Məhkəmə qərarları › İş №8(103)-270/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-270/2024

23.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-270/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin 8(004)-77/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından tələbkar X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: X1 “icra orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi, süni və əsassız maneələrin aradan qaldırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 8(004)-77/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 “icra orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi, süni və əsassız maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 8(004)-642/2024 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunaraq qanuni qüvvəyə minənədək dayandırılmışdır. Qərardaddan tələbkar X1 verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, icra işi materiallarına əsasən müəyyən edilir ki, şikayətə əsas olan hərəkətlərdən biri kimi məhz icra işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsinə izah verilməsinin nəticəsi ilə bağlıdır. Yəni, sözügedən icra vərəqəsinə veriləcək izaha müvafiq olaraq icra məmurunun hərəkətlərinin qanuniliyinə hüquqi qiymət veriləcəkdir. Həmin hissə isə mübahisəli olaraq qalmaqdadır. Belə ki, tələbkar sözügedən hissədə icra vərəqəsinin icra edilməsini tələb edərək icra məmurunu hərəkətsizlikdə günahlandırsa da, icra məmuru isə icra vərəqəsində qeyd olunan xüsusatları öz təşəbbüsü ilə geniş formada təfsir edə bilməyəcəyini, müvafiq icra vərəqəsinə izah verildikdən sonra onun hərəkətlərinin qanuniliyinə qiymət verilməsinin hüquqiliyini bildirmişdir. Müvafiq izah üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(103)- 181/2024 nömrəli qərardadına əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-642/2024 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və müvafiq icra vərəqəsinə izah verilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmışdır. Rayon məhkəməsi qeyd etmişdir ki, hazırki mülki iş üzrə icraatın müvəqqəti olaraq dayandırılması qanuni, əsaslı və ağlabatandır. Azərbaycan Respublikası adından qərar qəbul edən birinci instansiya məhkəməsi olaraq vahid mövqenin nümayiş etdirilməsi və vahid məhkəmə təcrübəsinə əməl edilməsi zəruridir. Hal-hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 8(004)-642/2024 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı hazırki iş üzrə xüsusi hüquqi əhəmiyyətə malikdir və sözügedən mülki işlə hazırki mülki iş arasında birbaşa qarşılıqlı əlaqə olduğundan icraat dayandırılmalıdır Kollegiya bildirir ki, rayon məhkəməsi tərəfindən icraatın dayandırılması yekun nəticədə düzgün qərarın qəbul edilməsi məqsədinə yönəldiyindən əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun şikayətini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir, qərardad qanuni və əsaslı, şikayət isə açıq-aşkar əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 8(004)-77/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar