Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-273/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-432/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərardadından Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasov təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu- xx.xx.1981-ci il təvəllüdlü Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olan Borclu (pasport №U********) ölkədən getmək hüququnun müvəqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1503/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 5784 manat tutularaq Tələbkar ödənilməlidir. İş üzrə Borclu xx.xx.2022-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-432/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1503/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1981-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qərardadın icrasının Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu vəkili Vəkil xx.xx.2023-cü il tarixdə şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-432/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 8(004)-432/2023 nömrəli qərardadından Borclu vəkili Vəkil tərəfindən şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmışdır. Daha sonra, xx.xx.2023-cü il tarixdə Borclu nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 8(004)-432/2023 nömrəli qərardadından yenidən şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsində baxılmış 2(004)-1503/2021 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ümumilikdə 5784 manat pulun cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-1503/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında qəbul edilmiş icra sənədi üzrə Borclu, onun tərəfindən ödənilməli olan ümumilikdə 5784 manat pulun ödənilməsinə etiraz etmir. Həmin pulun əsas hissəsi onun tərəfindən könüllü olaraq ödənilmişdir. Tərəflərindən işə baxmış Yasamal rayon məhkəməsinə və Yasamal rayon İcra və Probasiya Şöbəsinə 12 oktyabr 2022-ci il tarixli ərizə ilə müraciət edilərək Borclu əmlak vəziyyəti, yəni, aylıq əmək haqqının 350 (üç yüz əlli) manat təşkil etməsi, hər ay 300-500 manat məbləğində aliment ödəməsi, hazırda himayəsində 3 nəfər ailə üzvü olmaqla ailədə yeganə qazanc gətirən olması, mülkiyyətində yaşayış evi olmadığına görə hər ay mənzil kirayə haqqı ödəməsi, əvvəlki nikahdan doğulmuş uşağa aliment ödəməsi, bu səbəblərdən maddi durumunun ağır olması nəzərə alınmaqla, ümumilikdə ödəməli olduğu 5784 manat məbləğində pulu ayda 300 manat olmaqla hissə-hissə ödəməyə qadir olduğu bildirilmişdir. Bundan əlav,ə tərəflərindəən icra sənədinin verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə barədə 17 noyabr 2022-ci il tarixdə Tələbkar və onun atası X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edilmişdir. Daha sonra iş üzrə tərəflər arasında razılıq əldə olunduğundan, yəni Borclu ödəməli olduğu pulu hissə-hissə ödəməsi və tələbkara və onun atasına qarşı qaldırdığı iddiadan imtina etməsi şərti ilə razılaşdıqlarından tərəflərindən ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək 2(004)-6139/2022 saylı mülki iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(004)- 6139/2022 saylı qərardadında əsasən ərizənin təmin edilməsi və mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Razılaşmadan sonra Borclu üzərinə götürdüyü öhdəliyi vaxtlı-vaxtında icra etmiş və hər ay ödəməli olduğu pulu hissə-hissə ödəmişdir. Lakin, 2023-cü ilin fevral ayında borclunun valideynlərinin yaşadığı Türkiyənin Hatay vilayətində son əsrinən dağıdıcı zəlzələsi olduğundan Borclu evləri dağılmış və xəsarət almış valideynlərinin arxasınca Hatay vilayətinə getmiş, valideynlərini dağıntılar arasından xilas etmiş, ilkin müalicələrini təşkil etdikdən sonra onları özü ilə Azərbaycana gətirmişdir. Hazırda valideynləri Borclu himayəsində olmaqla onların bütün xərcləri, yəni qidalanmaları, müalicələri, yaşamaları və s. xərclərinin hamısı Borclu tərəfindən qarşılanır. Bununla bərabər Borclu ödəməli olduğu pulu tələbkara hissə-hissə ödəməkdə davam edir. Belə olduğu təqdirdə icra məmurunun hazırkı təqdimatla məhkəməyə müraciət etməsi ən azı ədalətsizlikdir. İşə baxılarkən tərəflərindən vəsatətlə müraciət olunaraq Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi təqdimatın natamam, ziddiyyətli və əsassız olmasını nəzərə alaraq həmin icra məmurunun məhkəmə iclasında iştirakının təmin olunması xahiş olunmuşdur. Lakin işə baxan hakim prosessual qanunvericliyin normalarını kobud şəkildə pozaraq vəsatəti təmin etməmiş, böyük icra məmuru Səvxan Abasova rəsmi qaydada məlumat verilməsini bəhanə edərək işə onun iştirakı olmadan baxılmasına qərar vermişdir. Böyük icra məmuru Səvxan Abasovun üzrlü və ya üzrsüz səbəbdən məhkəmədə iştirak etməməsi barədə heç bir məlumat olmamışdır. Halbuki, məhkəmə iclasından sonra iş otağı həmin binada yerləşən böyük icra məmuru Səvxan Abasovun qəbulunda olarkən o, məhkəmə iclasının vaxtı və yeri haqqında ona məlumat verilmədiyini bildirmişdir. Böyük icra məmuru Səvxan Abasovun məhkəmə iclasında iştirakı ona görə vacib idi ki, o, təqdim etdiyi təqdimatda icra işi üzrə icraata başlanıldığı tarixi düzgün göstərməmiş, icra sənədi üzrə Borclu tərəfindən könüllü olaraq ödənilmiş pulun və borcun ödənilməmiş qalan hissəsinin məbləği barədə heç bir məlumat verməmiş və məhkəmədə guya Borclu ümumiyyətlə icra sənədində göstərilən məbləği ödəməkdən imtina etməsi barədə təsəvvür yaratmaq istəmişdir. Təqdimata onun əsaslılığını təsdiq edən heç bir sənəd əlavə edilməmiş, edilmiş olsa da belə, proses iştirakçısı kimi həmin sənədlərlə tanış olmaq hüquqları təmin edilməmiş və sənədlərin surəti onlara təqdim olunmamışdır. Məhkəmə tərəfindən onların təqdim etdiyi etiraz qeydləri və etiraz qeydlərində göstərilənlər, yəni Borclu icra sənədini könüllü olaraq icra etməsi, tələbkar Şahmar Məmmədovla borcun hissə-hissə ödənilməsi barədə razılığa gəlməsi, bu barədə icra şöbəsinə ərizələrlə müraciət olunması, 2023-cü ilin fevral ayında borclunun valideynlərinin və yaxın qohumlarının yaşadığı Türkiyənin Hatay vilayətində dağıdıcı zəlzələnin olması, onunla əlaqədar Borclu zəlzələ zonasına gedərək valideynlərini və yaxın qohumlarını dağıntılar altından xilas etməsini, onların hazırda da müalicəsi, qidalanması, yaşayışı üçün bütün xərcləri öz üzərinə götürməsi, bu səbəbdən də icra sənədinin icrasının yubadılmasını, hazırda da valideynlərinin və yaxın qohumlarının müalicəsi, qidalanması, Türkiyə dövləti tərəfindən verilən dərmanların əldə olunması məqsədilə Türkiyə Respublikasına gedib-gəlməli olması barədə deyilənlərə əhəmiyyət verilməmiş, heç bir araşdırma aparmadan tələm-tələsik təqdimatın təmin olunması barədə qərar qəbul etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-432/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-432/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, icra məmurunun təqdimatından görünür ki, icra sənədləri icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu tərəfindən ödənilməli olan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq boclu Borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Qeyd olunan icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 1503/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Borclu 5784 manat məbləğində pul Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildiriş Borclu rəsmi qaydada təqdim edilmiş və borcluya Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 1503/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Borclu izahatından görünür ki, borclu “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığı təqdirdə barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq olunacaqı və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.1-ci maddəsinə əsasən ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (500 manatdan 1000 manatadək cərimə və ya 1 ayadək inzibati həbs) maddəsini rəhbər tuturaq inzibati məsuliyyətə cəlb olunmağıma dair inzibati protokol tərtib edilərək məhkəməyə müraciət olunacağı və daha sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci (iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdar məhrumetmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmağına dair toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndəriləcəyi barədə xəbərdar olunmuşdur. İcra işinin materiallarından və Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, icra sənədinin üzrə Borclu tərəfindən 2800 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olunur ki, “İcraata başlama haqqında” xx.xx.2022-ci il tarixli qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun xarici ölkə vətəndaşı olmasını və ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş məbləği nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, borclu şikayətində vətəndaşı olduğu Türkiyə Respublikasında baş vermiş zəlzələ ilə əlaqədar icra sənədinin icrasını üzrlü səbəbdən icra etmədiyini qeyd etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, borclu Azərbaycan Respublikasında yaşayır və zəlzələnin baş verməsindən də artıq xeyli müddət keçmişdir. Ona görə də, bu hal icra sənədinin icra etilməməsi üçün üzrsüz səbəb hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-432/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-432/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-273/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-273/2023
15.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver