaxud birgə nikah dövründə əldə edilmişdir. Bu hal iş materialları ilə təsdiq olunmur. Bu cür vəziyyətdə, yəni borclu olmayan şəxsin avtomobilin üzərinə həbs qoyula bilməz. İkincisi, "İcra haqqında" Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Təqdimata borclunun pul vəsaitlərinin və başqa sərvətinin olmamasına dair hər hansı bir sübut əlavə edilməmişdir. Borclunun pul vəsaitlərinin olmasını tələbkar da inkar etmir. Üçüncüsü, “İcra haqqında" Qanunun 48.1-ci maddəsinə əsasən tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Demək bu normada borclunun başqa əmlakı kifayət etmədikdə, tələbin girov qoyulmuş əmlaka yönəldilməsini mümkün edir. Borclunun başqa əmlakının ümumiyyətlə olub-olmaması isə təqdimatdan və əlavə edilmiş sənədlərdən görünmür. Bu cür vəziyyətdə tələbin ilk növbədə borclu ilə nikahda olan şəxsin mülkiyyətində olan avtomobilə yönəldilməsinə dair təqdimat verilməsi isə anlaşılan olmamışdır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-230/2021 saylı, 31 mart 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 88(001)-230/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar