Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-28/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-709/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru Cəmil Tağıyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov rayon məhkəməsinin 2(005) 3439/2020 nömrəli, 21.10.2020-ci il tarixli və Nizami rayon Keşlə Bələdiyyəsinin 28.09.2021-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınmaz əmlakına yönəldilməsi üçün Borclu adına ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,39 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3439/2020 nömrəli, 21.10.2020-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 müştərək qaydada cəmi 686,75 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin 28.09.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1289,41 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bakı şəhəri Nizami Rayonu Keşlə Bələdiyyəsinin xeyrinə ödənilməlidir. İcra sənədləri müxtəlif tarixlərdə şöbənin icraatına daxil olmuş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraya yönəldilmişdir. İcra sənədləri üzrə borcun ödənilməsi məqsədi ilə Borclu barəsində məcburi icra hərəkətləri həyata keçirilərək, “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Borclu adına ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,39 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir. İcra sənədlərinin icrasının təmin edilməsi məqsədilə tələbin borclunun daşınmaz əmlakına yönəldilməsi üçün Borclu adına olan həmin torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-709/2021 nömrəli 18 noyabr 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Bakı Şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-3439/2020 nömrəli, 21.10.2020-ci il tarixli və Nizami rayon Keşlə Bələdiyyəsinin 28.09.2021-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə Borclu adına ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,39 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-709/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qərardadından şikayət verərək ləğv edilməsini və təqdimatın rədd olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayonu Keşlə Bələdiyyəsi ilə aralarındakı razılaşmaya əsasən pulu hissə-hissə ödəyir. Tələbkar QSC-yə ödəməli olduğu 686 manatı isə pandemiya dövründə heç yer işləmədiyi üçün ödəyə bilməmişdir. Hazırda 686 manata görə torpaq sahəsinin üzərinə həbs qoyulması ədalətsizlikdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli, 8(005)-709/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur (maddə 50.1 və 50.2). İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005) 3439/2020 nömrəli 21.10.2020-ci il tarixli icra sənədinin surətindən görünür ki, Borclu və X1 müştərək qaydada cəmi 686,75 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənməlidir. Həmçinin iş materiallarında olan Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin 28.09.2021-ci il tarixli qərarının surətindən görünür ki, Borclu cəmi 1289,41 manat məbləğində pul vəsaiti tutularaq Bakı şəhəri Nizami Rayonu Keşlə Bələdiyyəsinin xeyrinə ödənilməlidir. İş materiallarında olan “Elektron İcra” İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, Borclu adına ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,39 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icraata başlamaq haqqında 16.12.2020-ci il tarixli və 13.10.2020-ci il tarixli qərarlarının surətindən görünür ki, müvafiq tələblərin 10 (on) gün müddətində könüllü icra edilməsinə dair qeyd edilən qərar bildirişlə birlikdə borcluya göndərilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, tələbkarın maraqlarını nəzərə alaraq, borcluya məxsus əmlakın üzərinə həbs qoymaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, icra sənədi üzrə tələb ödənilmədiyinə görə borcluya məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. İcra sənədi üzrə tələb borclu tərəfindən təmin edilmədiyindən qərardadın ləğv olunması və ya üzərinə həbs qoyulmuş əmlakın üzərindən həbsin götürülməsinə dair şikayətin dəlili əsassızdır. Mülki-Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-709/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-28/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-28/2022
27.01.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver