Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-268/2022 30.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimata baxılması üzrə Qərardadı Açar sözlər: əmlak üzərinə həbs qoyulması Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatına baxılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 318/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərardaddan borclu tərəfindən verilmiş şikayətə 30 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3102/2020 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu təbii qazdan istifadəyə görə yaranmış 18386.35 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 18416.35 manat məbləğində pul tutularaq iddiaçı "Azəriqaz" İB hesabına ödənilməlidir.
2. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarı və könüllü icra ilə bağlı bildiriş Borclu təqdim edilmişdir.
3. Borclu adına “İnfiniti FX 37" minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə borcluya məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edərək, borcluya məxsus “İnfiniti FX 37" minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.
5. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3102/2020 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borcludan təbii qazdan istifadəyə görə yaranmış 18386.35 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 18416.35 manat məbləğində pul tutularaq iddiaçı "Azəriqaz" İB hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq təşkilatlara tərəflərindən sorğular göndərilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemində əldə olunmuş əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borcluya məxsus olan "İnfiniti FX 37" minik markalı, **- KD-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-318/2021 saylı 30 noyabr 2021ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, borcluya məxsus olan “İnfiniti FX 37" minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, borcluya könüllü icra barədə bildiriş göndərilsə də, icra sənədi icrasız qalmışdır. Eyni zamanda icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin olması aşkar edilməmişdir. Borclu icra sənədinin icrası qaydasında ödəməli olduğu pulu ödəmədiyindən icra sənədinin təmini ilə bağlı borclunun avtomobilinin üzərinə həbsin qoyulması məqsədəmüvafiqdir. Belə ki, borclu tərəfindən borc ödənilmədiyi təqdirdə tələbkarın maraqları pozulur ki, bu da yolverilməzdir.
8. Qərardaddan borclu şikayət verərək, ləğv edilməsini, təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmənin 28.07 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
10. Şikayətdə göstərilmişdir ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsindən 2021-ci ilin iyul ayında apelyasiya şikayəti vermişdir və hazırda apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. İş üzrə ekspertiza təyin edilmiş və icraat dayandırılmışdır.
Şikayətə qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
“İcra haqqında” Azərbaycan Respublikası Qanunu
12. Maddə 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 13.Maddə 43.1.1. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir.
14. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.
15. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci bir ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.
16. Maddə 50.2 Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadına əsasən qoyulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 398.0.3 Apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Apelyasiya baxışının hədləri
18. Qərardad borclu tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütovlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
19.Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimat təmin olunmamalıdır.
20. İddiaçı tərəfindən birinci dəfə verilmiş şikayətə əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, cavabdehin məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək, bərpa edilməsinə dair ərizəsi təmin edilmiş, qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
21. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-587/2022 saylı mülki iş üzrə 10 iyun 2022-ci il tarixli məhkəmə bildirişindən görünür ki, iddiaçı Tələbkar İB-nin cavabdeh Borclu qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması xx.xx.2022-ci il tarixinə təyin edilmişdir.
22. Hazırda təqdim edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-587/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, həmin iş üzrə kompleks məhkəməmühəndis və məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir.
23. Göründüyü kimi icra sənədinin verilməsinə əsas olan məhkəmə qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilmiş, qətnamədən verilmiş apelyasiya şikayəti icraata qəbul edilmiş, iş üzrə ekspertiza təyin edilmişdir.
24. Bu hallar borclu tərəfindən verilmiş şikayətdə öz əksini tapmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin şikayətə baxılarkən nəzərə alınmamış, bu hallara hər hansı münasibət bildirilməmişdir.
25. Qanunvericiliyin tələbinə görə isə icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.
26. Göründüyü kimi qətnamə hələ qanuni qüvvəsini almamışdır və həmin mülki iş apelyasiya instansiya məhkəməsinin icraatında olmaqla cavabdehin apelyasiya şikayəti əsasında yoxlanılır.
27. Belə olan halda həmin qətnamə üzrə verilmiş icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borcluya məxsus olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsi yolverilməzdir.
28. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilməli və borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimat rədd edilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Boclu tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-318/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3102/2020 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus olan “İnfiniti FX 37" minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin təqdimatı təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.