Məhkəmə qərarları › İş №8(103)-280/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-280/2022

19.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-280/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 8(003)-173/2022 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-199/2018 saylı qətnaməsi ilə X4 və “Sədərək” firmasından "xxxx" ASC-nin xeyrinə 26233 ABŞ dolları əsas, 723 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 27006 ABŞ dolları məbləğində borcun icra vaxtı manata olan məzənnə ilə manatla və ödənilmiş dövlət rüsumu üzrə 30 manat pulun tutulması qət edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-199/2018 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X1 ərizəni onunla əsaslandırmışdır ki, bir neçə məhkəmə qətnaməsi ilə ondan böyük məbləğdə pul tutulması qət edilmişdir. Lakin onun həmin məbləğləri birdəfəyə ödəmək imkanı yoxdur. Ona görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-199/2018 saylı icra sənədi üzrə ödənilməli olan cəmi 27006 ABŞ dolları məbləğindən, hazıra qədər ödədiyi 1088 ABŞ dolları 23 sent çıxılmaqla, yerdə qalan 25917 ABŞ dolları 76 sent məbləğində borcun ayda 294 ABŞ dolları 12 sent olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 8(003)-173/2022 saylı qərardadı ilə X1nun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-199/2018 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməsi qərara alınmışdır. X1 həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(003)-173/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. X1 şikayətini ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Şikayətdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 8(003)- 173/2022 saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 8(003)-173/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi X1nun qətnamənin hissə-hissə icra olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, qətnamə hissə-hissə icra olunarkən tələbkarın da mənafeyinin nəzərə alınmalı olmasını və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməməsini əsas götürərək ərizənin təmin edilməməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 231-ci maddəsini tətbiq etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyul 1997-ci il tarixli, 2 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, qanunvericilikdə qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Kollegiya hesab edir ki, icra sənədi üzrə tələb edilən məbləğin hissə-hissə ödənilməsi tələbkarın narazılığına səbəb olacaqdır ki, bu da yolverilməzdir. Belə ki, icra sənədinin hissə-hissə icra edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin uzun müddət ərzində icrası deməkdir ki, bu da tələbkarın hüquqlarını pozur, onu məhkəmə qətnaməsindən gözləyə biləcəklərindən məhrum edir. Bu baxımdan, məhkəmə kollegiyası şikayəti əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 8(003)-173/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar