Məhkəmə qərarları › İş №8(103)-274/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-274/2021

10.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-274/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2014-cü il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair “X1 Edilməsi Agentliyi” MMC-nin ərizəsinin təmin edilməməsinə dair həmin məhkəmənin 08 fevral 2021-ci il tarixli qərardadından ərizəçinin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X1 Edilməsi Agentliyi” MMC Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2014-cü il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq “xxxx” ASC-nə (ASC) məxsus problemli aktivlərin mərhələli şəkildə bankın balansından çıxarılması və dövlətə məxsus “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatının (QSC) idarəetməsinə verilməsi nəzərdə tutulmuş, ASC və QSC arasında bağlanmış “xxxx” 11.08.2015-ci il tarixli müqaviləyə əsasən ASC-nin problemli aktivlərini tələb hüququ QSC-yə keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının icrasını səmərəli təşkil etmək məqsədilə QSC ilə “X1 Edilməsi Agentliyi” MMC (MMC) arasında 16.09.2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən QSC-yə keçmişdir və ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini MMC həyata keçirir. Nizami Rayon Məhkəməsinin 06.06.2014-cü il tarixli qətnaməsinə əsasən Borclu cəmi 17995.34 ABŞ dolları məbləğində kredit borcunun tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tələbin Borclu məxsus **-FR-*** dövlət qeydiyyat nişanlı “Hyundai Matrix” markalı avtomobilə yönəldilməsi, ipoteka qoyulmuş əmlakın hərraca çıxarılaraq satılması hesabına borcun ödənilməsi qət edilmiş, qətnamənin icrası nəticəsində Borclu məxsus avtomobil açıq hərracda satılmış, əldə olunan məbləğ kredit borcundan silinmişdir. Lakin borc tam ödənilmədiyi halda Qaradağ rayon İcra və probasiya şöbəsi tərəfindən Nizami Rayon Məhkəməsinin 06.06.2014-cü il tarixli icra sənədi məhkəməyə geri qaytarılmışdır. 24.11.2020-ci il tarixinə Borclu qətnamə üzrə icra olunmamış qalıq borcu 15 407,26 ABŞ dolları təşkil edir və həmin qalıq borcun ödətdirilməsi ilə bağlı heç bir əlavə icra tədbirləri görülməmişdir. Buna görə də qətnamənin icra üsulu dəyişdirilməli və Borclu 15 407.26 ABŞ dolları qalıq borc tutulmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, həmin qərardaddan ərizəçinin nümayəndəsinin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış icra icraatının tərəfləri, eləcə də icra şöbəsinin nümayəndəsi məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası ərizə üzrə toplanmış materialı tədqiq edərək aşağıdakı əsaslara görə belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Nizami Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni təmin etmədiyi zaman ona əsaslanmışdır ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə qanunla imkan verilən, qətnamənin icrası üçün çətinlik törədən hallar müəyyən edilməmiş, bununla bağlı müvafiq sübutlar təqdim edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icra üsulunun və qaydasının dəyişdirilməsi institutunu nəzərdə tutsa da, bu institut “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri heç bir nəticə vermədikdə və borclunun əmlak vəziyyətinin icra sənədinin icrasına imkan verməyəcək dərəcədə ağır olduğu ortaya çıxdıqda tətbiq oluna bilər. Kollegiya onu da qeyd edir ki, ərizəçinin nail olmaq istədiyi əvəzləşdirmənin adı çəkilən institut çərçivəsində tətbiqi mümkün deyildir. Çünkü qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, bir icra üsulunun digəri ilə əvəz edilməsi, yaxud qətnamənin ilkin icra üsulunun dəyişdirilməsi ilə transformasiya olunması deməkdir və heç bir halda qətnamənin özünün dəyişdirilməsi kimi başa düşülə bilməz. Qətnamədə cavabdehdən alınmalı pulun yekun məbləği göstərildiyindən, icra mərhələsində ipoteka predmeti olan avtomobilin satışından əldə edilən vəsaitin borcun tamamının ödənilməsinə kifayət etməməsi icra məmuruna, yaxud tələbkara əsas vermir ki, onlar icra üsulunun dəyişdirilməsi adı ilə qalıq məbləğin təkrarən cavabdehdən tutulması barədə məhkəmə aktı çıxarılmasını tələb etsinlər. Bu kontekstdə kollegiya ərizəçiyə izah edir ki, əgər icra sənədi tam icra olunmadan onun icraatına xitam verilmişdirsə, yaxud icra sənədi əsassız olaraq məhkəməyə qaytarılmışdırsa, bu hal icra məmurunun qərarından məhkəməyə şikayət edilməsinə əsas yarada bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-7/2021 saylı iş üzrə 08 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar