Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-27/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-58/2021 nömrəli qətnaməsinə izah verilməsi barədə ərizəsi üzrə (Açar sözlər: qətnaməyə izah verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X5 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-787/2023 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 58/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X8, X6 və X4 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
2. X2 həmin qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-58/2021 nömrəli qətnaməsi ona münasibətdə tədbiq olunmamalıdır. Çünki o, iddia məhkəməyə təqdim olunan anda yetkinlik yaşına çatmamış və müstəqil şəxs kimi proseslərə cəlb olunmamışdır. Məhkəmə prosesi zamanı onun mənzildən çıxarılması ilə bağlı münasibəti öyrənilməmiş, izahatı alınmamış və qanunvericiliklə ona təqdim olunmuş heç bir hüququnun həyata keçirilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən qeyd olunan qətnamənin ona münasibətdə tədbiq olunub-olunmaması və həmin qətnamə əsasında onun mənzildən çıxarılmağının mümkünlüyü məsələsinə izah verilməsi xahiş edilmişdir.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)- 787/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-58/2021 nömrəli qətnaməsində cavabdehlər X8, X6 və X4 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36,96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi aydın şəkildə göstərilmişdir. Qətnamənin məzmunundakı hüquqi terminlərdə anlaşılmazlıq mövcud deyil və qrammatik cəhətdən bütün cümlələrin mənası aydındır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Qərardaddan narazı qalan X2 şikayət verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırda həmin qətnamənin icrası qaydasında X3 mənzildən çıxarılmağı tələb olunur. Qətnamə ərizəçinin anasına münasibətdə işin faktiki və hüquqi tərəflərinin qiymətləndirilməsi nəticəsində qəbul edilmişdir. Halbuki, ərizəçinin və anasının mənzildə yaşamaqla və istifadə ilə bağlı hüquqi əsasları tamamilə fərqlidir. Mənzil alındığı gündən ərizəçi ailə üzvləri ilə birgə həmin mənzildə yaşamışdır və indiki tarixədək də həmin mənzildə yaşamaqdadır, o cümlədən qeydiyyatdadır. Mənzil valideynləri tərəfindən alınıb və ərizəçinin həmin mənzildə yaşamaqla bağlı qanuni istifadə hüququ mövcuddur. İcra üçün əsas olmuş qətnamə qəbul edilən zaman, yəni 2021-ci il tarixində nə ərizəçi, nə də bacısı X7 yetkinlik yaşına çatmamış, müstəqil subyekt kimi çıxış etməmiş və hüquqi müdafiə vasitələrindən istifadə etməkləri mümkün olmamışdır. Vurğulamaq istəyir ki, ərizəçinin bacısı Fidan Qurbanova hazırda da yetkinlik yaşına çatmamışdır. Birinci instasiya məhkəməsi tərəfindən bu kimi hallara əhəmiyyət verilməmiş və araşdırılmamışdır. Habelə, məhkəmənin 2021-ci ildə qətnamə qəbul edilən zaman müstəqil subyekt kimi çıxış etməyən şəxsə münasibətdə hazırda (yetkinlik yaşına çatdığı vaxtda) həmin qətnamənin hansı hüquqi nəticələr yaratdığını izah etməkdən əsassız şəkildə imtina etməsi qanunazidd olmuşdur.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(004)- 787/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. İşdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-58/2021 nömrəli qətnaməsi ilə cavabdehlər X8, X6 və X4 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.
13. Məhkəmə kollegiyası qeyd edir ki, qətnaməyə izah verilməsi dedikdə qətnamədəki qeyri-müəyyənlik və ya anlaşılmazlıq, ifadələrin dilin qrammatik qaydalarına uyğun işlədilməməsi, iki və ya çoxmənalı söz və ifadələrdən istifadə olunması nəzərdə tutulur.
14. Borclu tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, o, faktiki olaraq qətnaməni mübahisələndirir və qətnaməyə izah vermək yolu ilə onun məzmununun dəyişdirilməsini xahiş edir. Halbuki, qanuni qüvvəyə minmiş qətnamənin məzmunun dəyişdirilməsi yolverilməzdir.
15. O da qeyd edilməlidir ki, borclu xx.xx.2003-cü il təvəllüdlüdür və sözügedən qətnamə qəbul edilən vaxt artıq yetkinlik yaşına çatmış, qətnaməni müstəqil olaraq mübahisələndirmək imkanı yaranmışdır.
16. Beləliklə, kollegiya hesab edir ki, qətnaməyə izah verilməsinə zərurət olmamış, birinci instansiya məhkəməsi əsaslı olaraq ərizəni təmin etməmişdir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-787/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: