Məhkəmə qərarları › İş №8(103)-280/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-280/2021

14.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-280/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Borclu Alxasova (Süleymanova) Sabrina Cavidovnanın iştirakı ilə, Borclu Alxasova (Süleymanova) Sabrina Cavidovnaya məxsus torpaq sahəsinin üzrərinə həbs qoyulması barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Zaur Həmzəyevin təqdimatına baxılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli 8(007)-65/2021 saylı qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2013 nömrəli 02.09.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Alxasova (Süleymanova) Sabrina Cavidovnanın mülkiyyətində Quba rayonu, Hacıhüseynli kəndində, kənd təsərrüfatlı təyinatlı torpaq 0.0940 bağ sahəsinin (əmlakın ümumi sahəsi 0.0940 torpaq) üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, tərəfindən 04.03.2020-ci il tarixli qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Alxasova (Süleymanova) Sabrina Cavidovnanın əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqanlara sorğular edilmiş və elektron portal çıxarışa əsasən Alxasova (Süleymanova) Sabrina Cavidovnanın mülkiyyətində Quba rayonu, Hacıhüseynli kəndində, kənd təsərrüfatlı təyinatlı torpaq 0.0940 bağ sahəsi (əmlakın ümumi sahəsi 0.0940 torpaq) aşkar edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli 8(007)-65/2021 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2013 nömrəli 02.09.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Alxasova (Süleymanova) Sabrina Cavidovnanın mülkiyyətində Quba rayonu, Hacıhüseynli kəndində, kənd təsərrüfatlı təyinatlı torpaq 0.0940 bağ sahəsinin (əmlakın ümumi sahəsi 0.0940 torpaq) üzərinə həbs qoyulmuşdur. Hazırda borclu şikayət verərək, göstərmişdir ki, 18 fevral 2021-ci il tarixə məhkəmənin təyin olunması barədə onların ünvanına 22 fevral 2021-ci il tarixdə məktub daxil olmuşdur, yəni məhkəmə iclasından sonra. Belə ki, onun öz hüquqlarını qorumaq imkanı olmayıb. Onu da bildirir ki, bu icraat ilə bağlı hər ay zərər çəkmiş şəxsə maddi vəsait ödəyir. Məhkəmə iclasının onun iştirakı ilə keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında borclu şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, üzərinə həbs qoyulmuş torpaq sahəsi 2010-cu ildə satılmışdır. Alıçı həmin torpaq sahəsini öz adına keçirməmişdir. Atası rəhmətə getdikdən sonra ona düşən pay anasına keçmiş, anası da Azərbaycanda yaşamadığı üçün ona etibarnamə göndərmiş, lakin hələ gəlib çıxmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2013 nömrəli, 02.09.2019-cu il tarixli icra sənədinə əsasən, X1 16000 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar1, 7000 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar2, 15000 ABŞ dolları və 1500 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar12, 50000 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar4, 10000 manat və 8750 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq Tələbkar5, 15600 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq Tələbkar6, 7000 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar7, 3300 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar8, 6600 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq Tələbkar9, 3500 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq Tələbkar10, 6000 manat və 2000 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq Tələbkar11 və 17000 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar3 verilməlidir. “Elektron icra” informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən borclu X2 mülkiyyətində Quba rayonu, Hacıhüseynli kəndində, kənd təsərrüfatlı təyinatlı torpaq 0.0940 bağ sahəsinin (əmlakın ümumi sahəsi 0.0940 torpaq) olduğu aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci bir ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə isə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadına əsasən qoyulur. Göründüyü kimi, hazırki təqdimatla icra məmuru borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir ki, qanunla da bu yolveriləndir, əmlak üzərinə həbs qoyulması həmin əmlak barəsində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Hazırki halda icra sənədinin icrası ilə bağlı zəruri icra hərəkətləri həyata keçirilmiş, lakin borclu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək üçün ona məxsus daşınmaz əmlakın üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq təqdimatı təmin etməkdə haqlı olmuşdur. Borclunun dəlilləri qərarın ləğvi üçün əsas təşkil etmir. Bununla belə, Kollegiya qeyd etməyi və maraqlı şəxslərə (o cümlədən icra məmuruna) izah etməyi zəruri hesab edir ki, hazırki halda borcluya məxsus torpaq sahəsi üzərinə həbs qoyulması tələbin həmin sahəyə “İcra haqqında” Qanunun 53-cü maddəsində nəzərdə tutulmuş qaydada yönəldilməsini ehtiva etmir. Belə ki, işdəki sənədlərdən aydın olur ki, üzərinə həbs qoyulmuş torpaq sahəsinin yalnız ¼ hissəsi borclu S.Alxasovanın mülkiyyətindədir, yəni həmin sahə dörd nəfərin ümumi birgə mülkyyətindədir. Belə olan halda isə “İcra haqqında” Qanunun 45.8-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin torpaq sahəsinə tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq borclunun ümumi mülkiyyətdə olan payı həddində yönəldilir. Belə ki, Mülki Məcəllənin 224.1-cü maddəsinin tələbinə görə, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə görə isə əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Ailə və icra qanunvericiliklərində də eyni qayda müəyyən olunmuşdur. Belə ki, Ailə Məcəlləsinin 41.1-ci maddəsinə görə, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Beləliklə, əmlak ümumi birgə mülkiyyətindədirsə, həmin əmlaka tutma yalnız borclunun payı həcmində, özü də Mülki Məcəllənin 224-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Ona görə də tələbin tam şəkildə birgə mülkiyyətdə olan torpaq sahəsinə yönəldilməsi ümumi mülkiyyətin digər iştirakçılarının payına qanunsuz müdaxilə ilə nəticələ bilər. Qeyd olunanları diqqətə çatdırmaqda Kollegiyanın məqsədi sonrakı icra prosesinin qanunun tələblərinə ciddi riayət etməklə həyata keçirilməsinə yardımçı olmaqdan ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli 8(007)-65/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar