Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-280/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil, X2 və onun nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 8(009)-179/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-898/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC ilə cavabdeh X9 oglu arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə birgə nikah dövründə, yəni xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasında ödənilən 38407,35 (otuz səkkiz min dörd yüz yeddi manat otuz bes qəpik) manat ödənişin yarısının, yəni 19203,67 (on doqquz min iki yüz üç manat altmış yeddi qəpik) manat pulun cavabdeh X3 alınaraq iddiaçı Tələbkar qaytarılması qət edilmişdir.
2. İcra sənədi üzrə X2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-898/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan tutulmalı olan məbləğin hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə instansiyalarının qərarlarına hörmətlə yanaşaraq həmin qərarın icra edilməsi və məhkəmə qətnaməsi ilə qət edilmiş məbləğin iddiaçıya ödənilməsi məqsədilə tərəfindən müəyyən məbləğdə pul vəsaitləri ödənmişdir. Hal-hazırda o heç bir yerdə işləmir və əmək haqqı almır, şəxsi dolanışıq xərcləri atası Qanuni nümayəndə tərəfindən ödənilir. Lakin oda işləmək üçün daimi iş yeri axtarır ki, aldığı məvacibdən iddiaçıya olan borcundan ödənişlər etsin. Maddi vəziyyəti çox ağır durumdadır.
4. Səbail Rayon Məhkəməsinin 8(009)-179/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-898/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X2nun ərizəsi təmin edilməmişdir.
5. Qərardaddan narazı qalan X2 şikayət verərək, ərizənin təmin edilməsini xahiş etmişdir.
6. Borclu tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, 19 iyul 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayət yazılı icraat qaydasında təyin edilmiş, daha sonra hazırki işin mürəkkəbliyini və mövcud qeyri-müəyyənliklərin tərəfləri dinləməklə aradan qaldırılmasının mümkünlüyünü nəzərə alınaraq şikayətə tərəflərin iştirakı və onların dinlənilməsi təmin edilməklə baxılmışdır.
8. Məhkəmə Kollegiyasının iclasında borclu O.Paşayev şikayəti müdafiə edərək, işsiz olduğunu, atasının fəhlə olduğunu, maddi imkanı olmadığını, pulun ödənilməsinə atasının kömək edəcəyini bildirdi, bu səbəbdən, rayon məhkəməsinin qərardadının ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə Kollegiyasının iclasında borclu O.Paşayevin nümayəndəsi Qanuni nümayəndə ödəniş etmək niyyətinin olduğunu, 4 ay əvvəl 400 manat ödəniş etdiyini və ailəsini onun dolandırdığını, hər ay 100-150 manat ödəyə biləcəyini qeyd edərək, qərardadın ləğv edilməsini və borclu tərəfindən verilmiş ərizənin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili Vəkil şikayətlə razılaşmayaraq qeyd etdi ki, borclunun borcu ödəmə niyyəti olsa idi hissə-hissə ödənişə razı olacaqlarını, lakin belə bir niyyət olmadığından şikayətin təmin edilməməsini və rayon məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 898/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC ilə cavabdeh X9 oglu arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə birgə nikah dövründə, yəni xx.xx.2017- xx.xx.2021-ci il tarixləri arasında ödənilən 38407,35 (otuz səkkiz min dörd yüz yeddi manat otuz bes qəpik) manat ödənişin yarısının, yəni 19203,67 (on doqquz min iki yüz üç manat altmış yeddi qəpik) manat pulun cavabdeh X3 alınaraq iddiaçı Tələbkar qaytarılması qət edilmişdir. Həmin qətnamə hal-hazırda icra edilməsi üçün Səbail rayon İcra Şöbəsinə göndərilmiş və icra məmurunun icraatındadır.
13. Eyni zamanda X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin 07 iyun 2023-cü il tarixli arayışını təqdim etmiş, X6 (FİN 2NNJUWA) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq" altsisteminə əsasən xx.xx.2023-cü il tarixindən işsiz kimi qeydiyyatda olmasını və adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-898/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan tutulmalı olan məbləğin hissə-hissə ödənilməyə imkanının çatdığını bildirmişdir.
14. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1. maddəsinin mənasından görünür ki, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə dair ərizələrə baxarkən işə baxmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır.
16. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.)
17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, ərizənin təmin edilməsi tələbkarın mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini də pozur.
18. Beləliklə, məhkəmə kollegiyası rayon məhəməsinin mövqeyi ilə razılaşaraq ərizəçinin qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı gətirdiyi dəlilləri əsassız sayır və hesab edir ki, borclunun ərizəsində göstərilən hallar hazırkı iş üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası üçün mane olan hal kimi qiymətləndirilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
21. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 8(009)-179/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Rəşid Səmədov Namiq Cəfərov