Məhkəmə qərarları › İş №8(103)-277/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-277/2022

08.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-277/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Borclu nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyev məhkəməyə təqdimatla və əlavə ərizə ilə müraciət edərək Borclu "xxxx" MMC-də nizamnamə kapitalındakı payı 25%, "xxxx" şirkətində nizamnamə kapitalındakı payı 25% və "xxxx" MMC-də nizamnamə kapitalındakı payı 25 % təşkil etdiyini və icra sənədi üzrə tələbin qalıq hissəsinin təmin edilməsi məqsədilə həmin payların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019-022 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 1.114.703 manat məbləğində pul iddiaçı "Azinteroil” MMC-nin təsisçiləri Tələbkar və X1 xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Eyni zamanda icra sənədi barədə cavabdeh Borclu etibarnamə üzrə nümayəndəsi Vəkil1 məlumatlandırılmışdır. Məcburi icra tədbirləri nəticəsində icra sənədi üzrə tələbin 630.000 manatı Borclu əmlakına yönəldilmiş, lakin icra sənədi üzrə borcun qalıq məbləği 484.703 manat borclu tərəfindən tələbkara ödənilməmişdir. Hal-hazırda borclu ölkə hüdudlarından kənara çıxmışdır. Tələbkar X2 şöbəyə ərizə ilə müraciət edərək Borclu "xxxx" MMC-də nizamnamə kapitalındakı payı 25%, "xxxx" şirkətində nizamnamə kapitalındakı payı 25% və "xxxx" MMC-də nizamnamə kapitalındakı payı 25 % təşkil etdiyini və icra sənədi üzrə tələbin qalıq hissəsinin təmin edilməsi məqsədilə həmin payların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, daha əvvəl icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru Ramin Quliyev xx.xx.2021-ci il tarixdə təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin, ünvan 1 ünvanda yerləşən ˝nabirheM˝ kafesinin və ünvan 2nvanda yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(006)-193/2021 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Həmin qərardaddan verilmiş şikayət Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(006)-193/2021 saylı qərardadı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(103)-324/2021 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(006)-193/2021 saylı qərardadı ləğv edilmiş, təqdimat qismən təmin edilmiş, borclu Şahbazov Şahbaz Qara oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 48 A ünvanında yerləşən fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin (borclu Şahbazov Şahbaz Qara oğluna aid hissədə) və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 205 ünvanında yerləşən “Mehriban” kafesinin (borclu Şahbazov Şahbaz Qara oğluna aid hissədə) üzərinə həbs qoyulmuşdur. Sözügedən qərardadın icrası ilə əlaqədar icra məmuru R.Quliyev Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyatı müəssisəsini 630.000 manata hərrac yolu tələbkarların öz adına özgəninkiləşdirmişdir. Eyni zamanda Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 205 ünvanda yerləşən “Mehriban” kafesinin qiymətləndirilməsi həyata keçirilmiş və sözügedən əmlaka 1.200.000 (bir milyon iki yüz min) manat qiymət qoyulmuşdur. Məhkəmə təqdimata baxarkən Borclu əmlaklarının üzərinə həbs qoyulmasına baxmayaraq, digər əmlaklara münasibətdə hərracın keçirilməsi mümkünsüzlüyü halını aydınlaşdırmamışdır, halbuki üzərinə həbs qoyulmuş ˝nabirheM˝ kafesinin qiyməti sözügedən icra sənədi üzrə ödənilməmiş 484.703 manat məbləğində borcu tamamilə bağlaya bilər. Nizamnamə kapitalının 25 manat olmasına baxmayaraq, sözügedən şirkətlərə məxsus daşınmaz əmlakların milyonlarla dəyəri var. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq onların qismən əsaslı olması qənaətinə gəlir və hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (İcra haqqında Qanunun 50.2. və 50.4.1. maddələri). Qanunun mənasına görə, borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür (maddə 45.2). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur (maddə 45.6). Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, icra məmuru təqdimatını Borclu "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin hər birinin nizamnamə kapitalındakı 25 % payına yönəldilməli olması ilə əsaslandırsa da, sonda Borclu məxsus olan səhmlərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bununla bağlı nəzərə alınmalıdır ki, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" müəssisələri təşkilati-hüquqi formasına görə məhdud məsuliyyətli cəmiyyətdirlər və Borclu həmin müəssisələrin həmtəsisçisi olaraq onların hər birində nizamnamə kapitalında 25% paya malikdir. Adı çəkilən müəssisələr məhdud məsuliyyətli cəmiyyətlər olduğuna görə və bu tip müəssisələrin səhmləri olmadığına görə, cavabdehin həmin müəssisələrdəki səhmlərinə həbsin qoyulması və tutmanın yönəldilməsi prinsipcə mümkün deyildir. Mülki qanunvericilikdə təsərrüfat cəmiyyətlərinin məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilməsi imkanı nəzərdə tutulmuşdur (MM 64.3-cü maddə). Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Qeyd edilən qanunvericilik normalarının dispozisiya şərtlərindən müəyyən edilir ki, Məhdud Məsuliyyətli Cəmiyyət və Səhmdar Cəmiyyət öz təşkilati-hüquqi formasına və təsisçilərin müəssisənin təsis payında iştirakının formasına görə bir-birindən fərqlənirlər. Belə ki, mülki qanunvericilikdə Məhdud Məsuliyyətli Cəmiyyətin səhmlər buraxması imkanı nəzərdə tutulmamışdır. Deməli, Borclu məxsus səhmlərin üzərinə həbs qoyulmasına dair təqdimat düzgün verilməmişdir. Lakin təqdimata baxan birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar araşdırılmamış, qeyd edilən halın verilmiş təqdimatda yanlışlıqla bağlı olub-olmaması, yaxud təqdimatın həqiqətən də borclu şəxsə məxsus hansısa səhmlərlə bağlılığına qiymət verilməmişdir. Təqdimatın borclu şəxsin adı çəkilən müəssisələrdəki təsis payı ilə bağlı olması halına münasibətdə kollegiya qeyd edir ki, qanunvericilik icra sənədinin icrası zamanı icra məmurunun üzərinə tələbin yönəldilməli olduğu əmlakların xüsusi ardıcıllığına riayət etmək vəzifəsi qoyur, həmçinin tələbin yönəldilməsinə yol verilməyən əmlakların dairəsini müəyyən edir. Əgər tələbin borclunun əmlakına yönəldilməsi barədə qanuni əsaslar varsa, icra məmuru bu barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət etməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, hazırkı icra sənədi üzrə Borclu məxsus bir neçə əmlakın - Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 48 A ünvanında yerləşən fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin (borclu Şahbazov Şahbaz Qara oğluna aid hissədə) və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 205 ünvanında yerləşən “Mehriban” kafesinin (borclu Şahbazov Şahbaz Qara oğluna aid hissədə) üzərinə həbs qoyulmuşdur. Həmçinin, müəyyən edilir ki, həmin əmlaklardan biri - Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 48 A ünvanında yerləşən fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsi (borclu Şahbazov Şahbaz Qara oğluna aid hissədə) özgəninkiləşdirilmiş və əldə edilən vəsait borcun ödənilməsinə yönəlmişdir. Lakin digər iki əmlakla bağlı hər hansı icra hərəkətlərinin aparılması iş materialları ilə müəyyən edilmir. Birinci instansiya məhkəməsi hazırkı təqdimatı araşdırarkən bu hala da qiymət verməmişdir. Ümumiyyətlə, iş materiallarından icra məmuru tərəfindən yuxarıda qeyd edilən əmlaklardan başqa, borclunun tələbin yönəldilə biləcəyi digər əmlaklarının müəyyən edilməsi və həmin əmlaklara tutmanın yönəldilməsi ilə bağlı hər hansı tədbir görməsi müəyyən edilmir. Əksinə, borclu tərəfin qərardaddan verdiyi şikayətə əlavə edilən sənədlərdən görünür ki, onun mülkiyyətində müxtəlif daşınmaz əmlaklar vardır. Habelə, müəyyən edilir ki, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-lərin balansında əmlaklar mövcuddur. Lakin bu əmlaklara tutmanın yönəldilməsi imkanları məhkəmə tərəfindən araşdırılmamış, əgər həmin əmlaklara tutma yönəldilə bilməzsə, bunun səbəbləri müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, qeyd edilən hallar araşdırılmadan və onlara qiymət verilmədən hazırkı təqdimatın həll edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 94.1-ci maddəsinə əsasən iştirakçının şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Qanunun imperativ xaraket daşıyan bu müddəasının dispozisiya şərtindən göründüyü kimi, borclunun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına onun şəxsi borclarına görə tutmanın yönəldilməsi yalnız o halda mümkündür ki, onun mülkiyyətində borcun yönəldilə biləcəyi başqa əmlakları mövcud olmasın. Hazırkı işin hallarını və verilmiş təqdimatın dəlillərini bu normanın tələbləri baxımından təhlil etdikdə belə qənaətə gəlmək olur ki, borclu Şahbazov Şahbaz Qara oğlunun "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-lərin nizamnamə kapitalındakı payına tutmanın yönəldilməsi yalnız o zaman mümkün ola bilər ki, onun borcuna görə tutmanın yönəldilə biləcəyi başqa əmlakları olmasın. Göründüyü kimi, birinci instansiya məhkəməsi borclunun başqa əmlakının onun icra sənədi üzrə borclarını ödəməyə kifayət edib-etmədiyi üzrə araşdırma aparmadan borcun məhdud məsuliyyətli cəmiyyətərin əmlaklarındakı payına yönəldilməsi barədə təqdimatı əsassız olaraq təmin etmişdir. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməklə, iş təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Təqdimatın əsaslılığı məsələsini həll edərkən birinci instansiya məhkəməsi yuxarıda şərh edilən halları nəzərə almaqla, onların hər birinə qiymət verməklə, zəruri olduqda isə icra işini tələb edərək tədqiq etməklə müvafiq qərar qəbul etməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin və iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar