Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-275/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-346/2025 saylı qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Borclu "xxxx" MMC Binəqədi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Şakir Bahadırov tərəfindən xx.xx.2025-ci il tarixli qərar qəbul edilərək, borclunun banklardakı pul vəsaitinin üzərinə həbs qoyulması və tələbin həmin pul vəsaitinə yönəldiməsinə dair qərarının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e 2(001)-248/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən ödənilməyən əmək haqqının əvəzi olaraq 7.500 (yeddi min beş yüz) manat, əmək haqqının gecikdirilməsinə görə 2.250 (iki min iki yüz əlli) manat, məzuniyyət gününün son haqq-hesabının əvəzi olaraq 1304.8 (min üç yüz dörd manat, səksən qəpik) manat olmaqla cəmi 11054,80 (on bir min əlli dörd manat 80 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Tərəflərindən Binəqədi rayon Məhkəməsinə müraciət olunaraq borcun 1 (bir) il müddətində hər ay 921,23 (doqquz yüz iyirmi bir manat 23 qəpik) manat məbləğində ödəniş edilmək üçün qətnaməyə möhlət verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. "İcra haqqında" Azərbaycan Respublikasının qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Ərizə icraata qəbul edilmişdir və iş üzrə 8(001)-307/2025 saylı ərizəyə baxılması xx.xx.2025-ci il tarixə, saat 11:00 təyin edilmişdir. Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırov xx.xx.2025-ci il tarixli qərar qəbul edərək borclunun banklardakı pul vəsaitinin üzərinə həbs qoyulması və tələbin həmin pul vəsaitinə yönəldilməsi barədə qərar qəbul etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-346/2025 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Borclu tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-248/2024 saylı qətnaməsinin hissə-hissə icra olunmasına dair işə baxılanadək icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmasına dair yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mütənasiblik prinsipi əsasında, yəni tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansını təmin etməklə nail olmağın mümkünlüyünü nəzərə alaraq hesab edirlər ki, qətnamə ilə tutulmalı borc məbləği kifayət qədər yüksək olduğundan, həmin borcun birdəfəyə ödənilməsi, cavabdehin öz fəaliyyətinin tənzimlənməsində maliyyə cətinlikləri yaratmaqla, onun dövlət, eyni zamanda həm iddiaçının, həm də digər hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərinin icrasına mane ola bilər. Digər tərəfdən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4cü maddəsinin tələbinə əsasən icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Tərəflərindən Binəqədi rayon Məhkəməsinə müraciət olunaraq borcun 1 (bir) il müddətində hər ay 921,23 (doqquz yüz iyirmi bir manat 23 qəpik) manat məbləğində ödəniş edilmək üçün qətnaməyə möhlət verilməsi xahiş olunmuşdur. Hazırda ərizə təmin edilmədiyindən bu qərardaddan apellyasiya şikayəti verilmişdir. Belə olan halda hesab edirlər ki, icra tədbirləri dayandırılmalıdır. Belə ki, qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə müraciət etdildiyi üçün icra məmuru icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalıdır. Nəzərə alınsa ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsi qətnamənin icrasına möhlət verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və bu halda icraat məcburi olaraq dayandırılmasını özündə ehtiva edir. Həmin normanın məzmunundan da aydın olduğu kimi burada icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair iddia qaydasında mübahisə açılmasından söhbət gedir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-346/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Tələbkar borclu tərəfindən verilmiş şikayətə etiraz təqdim edərək, "xxxx" MMC-nin icra məmurunun borclunun banklardakı pul vəsaitinin üzərinə həbs qoyulması və tələbin həmin pul vəsaitinə yönəldiməsinə dair xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-346/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması və kassasiya şikayətinin verilməsinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-248/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməyən əmək haqqının əvəzi olaraq 7.500 manat, əmək haqqının gecikdirilməsinə görə 2.250 manat, məzuniyyət gününün son haqq-hesabının əvəzi olaraq 1304.8 manat məbləğində və nümayəndəyə göstərdiyi hüquqi xidmətin əvəzi olaraq 161 manat, ilkin mediasiya sessiyasında xərcinin əvəzi qismində 50 manat olmaqla cəmi 11265.80 məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Maraqlı şəxs icra məmuru Şakir Bahadırov tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərara görə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-248/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10 gün müddətində könüllü icrası tələb edilmiş, həmin qərar və bu barədə bildiriş xx.xx.2025-ci il tarixində borclunun ünvanına göndərilmişdir. Maraqlı şəxs icra məmuru Şakir Bahadırov tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli borclunun manatla və ya xarici valyutada olan pul vəsaitlərinin üzərinə həbs qoyulması və borclun həmin pul vəsaitlərinə yönəldilməsi haqqında qərara görə, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət və xarici valyuta ilə olan pul vəsaitlərinin 11365,8 manat məbləğində və 795 manat həcmində üzərinə manat ekvivalentinə uyğun həbs qoyulması, həmin həcmdə satışı bank və qeyri bank təşkilatlarına həvalə edilərək, borc tələbi həmin pul vəsaitlərinə yönəldilməklə, köçürülməsinin təmin edilməsi qərara alınmışdır. Maraqlı şəxs icra məmuru Şakir Bahadırov tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli icra ödənişinin alınması barədə qərara görə, borclu tərəfindən icra sənədinin icrası ona verilmiş müddət ərzində təmin edilmədiyindən, borcludan 795,60 manat icra ödənişinin alınması qərara alınmışdır. 46576/2025-14 saylı, xx.xx.2025-ci il tarixli inkasso sərəncamına görə, 11365,8 manat məbləğində pul vəsaitinin Binəqədi rayon İcra Şöbəsinin hesabına 7 gün müddətində köçürülməsi "xxxx" ASC-dən tələb edilmişdir. Beləliklə iş materiallarından göründüyü kimi icra məmuru icra sənədinin icrasına nail olmaq üçün xx.xx.2025-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul etmiş və tələbin könüllü icrası barədə bocluya bildiriş ünvanlamışdır. Lakin tələb könüllü icra müddətində icra edilməmişdir. Məhkəmə Kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 17.1.4-cü maddəsində qeyd edilmişdir ki, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatlardan elektron qaydada sorğulanır, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Həmin Qanunun 46.2-ci maddəsinə əsasən icra məmuru borclunun Azərbaycan Respublikasında xarici valyuta satmaq hüququ olan banklarda və ya başqa kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan xarici valyuta ilə pul vəsaitləri üzərinə həbs qoyur və öz qərarı ilə xarici valyutanın bu Qanunun 45.7-ci maddəsində nəzərdə tutulmuş həcmdə satışını həmin banka və ya digər kredit təşkilatına həvalə edir. Həmin Qanunun 56.3-cü maddəsinə əsasən borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. Göründüyü kimi borclu tərəfindən tələb könüllü icra müddətində icra edilmədiyindən borclu barəsində məcburi icra tədbirləri həyata keçirilmişdir. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-307/2025 saylı qərardadı ilə borclunun sözügedən ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-239/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu "xxxx" MMC-nin şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 8(001)- 307/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, borclu "xxxx" MMC-nin icra məmurunun borclunun banklardakı pul vəsaitinin üzərinə həbs qoyulması və tələbin həmin pul vəsaitinə yönəldiməsinə dair xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayətin əsaslı olmadığından təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, işin faktiki hallarından göründüyü kimi borclunun manatla və ya xarici valyutada olan pul vəsaitlərinin üzərinə həbs qoyulması və borclun həmin pul vəsaitlərinə yönəldilməsi zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin tələb icra olunmamışdır. Göründüyü kimi məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Digər tərəfdən borclu “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsinə istinad etsə də iş materiallarından görünür ki, borclu qətnamənin icrasına möhlət verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir ki, bu da istinad olunan maddəyə əsasən icra sənədi üzrə icraat məcburi olaraq dayandırılması üçün əsas deyil, çünki “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsində icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair iddia qaydasında mübahisə açılması qeyd edilmişdir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu "xxxx" MMC tərəfindən verilən şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-346/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(103)-275/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-275/2025
17.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver