Məhkəmə qərarları › İş №8(103)-269/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-269/2021

11.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-269/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(006)-118/2021 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 19 mart 2021-ci il tarixli qərardadından Borclu verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 2(006)-155/2021 iş üzrə qəbul edilmiş 02.02.2021-ci il tarixli qətnamənin hissə-hissə, yəni hər ay ondan Tələbkar xeyrinə 150 manat tutulmaqla icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.03.2021-ci il tarixli qərardadla ərizəni təmin etməmişdir. Borclunun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 03.05.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-155/2021 saylı iş üzrə qəbul etdiyi 02.02.2021-ci il tarixli qətnaməsinə əsasən həmin iş üzrə cavabdeh (borclu) Borclu 3.320 manat məbləğində pul tutularaq həmin iş üzrə iddiaçı (tələbkar) Tələbkar ödənilməlidir. Borclu “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd edilən qətnamə ilə ondan Tələbkar xeyrinə tutulmalı olan 3.320 manat pulu o, maddi vəziyyətinin ağır olması səbəbindən birdəfəlik ödəyə bilmir. Çünki Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə ölkə ərazisində keçirilən xüsusi təbirlərə görə özünə iş tapa bilmir. Hesab edir ki, ərizəsi təmin olunarsa, o, borcunu hissə-hissə (ayda 150 manat) ödəməklə qətnaməni icra edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının mənasından məlum olur ki, hazırda maddi imkanının olmadığını bildirən və bu əsasla qətnamənin hissə-hissə icra edilməsini xahiş edən borclu həmin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməlidir. Lakin borclu tərəfindən qeyd edilən halları təsdiq edə biləcək sübutlar məhkəmələrə təqdim edilməmişdir. Belə olan halda, MPM-nin 77.1-ci maddəsinə əsasən hesab edilməlidir ki, borclu tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.11.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyin mənasına görə, işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyini nəzərə alınmalıdır (qərarın 12-ci bəndi). Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Borclu “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəsində qeyd edilən qaydada, yəni ayda 150 manat tutulması halında, qətnamənin icrası 22 ay davam edəcək və belə olan halda tələbkarın mənafeyi pozulacaq. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi borclunun ərizəsini və qərardaddan verilmiş şikayətini təmin etməməkdə haqlı olmuşdur. Ərizənin və şikayətin təmin edilməsi üçün əsas yoxdur. Şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Odur ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu verdiyi şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 19 mart 2021ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar