Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-266/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov X7 Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, X1nın “icra sənədinin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icra edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-335/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı X1 ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək borclunun işsiz, maddi durumunun aşağı vəziyyətdə olması, himayəsində yaşlı nənəsi və anası olması nəzərə alınmaqla icra sənədi üzrə borcu birdəfəlik ödəmək imkanına malik olmaması və bu səbəbdən də borcun tutulmasının aylıq 300 manat həddində müəyyən edilməsi xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-335/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 231.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(004)-829/2023 nömrəli icra vərəqəsinə əsasən müəyyən edilir ki, cavabdeh X2 12629,47 Avro məbləğində vəsait, mediasiya prosedurasına ödənilmiş 50 manat və dövlət rüsumu olaraq ödənilmiş 109 manat pulun tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin ümumi məbləği 12629,47 avrodur (təxminən 25000 manat). Əgər icra sənədinin icra üsulunu ərizədə qeyd olunduğu kimi müəyyən edilsə, o zaman ümumi icra sənədinin icrası 83 ay, yəni 7 il ərzində həyata keçiriləcəkdir. Həmin ödəniş qrafikinin də sistemli, davamlı şəkildə keçirilib-keçirilməyəcəyi qeyri-müəyyəndir. Məhkəmə ərizəçiyə hüquqi baxımdan kömək etmək niyyətində olsa da, ərizəçiyə izah edir ki, məhkəmənin özü də qanundan və mövcud məhkəmə təcrübəsindən asılıdır, hakimin öz istədiyi formada hərəkət etmək imkanı istisna olunur. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses tərəflərindən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, hazırki iş üzrə sübutetmə yükü ərizəçinin üzərindədir. Məhkəmə araşdırması zamanı tələbkarın icra sənədi üzrə icra üsulu və qaydasının dəyişdirilməsinə razılığı müəyyən edilməmişdir. Tələbkarın razılığı olacağı təqdirdə məhkəmə ərizənin təmin edilməsi ehtimalını yüksək qiymətləndirir. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: X1 qərardaddan şikayət vermiş və şikayətdə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərardadının ləğv edilməsi və onun “icra sənədinin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icra edilməsi” tələbinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1, 231.4, 267.2, 267.3, 269.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli qərarı; “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, məhz əmlak vəziyyəti, yəni heç bir əmlakının olmaması və digər halları, yəni heç bir yerdə işləməməsi, faktiki olaraq heç bir gəlirinin olmaması ilə anasının aylıq əmək haqqısı hesabına yaşamasını nəzərə alaraq məhkəmə qətnamənin icrasına möhlət verə və ya qətnaməni hissə-hissə icra etdirə, habelə onun icra üsulunu və qaydasını dəyişdirə bilərdi. Lakin, məhkəmə onun vəziyyətinə ədalətli və humanist yanaşmamış, ərizəni təmin etməməklə onu daha çətin vəziyyətə salaraq onda ruh düşgünlüyü yaratmışdır ki, bu da onun qətnaməni hansı formada icra etməli olması ilə bağlı çıxılmaz vəziyyətə salmışdır. Belə ki, atası 1-ci qrup Qarabağ əlili olaraq 2020-ci ildə dünyasını dəyişmişdir və o ailədə yeganə övlad olaraq hal-hazırda işsiz olaraq anasının -Ali təhsil müəssəsində baş müəllim işləyərək aldığı 680 manat aylıq məvacibi və 84 yaşlı nənənin 300 manat təqaüdü ilə dolanır, bu məbləğdən hissə-hissə 300 manat real ödəyir. Lakin, iş tapdığı halda bu ödəməni ayda ***-**** manata çatdıra bildirəcəyini bəyan edir. Belə ki, hakim qərarında 300 manatdan ödəməyinin icranı 7 il müddətinə başa çatmasını göstərsə də, onun 31 yaşında ali təhsilli insan olmağı nəzərə alınsa bu realdır və gələcəkdə iş tapdığı halda Paşa Holdinqdə aldığı məvacib qədər pul almağı istisna deyil və bu zaman icra müddəti ən azı 3-4 il ərzində ödəmək imkanı yaranar. Ailə vəziyyətini xarakterizə edən sənədləri ərizəsinə əlavə edərək onun vəziyyətinə bir daha ədalətli və humanist yanaşaraq ərizənin təmin edilməsini xahiş edir. Başa düşür ki, Tələbkar ASC kimi nəhəng qurumla baş-başa gəlməyi real olmasa da, Tələbkarın onun təhsilinə ödədiyi 13 min avro məbləği bu bankın maliyyə vəziyyətinə hec bir təsiri yoxdur, lakin onun üçün bu yük çox ağırdır və qısa müddət ərzində mümkünsüzdür. Atası ikinci Qarabağ qazisi olsaydı onu bu öhdəlikdən azad edərdilər, lakin atası birinci Qarabağ qazisi olduğundan və 1-ci qrup əlil olaraq, artıq dünyasını dəyişdiyindən o onun yeganə övladı olaraq özünə qarşı humanist münasibət gözləməyə haqqı var və hal-hazırda ölkədə Qalib Ordumuza və onların ailə üzvlərinə olan həssas münasibətin Müzəffər Ali Baş Komandanın və birinci Vise-Prezident Mehriban xanımın münasibəti dediklərinə nümunədir. Evlərində bir başı papaqlı insan yoxdur ki, ona dayaq dursun və üç qadından ibarət ailə üzvü olan qazi övladına borcun ödənilməsində güzəşt olması yəqin mənəvi nöqteyi-nəzərdən indiki çətin maddi vəziyyətində milli mentalitetə də uyğundur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-335/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışının hədləri, müəyyən edilən hallar, tətbiq edilən hüquq və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. 231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına əsasən, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissəhissə icrası adlanan İcra haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən: Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 60, 80, 129; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 231, 385, 387, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3 və 15-ci maddələrinə əsasən qeyd edir ki,qərardadda göstərilən əsaslar (işdə iştirak edən şəxslərin əmlak vəziyyətinə və digər hallar) İlə bağlı heç bir mötəbər sübut müəyyən edilmədiyindən, şikayətin dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Formal əsasla ərz edilmiş meyyarlara istinadən, tələbkarın razılığı olmadan, ərizənin təmin edilməsi sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. İzah edilməlidir ki, ərizəçinin tələbkarın razılığı və ya ona edilən rəsmi təklif, habelə təkzibedilməz sübutlar əlavə etməklə və hər iki tərəfin mənafelərinə uyğun olan qənaətbəxş meyyarları müəyyən edən ərizə ilə yenidən müraciət etmək hüquqları vardır. Nəzərə alınmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-335/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024 -cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-266/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-266/2024
25.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver