Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-274/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-161/2024 nömrəli qərardadından Tələbkar АSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: "xxxx" MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1 icra tədbirlərini davam etdirməklə bağlı hərəkətlərinin və icraatın dayandırılması ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-161/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1 Bakı şəhəri 43 saylı Notariat ofisinin 8İ-8910 nömrəli 22 iyun 2023-cü il tarixli icra sənədinə əsasən başlamış olduğu icra tədbirlərini davam etdirməklə bağlı hərəkətləri və icraatın dayandırılması ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi qərara alınmışdır. Tələbkar АSC şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra qeydi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-4262/2023 nömrəli qətnaməsi ilə "AĞ ŞƏHƏR TAKSİ” MMC-nin iddiası təmin edilərək, Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən "xxxx" MMC barəsində verilmiş xx.xx.2023-cü il tarixli 8İ-8910 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2229/2024 nömrəli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tələbkar ASCnin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-4262/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı Notariat ofisinə qarşı (Tələbkar ASC, X4, X5, X3 üçüncü şəxs qismində cəlb edilməklə) icra qeydinin ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Belə ki, ərizə işi üzatmaq, icraya maneə olmaq icra qeydinin icrasını uzatmaq məqsədi daşıyır. Notariat işindən görünür ki, tərəflər arasında etibarlı borc, zaminlik və ipoteka müqavilələri bağlanmış, müqavilələr bağlanarkən mülki qanuvericiliyin tələblərinə əməl edilmiş, bağlandığı vaxtdan sonra "Ağ Şəhər Taksi” MMC və üçüncü şəxslər müqavilələri mübahisələndirməmiş, müqavilənin ləğv edilməsi üçün borc verənə təklif göndərməmişlər. Borc alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə, yəni şərtləndirilmiş vaxtda icra etmədiyindən Bank müqavilə tərəflərinə rəsmi qaydada bildiriş göndərdikdən sonra borc alanın olduğu yer üzrə, yəni Bakı şəhərində yerləşən notariat ofisinə müraciət edərək icra qeydi verilməsini xahiş etmiş, notarius isə öz növbəsində borc alanın ünvanının axtarılması üçün tədbir gördükdən sonra qanunvericiliyin tələblərinə əməl etməklə “Elektron notariat” informasiya sistemi vasitəsilə apardığı notariat hərəkətləri nəticəsində tərtib etdiyi icra qeydini icrasının təmin edilməsi üçün aidiyyəti icra şöbəsinə göndərmişdir. "Ağ Şəhər Taksi” MMC ona qarş tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi almasına baxmayaraq, borcun məbləğinə və ya icra qeydinin aparılmasına dair öz etirazını bildirməyib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-161/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, icra icraatının başlanmasına səbəb olmuş akt (icra qeydi) məhkəmə qaydasında mübahisələndirildiyindən onun əsasında icra məmurunun icra hərəkətlərini davam etdirməsi qanunsuzdur. Belə ki, «İcra haqqında» AR Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə ("İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Tələbkar şikayətində Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən "xxxx" MMC barəsində verilmiş xx.xx.2023-cü il tarixli 8İ-8910 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ləğv edildiyini bildirərək, icra qeydinin ləğv edilməsi üçün hər hansı hüquqi əsasın olmaması barədə apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsində əks olunmuş mövqeyinə və hüquqi qiymətləndirməsinə istinad etmiş və bununla da icra sənədi üzrə icraatın dayandırılmasına hər hansı zərurətin olmadığını bildirmişdir. Şikayətin bu dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır İşdən görünür ki, borclu sözügedən icra qeydini məhkəmə qaydasında mübahisələndirmiş və məhkəmənin qətnaməsi ilə həmin icra qeydi ləğv edilmişdir. İcra qeydinin ləğv edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi qanuni qüvvəsini almamış, yəni, kassasiya qaydasında onun mübahisələndirilməsi imkanı itirilməmişdir. Belə ki, sözügedən qətnamə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, icra qeydi ilə bağlı məhkəmə mübahisəsi mövcud olduğundan, yəni mübahisə hələ bitmədiyindən onun əsasında başlanmış icra icraatı davam etdirilə bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-161/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-274/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-274/2024
31.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver