Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-269/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(003)-131/2025 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli qərardaddan Borclu verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi 2(003)-3031/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə Tələbkar ilə Borclu birgə nikahından doğulmuş uşaqları – xx.xx.2018-ci il təvəllüdlü Fatimənin və xx.xx.2019-cu il təvəllüdlü Namiqin yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq X3 Mustafayevanın xeyrinə hər ay hər bir uşağa görə təyin edilmiş 150 manat, ümumilikdə hər ay cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət etmişdir. Hazırda Tələbkar birgə nikahdan doğulmuş uşaqlarının maddi tələbatlarının artması səbəbindən cavabdeh Borclu qarşı ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Rayon Məhkəməsinin 2(003)-3031/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin icra qaydasında indeksləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin təmin edilməsini, xx.xx.2025-ci il tarixindən başlayaraq 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 2(003)-3031/2021 saylı qətnaməyə əsasən X3 Mustafayevanın xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli (150/250=0.6) həddində indeksasiya olunmasını qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın dəyişdirilməsini, ərizənin qismən təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu İİİ qrup əlildir, “OBA” Marketdə satıcı işləyir və 450 manat maaş alır, himayəsində xəstə anası var və kirayədə yaşayırlar. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə bildirir ki, alimentin tutulması barədə qətnamə qəbul edilən zaman (2021ci il) formalaşmış məhkəmə təcrübəsinə əsasən sabit pul məbləğində tutulmalı olan alimentin məbləği həmin il (illər) üçün “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə tutulurdu. Lakin qətnamə qəbul edildikdən sonra alimentin tutulması ilə bağlı məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarla müəyyən etdiyi məhkəmə təcrübəsinə görə, uşağın (uşaqların) yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödənilməli olan şəxsdən aliment almalı olan şəxsin xeyrinə aliment tutularkən məhkəmələr tutulmalı olan alimentin məbləğini iş üzrə qətnamə qəbul edilən zaman həmin il üçün müəyyən edilmiş minimum əmək haqqının müəyyən misli həddində müəyyən etməlidir. İnternet resurslarından görünür ki, qətnamə ilə tutulması qət edilmiş alimentin məbləğinin tutulması barədə qətnamə qəbul edilən zaman, yəni 2021-ci ildə minimum əmək haqqı 250 manat olmuşdur. Bunu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında təsbit edilmiş hüququ mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə (bir uşağa görə 150/250=0,6) düzgün olmuşdur. Borclu Nail Qəmbərovun qərardaddan verdiyi şikayətdə göstərdiyi hallar qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə də yuxarıda göstərilənləri nəzərə alan, MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №8(103)-269/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-269/2025
13.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver