Məhkəmə qərarları › İş №8(103)-276/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-276/2023

16.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-276/2023 16.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, X6 və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 8(002)-88/2023 saylı qərardadından icra məmuru X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2732/2018 saylı icra vərəqəsinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. 14 mart 2023-cü il tarixdə Qaradağ rayon İcra şöbəsinin icra məmuru Rəsul Mirzəpur təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2732/2018 saylı icra vərəqəsinə izah verilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2732/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata ilk dəfə xx.xx.2018-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin sonradan taləbkar Tələbkar xx.xx.2018-ci il tarixdə ərizə ilə Qaradağ rayon icra şöbəsinə müraciət edərək, borclunun Gürcüstan vətəndaşı olduğunu və daimi olaraq Gürcüstanda yaşadığını, hər 3 aydan bir Azərbaycana daxil olaraq miqraqsiya xidmətində müvəqqəti qeydiyyata düşdüyü üçün icra vərəqəsinin Gürcüstan Respublikasına göndərilməsi ilə əlaqədar qeyd olunan İcra sənədinin Qaradağ rayon məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2732/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə geri qaytarılmışdır. Qeyd olunan icra sənədi təkrarən xx.xx.2022-ci il tarixdə Qaradağ rayon icra şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraya yönəldilmişdir. Borclu Azərbaycan Respublikası vətəndaşı olmadığından, tələbin yönəldilə biləcək əmlak və gəlirlərinin olmasını müəyyən etmək mümkün olmamışdır. İcra sənədinin icra olunmasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə borclunun icra sənədində qeyd olunan ünvanına baxış keçirilmiş, lakin borclunun qeyd olunan ünvanda yaşamadığı müəyyən edilmişdir. Bu barədə müvafiq akt tərtib edilərək, icra işinin materiallarına əlavə edilmişdir. Daha sonra, icra zamanı məlum olmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2732/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi Gürcüstan Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə tanınaraq məcburi icraya yönəldilmişdir. Həmçinin Gürcüstan Milli İcra Bürosunun xx/xx-3160 saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən icra sənədi hal-hazırda icraatda olduğu müəyyən edilmişdir. Göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2732/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş, Gürcüstan Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə tanınaraq məcburi icraya yönəldilmiş, hal-hazırda Gürcüstan Milli İcra Bürosunun xx/xx-3160 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən icraatda olan, o cümlədən xx.xx.2022-ci il tarixdə yenidən Qaradağ rayon icra şöbəsinə yönəldilmiş icra sənədi üzrə icra tədbirlərinin hansı ölkədə aparılmalı olduğu barədə izah verilməsi xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(002)-88/2023 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-2732/2018 nömrəli icra vərəqəsinin Azərbaycan Respublikasının ərazisində icra edilməli olması izah edilmişdir. İcra məmuru X5 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(003)-88/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və Qaradağ Rayon Məhkəməsinin 2(002)-2732/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin Gürcüstan Respublikası ərazisində icra olunmalı olduğuna dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 8(002)-88/2023 saylı qərardadından verilmiş şikayət, həmin məhkəmənin 19 iyul 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, məhkəmə öz qərarında borclunun Gürcüstan Respublikası vətəndaşı olmasına baxmayaraq xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası ərazisində olduğunu və Azərbaycan Respublikasını tərk etmədiyini, həmçinin Gürcüstan Respublikasının ərazisində tələb yönəldilə biləcək əmlak və pul vəsaitinin olmadığını əsas gətirərək icra sənədinin Azərbaycan Respublikası ərazisində icra edilməli olması barədə qərardad qəbul etmişdir. Hesab edir ki, borclu Gürcüstan Respublikası vətəndaşı olduğundan, icra sənədi Gürcüstan Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə tanınaraq məcburi icraya yönəldildiyindən və hal-hazırda icraata olduğundan borclu barəsində zəruri icra tədbirlərinin, həmçinin məsuliyyət tədbirlərinin görülməsi, vətəndaşı olduğu Gürcüstan Milli İcra Bürosu tərəfindən görülməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 8(002)-88/2023 saylı qərardadı ləğv edilməli, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(002)-2732/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Tələbkar Sadıq qızının cavabdeh Borclu qarşı “aliment” tələbinə dair iddiası təmin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(002)- 2732/2018 saylı icra vərəqəsindən (icra vərəqəsi 11 noyabr 2022-ci il tarixdə verilmişdir) görünür ki, cavabdeh Pholadov (Poladov) Zokhrab (Zöhrab) Ədalət oğlundan 10 iyul 2018- ci il tarixdən başlayaraq 28 sentyabr 2013-cü il tarixdə doğulmuş X3 və 05 aprel 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. 05AB21736 nömrəli pasportun surətindən görünür ki, qeyd olunan icra vərəqəsi üzrə borclu Pholadov (Poladov) Zokhrab (Zöhrab) Ədalət oğlu xx xxxxxx 1989-cu il tarixdə Marneuli rayonunda doğulmaqla, Gürcüstan Respublikasının vətəndaşıdır. Gürcüstan Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, A-4550-İİİ-143-2019 saylı qərardadından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi Gürcüstan Respublikası ərazisində tanınmış və icraya yönəldilmişdir. Gürcüstan Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadında göstərilmişdir ki, Borclu Gürcüstan Respublikasının vətəndaşı olmaqla, orada daimi qeydiyyatdadır. Lakin iş materiallarını araşdıran Gürcüstan Ali Məhkəməsi qeyd etmişdir ki, borclu Gürcüstan Respublikasında qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayır. Tələbkar vəsatətinə borclunun Gürcüstan ərazisində icra sənədində göstərilən tələb üzrə tutmanın yönəldilə biləcəyi pul vəsaiti, daşınar və daşınmaz əmlakının mövcudluğuna dair sübutları əlavə etməmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 02 fevral 2023-cü il tarixli, 57/36 saylı məktubundan görünür ki, Borclu ünvan 1 ünvanda kirayəşin olaraq yaşadığı qeyd edilsə də, həmin ünvana baxış keçirilmiş, borclunun hazırda orada yaşamadığı müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Habelə "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli arayışından da borclunun hazırda həmin ünvanda yaşamadığı məlum olmuşdur. 123 saylı MKİS-in 08 aprel 2023-cü il tarixli arayışından görünür ki, Poladov X4 qəsəbəsi Şamaxıyolu 5Q saylı evin 74 saylı mənzilində yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin 11 may 2023-cü il tarixli 3-37/2-119xx-xx/2023 saylı məktubundan görünür ki, Borclu sonuncu dəfə ölkədə müvəqqəti olma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və Abşeron rayonu Saray qəsəbəsi M.Əsədov küçəsi 1, Saray H yaşayış kompleksi, ev 69, mənzil 24 ünvanına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 10 may 2023-cü il tarixli, 3-38-33/2-1691/23 saylı məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Gürcüstan vətəndaşı Borclu sonuncu dəfə dövlət sərhəddini İAMAS bazasındakı məlumatlara əsasən 31 may 2022-ci il tarixdə keçmiş, Azərbaycan Respublikasına daxil olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. İş materiallarından göründüyü kimi icra məmurunun izahla bağlı təqdimat verməklə icra vərəqəsinin Gürcüstan Respublikası ərazisində icra edilməli olması barədə qərardad qəbul edilməsini xahiş edir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədinə izah verilməsinə əsas olan hal kimi icra sənədində göstərilmiş tələblərin aydın olmaması nəzərdə tutulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(002)- 2732/2018 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Pholadov (Poladov) Zokhrab (Zöhrab) Ədalət oğlundan 10 iyul 2018- ci il tarixdən başlayaraq 28 sentyabr 2013-cü il tarixdə doğulmuş X3 və 05 aprel 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra vərəqəsindən göründüyü kimi tələb kifayət qədər aydın, anlaşılan ifadələrlə tərtib edilmiş və icra vərəqəsində heç bir anlaşılmazlıq, çətin başa düşüləcək ifadə yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, icra məmuru X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 8(002)-88/2023 saylı qərardadı ləğv edilməli, icra vərəqəsinə izah verilməsi ilə bağlı təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 8(002)-88/2023 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2732/2018 saylı icra vərəqəsinə izah verilməsi ilə bağlı təqdimat təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar