Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-267/2023 04.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş, borclu "xxxx" MMCnin rəhbəri Sevda Yusubovanın məcburi gətirilməsi barədə təqdimata dair iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından "xxxx" MMC-nin vəkili və nümayəndəsi Nümayəndə şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək xahiş edib ki, icra sənədi üzrə borclu "xxxx" MMC rəhbəri Sevda Yusubova icra şöbəsinə məcburi gətirilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, təqdimat təmin edilsin, Sevda Yusubova icra şöbəsinə məcburi gətirilsin. Borclunun şikayətində tələb olunub ki, qərardad ləğv edilsin və təqdimat rədd olunsun. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3963/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixdə verdiyi icra sənədi üzrə borcludur. İcra məmurunun üzərinə məhkəmə qərarının icrasını qanunla müəyyən edilmiş müddətdə təmin etmək vəzifəsi qoyulub. İcra məmurunun çağırdığı şəxs çağırışda göstərilən yerə (icra şöbəsinə və ya icra yerinə) gəlmədikdə məhkəmə qərarının icrasını təmin etmək mümkün olmur və ya çətin olur. “İcra məmurları haqqında” Qanunun 8-ci maddəsindən görünür ki, icra məmuru icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq hüququna malikdir. İcra məmuru həmin hüququndan istifadə edərək borclu hüquqi şəxsin rəhbəri Sevda Yusubovanı icra şöbəsinə çağırmış, lakin o, icra şöbəsinə gəlməmişdir. Sevda Yusubova çağırışa gəlməməsinin üzrlü səbəbdən baş verməsi barədə sübut təqdim etmədiyinə görə hesab olunur ki, o, çağırışa gəlməkdən üzrsüz səbəbdən yayınır. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Borclunun icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsini əsassız hesab etməsi və məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna ərizə verməsi ona icra məmurunun çağırışından yayınmağa əsas vermir. Qətnamə qanuni qüvvəyə minib, icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməyib, ona görə də icra olunmalıdır. İcra sənədi icra edildikdən sonra qətnamə ləğv edilərsə, belə halda Mülki-Prosessual Məcəllənin 236-1-ci maddəsinə əsasən icrada dönüş edilir. Beləliklə, birinci instansiya məhkəməsi təqdimatı təmin etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-267/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-267/2023
04.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver