Məhkəmə qərarları › İş №8(103)-267/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-267/2021

01.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-267/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-487/2020 saylı, 02.12.2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 12 fevral 2020ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 8(005)- 487/2020 nömrəli qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 12 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmişdir. X1 02 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 8(005)-487/2020 nömrəli qərardadından şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 487/2020 nömrəli, 15 sentyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi və şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(005)- 487/2020 saylı qərardadı ilə şikayəti təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-487/2020 saylı iş üzrə 15.09.2020-ci il tarixli qərardadı ləğv edilmiş, qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla şikayətə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 8(005)- 487/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 12 fevral 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Borclu qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-487/2020 saylı, 03.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayətin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, Borclu ünvanlanan birinci instansiya məhkəməsinin 02.12.2020-ci il tarixli qərardadının almasına dair rəsmi sənəd yoxdur. İş materiallarında olan zərfdən (i.v. 79) görünür ki, Borclu ünvanlanmış qərardad “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Borclu şikayətini 30.04.2021-ci il tarixdə vermişdir. Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Lakin birinci intansiya məhkəməsinin qərardadının hansı tarixdən alınmasını sübut edən rəsmi sənəd olmadığından, qərardaddan 10 gün müddətində şikayət verilməsinin hansı tarixdən hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın alınmasını təsdiq edən hər hansı rəsmi sənəd olmadan işə baxılmanın mümkün hesab edilməsi gələcəkdə baş verə bilən prosessual pozuntunun yaranmasına səbəb ola biləcək hal hesab edildiyindən, məhkəmə kollegiyası işə baxılmanı qeyrimümkün hesab edir. Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələbinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-ci maddəsinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qərardadından verilmiş şikayəti qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən şikayət qeyri-mümkün hesab edilməlidir. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-487/2020 saylı, 02.12.2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar