Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-278/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, Binəqədi Rayon İcra Şöbəsinin icra məmurun tərəfindən verilmiş, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata dair iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadından icra sənədi üzrə tələbkar "xxxx" MMCnin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək xahiş edib ki, Binəqədi Rayon Məhkəməsinin verdiyi, Borclu tələbkar "xxxx" MMC-nin xeyrinə 1359 manat və 20 manat pul tutulması barədə 2(001)-5632/2021 nömrəli xx.xx.2021 nömrəli məhkəmə əmri (icra sənədi) üzrə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, təqdimat təmin edilməsin. Tələbkar "xxxx" MMC-nin şikayət verərək xahiş edib ki, həmin qərardad ləğv edilsin və təqdimat təmin olunsun. Məhkəmə şikayətin həlli ilə bağlı aşağıdakıları qeyd edir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanundan göründüyü kimi, 2 şərt mövcud olduqda qeyd olunan məhdudlaşdırma tətbiq edilə bilər: könüllü icra üçün müəyyən olunmuş müddətin bitməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi. Hazırkı işdə hər 2 şərt mövcuddur, yəni könüllü icra üçün müəyyən edilmiş müddət bitib və icra sənədi üzrsüz səbəbdən icra edilməyib. Bu kimi hallarda icra sənədinin icra edilməməsinin üzrlü səbəbdən baş verdiyini borclu sübut etməlidir, lakin borclu bu barədə sübut təqdim etməyib. Ona görə də hesab olunur ki, icra sənədi üzrsüz səbəbdən icra edilməyib. Bundan başqa, hazırkı işdə ölkədən getmək hüququnun məhdudlaşdırılması işin hallarına görə zəruridir. Belə ki, borclu müqavilə öhdəliyini icra etmədiyinə görə tələbkar pulun tutulması üçün məhkəməyə müraciət edib, xx.xx.2021-ci ildə məhkəmə əmri çıxarılıb, lakin ötən 2 ilə yaxın müddətdə borclu həmin pulu ödəməyib. Birinci instansiya məhkəməsinin istinad etdiyi hallar təqdimatın rədd edilməsinə əsas ola bilməz. Beləliklə, qərardad ləğv olunmalı və təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar "xxxx" MMC-nin şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadı ləğv edilsin. İcra məmurunun təqdimatı təmin olunsun. xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-278/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-278/2023
18.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver