Məhkəmə qərarları › İş №8(103)-275/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-275/2021

16.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-275/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Tələbkar MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 8(001)-261/2021 saylı qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2-2(113)-161/2020 saylı icra sənədinə əsasən Borclu MMC-dən 837,89 manat əsas, 20 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,7 manat, cəmi 880,59 manat məbləğində pul vəsaitinin Tələbkar MMC-nin xeyrinə tutulması qərara alınmışdır. Həmin icra sənədi icra olunması üçün borcluların yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu MMC-yə məxsus «Hyundai Sonata» minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icraatında olan Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2-2(113)-161/2020 saylı icra sənədinə əsasən Borclu MMC-dən 837,89 manat əsas, 20 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,7 manat, cəmi 880,59 manat məbləğində pul vəsaitinin Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Borclu tələbi könüllü olaraq icra etməmişdir. İcraat zamanı Borclu MMC-nin adına «Hyundai Sonata» minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Göstərilənlərə əsasən həmin avtomobil üzərinə həbs qoyulması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 8(001)- 261/2021 saylı qərardadı ilə, təqdimat təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2-2(113)-161/2020 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu MMC-yə məxsus «Hyundai Sonata» minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, qərardadın icrasının Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu X2 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 8(001)-261/2021 saylı qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu MMC-nin əməkdaşları işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə cəlb olunaraq, mütəmadi olaraq həmin ərazilərə ezam olunmaqla, geodeziya və torpoqrafiya işlərini yerinə yetirirlər. Sözügedən avtomobilin üzərinə həbs qoyulması həmin ərazidə müəssisənin fəaliyyətinə maneçilik törədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar MMC-nin nümayəndəsi X3 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 8(001)-261/2021 saylı qərardadı ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənədək borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarında olan nəqliyyat vasitələri haqqında məlumatdan çıxarışdan görünür ki, «Hyundai Sonata» minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu MMC-nin mülkiyyətindədir. Eləcə də təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir Məhkəmə kollegiyası şikayətin dəlillərini əsas götürərək qeyd edir ki, iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən icra işi tələb edilsə də, icra işi məhkəməyə təqdim edilməmişdir. Kollegiya hesab edir ki, icra işinə baxış keçirilmədən, başqa hansı icra tədbirlərinin görülməsi müəyyənləşdirlmədən, 880,59 manat məbləğində pul vəsaitinin borcludan tutulması məqsədilə MMC-yə məxsus avtomobil üzərinə həbs qoyulmuş və şikayətin də dəlillərindən göründüyü kimi, bu hal müəssisənin fəaliyyətinə maneçilik törətmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 8(001)-261/2021 saylı qərardadı ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 8(001)- 261/2021 saylı qərardadı ləğv edilsin. Təqdimata yenidən baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar