Məhkəmə qərarları › İş №8(103)-276/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-276/2021

23.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-276/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalovun təqdimatına baxılmasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 8(011)- 314/2021 saylı qərardadından borclunun şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Mehdi Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrası başa çatdırılana Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 8(011)-314/2021 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Borclu ölkədən getmək hüququ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4129/2019 saylı 08.05.2019-cu il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Borclu qərardaddan şikayət verərək, onun ləğv edilməsi və onun ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması barədə qərardad qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, onun əsas iş yeri xarici ölkələrdədir. 25000 manat pulun ödənilməsi barədə qərarın icrası ilə bağlı maddi imkanı yoxdur, ancaq ölkədən çıxışına qoyulmuş qadağa götürüldükdən sonra işləmək məqsədi ilə xaricə gedib həmin məbləği əldə edib tələbkara ödəmək imkanı mümkündür. Məhkəmənin 21.05.2021-ci il tarixli qərardadı ilə borclunun şikayəti təmin olunmayaraq, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclu şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4129/2019 saylı 08.05.2019-cu il tarixli icra sənədinə əsasən evin tikilməsinə ər-arvadın ümumi qazancı hesabına sərf edilmiş 50000 manat vəsaitin yarısı 25000 manat Borclu alınaraq X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” 29 iyul 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın. Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə isə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Kollegiya qeyd edir ki, “İcra haqqında” Qanun, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. Hazırki işin hallarında isə görünür ki, icraata başlamaq haqqında qərar 28.11.2019-cu il tarixdə qəbul edilmiş, Borclu 06.12.2019-cu il tarixində tələbin könüllü icrası haqqında bildirişi və icraata başlamaq haqqında qərarı imza etməklə almışdır. Göründüyü kimi, borclunun icra sənədi haqqında məlumatı var və ona könüllü icra üçün vaxt verilmiş, lakin bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı tam olaraq həyata keçirməmişdir. Odur ki, borclunun dəlilləri əsaslı deyil və həmin dəlillər formal xarakter daşıyır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, borclunun ölkə hüdudlarından çıxması borcun ödənilməmiş, icra sənədinin isə icra olunmadan qalmasına gətirib çıxara bilər. Bu səbəbdən kollegiya borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasını məqsədəmüvafiq hesab etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclunun şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 8(011)-314/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar