Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-279/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-323/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsi (icra məmuru Türkay Yusifli) təqdimatla məhkəməyə müraciət edərək, borclu X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, giriş 344, mərtəbə 14, M4 yerləşən 3 otaqlı mənzilinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-323/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Daha sonra borclu X3 (bundan sonra borclu) tərəfindən qərardaddan elektron qaydada şikayət və şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə təqdim olunmuşdur. Borclu müddətin bərpası barədə ərizəni onunla əsaslandırmışdır ki, onun qərardaddan məlumatı olmamış, yalnız qiymətləndirmə şirkətindən evə baxış keçirilməsi ilə bağlı zəng edilən zaman məlumatlı olmuşdur. Dərhal nümayəndə və vəkili məhkəməyə müraciət edərək qəraradadı rəsmi şəkildə 25 aprel 2025-ci ildə qəbzə imza etməklə əldə etmişdir. Məhkəmə qərardadın elektron kabinetə yerləşdiridiyini qeyd etsə də, o heç vaxt elektron kabinetdən istifadə etməmişdir. Ona qiymətləndirmə şirkətindən zəng gələn zaman bilmişdir ki, belə bir qərardad çıxarılmışdır. MPM-in müvafiq maddəsinin tələbinə əsasən məhkəmə vətəndaşlara sözügedən qərardadı poçt vasitəsilə də göndərməli idi. Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-323/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Leyla Şövkətli-Mənsimli) ərizə təmin olunmamışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-323/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə Borclu şəxsi elektron kabinetində yerləşdirilmişdir. Odur ki, qərardaddın rəsmi qaydada alınması vaxtı mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, qərardadın borclunun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirildiyi vaxt, yəni xx.xx.2025-ci il tarixi hesab olunmalıdır. Borclu həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-323/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün iş materialları ilə birgə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Tələbkar şikayətə qarşı etiraz ərizəsi ünvanlanaraq - tərəflər arasında mübahisəyə dair yekun məhkəmə qərarı qüvvəyə mindikdən sonra icraya yönəldildiyini, icra mərhələsində borclunun icradan yayınmaq üçün bütün vasitələrdən istifadə etdiyini, borc könüllü şəkildə ödənilmədiyindən borclunun əmlak üzərinə məhkəmə tərəfindən haqlı olaraq həbs qoyulduğunu, məhkəmənin qərardadı həm borclunun, həm də onun nümayəndəsinin (vəkili) elektron kabinetinə yükləndiyini, bununla da tərəfə rəsmi qaydada təqdim olunduğunu, lakin borclu tərəifndən şikayət vermə müddətinin üzrsüz səbəblərdən ötürüldüyünü, birinci instansiya məhkəməsinin haqlı olaraq müddəti bərpa etməməsini və s. göstərərək, şikayətin təmin olunmaması xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətə şifahi məhkəmə icraatı qaydasında baxılmasını zəruri hesab etməmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qərardadı rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qərardad qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 323/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı elektron qaydada imzlanmış, qərardad əsas sənəd kimi 13 mart 2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində borclunun özünə məxsus elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda, borclunun həmin qərardaddan apellyasiya şikayəti verməsi üçün son günü 23 mart 2025-ci il tarixidir. Lakin, borclu tərəfin şikayəti 38 gün gecikmə ilə - 30 aprel 2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuşdur. MPM-in 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-nin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Borclunun ərizəsi və onunla eyni məzmunlu şikayətində müddətin buraxılmasının səbəbi kimi, qərardadın borcluya rəsmi qaydada təqdim olunmaması, eləcə də nümayəndəsi (vəkili) tərəfindən 25 aprel 2025-ci il tarixdə götürülməsini göstərsə də, bu hal qərardaddan şikayət verilməsi müddətinin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz. Çünki, mülki prosessual qanunvericiliyə əsasən tərəflər məhkəmə aktından şikayəti həmin aktın müvafiq tərəfə rəsmi qaydada təqdim olunduğu gündən hesablanmaqla verə bilərlər. Beləliklə, borclu qərardaddan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürmüş, prosessual müddətin bərpasına dair verdiyi ərizədə göstərilən səbəblər isə müddətin üzrlü sayılmasına qanuni əsas təşkil edə bilməz. Borclu prosessual müddətin üzrlü səbəblərdən ötürməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, borclu tərəfindən müddətin ötürülməsinin üzrlü sayılması və bərpa olunması üçün prosessual əsaslar mövcud deyildir. Həmçinin, qeyd edilməlidir ki, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-323/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin, həmin qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-279/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-279/2025
17.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver