Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-268/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına baxılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-452/2024 nömrəli 27 may 2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-678/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1977-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 40330 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2024cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surətləri bildirişlə icra sənədləri üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət əzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Borclu izahat verərək borcu tam şəkildə ödəyə bilmədiyini və mülkiyyətində heç bir əmlakın olmadığını bildirmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır, borc 40330 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-452/2024 nömrəli 27 may 2024-cü il tarixli qərardadı ilə təqdimat rədd edilmişdir. Hazırda tələbkar tərəfindən həmin qərardaddan şikayət verilmiş, qərardadın ləğv edilməsi və təqdimat təmin edilməsi qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə tələbkarın şikayəti təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclunun nümayəndəsi-vəkili etiraz ünvanlayaraq, şikayət əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə isə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarında olan Ali Məhkəmənin 2(102)-678/2024 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, cavabdeh Borclu 40330 manat məbləğində pul vəsaiti iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarla icra sənədi üzrə icraata başlanılmış və eyni tarixda “tələbin könüllü icrası haqqında” bildiriş borclunun ünvanı üzrə göndərilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə icra şöbəsində verdiyi izahatda göstərmişdir ki, borcu birdəfəlik ödəyə bilmir, maddi imkanı çatmır. Borcu aldığı təqaüd və əmək haqqının yarısı miqdarında tələbkara ödəməyə hazırdır. Alacağı 47000 manat borc var, onu aldıqda tələbkara olan borcunu tam şəkildə bağlayacaq. X2 yanında iş icraçısı işləyir və 650 manat əmək haqqı alır. Tam əmək qabiliyyətli deyil, 3-cü qrup gözdən əlildir və sağ gözü yüz faiz görmür, xəstəliyi yoxdur. Əlilliklə bağlı 150 manat təqaüd alrı. Mülkiyyətində heç bir əmlak yoxdur. Keçən ilin sentyabr ayında Türkiyədə olmuşdur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən Borclu aktiv əmək müqaviləsi mövcuddur və onun aylıq əmək haqqı 650 manatdır. Həmçinin, borclunun üçüncü qrup əlilliyi müəyyən edilmiş və 150 manat məbləğində aylıq pensiya almaqdadır. İş materiallarından müəyyən edilir ki, borclunun sağ gözü görmür, İİİ qrup gözdən əlilldir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, borclunun xəstəliyinin olması və xəstəliyinin müalicəsi ilə bağlı olaraq mütəmadi ölkə hüdudlarından kənara çıxmasını təsdiq edən sübutlar tədqiq edilmiş və bu fakt mötəbər sübutlarla öz təsdiqini tapmışdır. İcra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməsi və borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun əsas konstitusion hüquqlarından biri olan sağlamlıq hüququnun həyata keçirilməsinə də məhdudiyyətlər yaradacaqdır. Borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə öz borcunu icra etməkdən boyun qaçırması halı müəyyən edilməmişdir. Onun sağlamlığı ilə bağlı ölkə hüdudlarından kənara çıxmasına əsaslı səbəblərin və zərurətin olması halı müəyyən edildiyindən təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-452/2024 nömrəli 27 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-268/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-268/2024
29.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver