Məhkəmə qərarları › İş №8(103)-271/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-271/2024

29.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-271/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İcra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu oğluna məxsus nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması ilə bağlı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X4 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(003)-214/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru X1 Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-156/2023-032 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 6.850 manat və 399.5 manat faiz borcu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Toyota Corolla minik” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.

3. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(003)- 214/2024 nömrəli qərardadı ilə (hakim Z.M.Tağıyev) təqdimat təmin edilərək, borclu – xx.xx.1984-cü il tarixdə Göyçay rayonunda doğulmuş Borclu məxsus olan “Toyota Corolla” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. Borclu həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.

5. Şikayəti onunla əsaslandırılmışdır ki, Sаlmаnоv Ayaz Tahir oğlu dəfələrlə şikayətlə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun icraatına götürülməməsi barədə xx.xx.2024-cü il tarixli, 13(102)-402/2024 saylı qərardadından və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2936/2023 saylı qərarından Sаlmаnоv Ayaz Tahir oğlu tərəfindən Azərbаycаn Respublikasının Kоnstitusiyа Məhkəməsinə xx.xx.2024-cü il tarixli şikayət verilmiş və həmin şikayət xx.xx.2024-cü il tarixdə Azərbаycаn Respublikasının Kоnstitusiyа Məhkəməsi tərəfindən icraata qəbul olunmuşdur. Dəfələrlə həm yazılı, həm də şifahi formada Bakı şəhəri Xəzər rayonunun İcra və Probasiya şöbəsinin rəisinə müraciətlər edərək, xahiş etmişdir ki, müvafiq qərar qəbul olunana kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(102)-2936/2023 saylı qərarının icrası dayandırılsın. Sаlmаnоv Ayaz Tahir oğlu keçmişdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda iki aydan çoxdur ki, xx.xx.2024-cü il tarixdən Göyçay rayonunun Potu kəndində qeydiyyatda olmaqla yaşayır. Odur ki, icra sənədlərinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Onun Bakı şəhərinə gəlib-getmək üçün maddi imkanı yoxdur. Avtomaşının üzərinə həbs qoyulması haqqında qərardadı qanunsuz və əsassız hesab edir və qərardadın qəbul edilməsi onun hüquqlarını bilavasitə kobud surətdə pozduğundan ləğv edilməsini xaihş edir.

6. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(003)- 214/2024 nömrəli qərardadı ilə (Ə.S.Qəhrəmanov) şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

9. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

10. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(003)-214/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. İş materiallarından aydın olur ki, icra sənədi Borclu 6.850 manat və faiz borcu olaraq 399,5 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar X3 xeyrinə ödənilməsi barədədir.

13. İşdən həmçinin görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-156/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icrasız qalmışdır. Borclunun mülkiyyətində “Toyota Corolla minik” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır.

14. Belə olan vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-156/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə qeyd olunan nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə düzgün nəticəyə gəlmişdir.

15. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətləri şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilməsi həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi anlamına gəlmir. Şikayətin məhz məhkəmənin icraatına qəbul edilməsi ilə bağlı məhkəmə aktı borclu tərəfindən təqdim edilməmişdir.

16. Bundan başqa, borclu tərəfindən icra sənədi üzrə icraat dövründə yaşayış ünvanın dəyişdirilməsi icra hərəkətlərin dayandırılması üçün əsas deyil.

17. Qeyd edilməlidir ki, icra sənədinin aidiyyəti üzrə göndərilməsi icra məmurunun qərarı əsasında həyata keçirilir. İcra məmuru tərəfindən icra sənədinin aidiyyəti üzrə göndərilməməsi barədə hərəkətlərindən isə məhkəməyə şikayət verilə bilər.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(003)- 214/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar