Məhkəmə qərarları › İş №8(103)-281/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-281/2023

18.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-281/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, icra sənədi üzrə tələbkarlar X3, X5, X8 və X4 Səbail Rayon İcra Şöbəsinin icra məmurunun “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarından şikayətə dair iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından həmin tələbkarların vəkili və nümayəndəsi X2 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Səbail Rayon İcra Şöbəsinin icra məmurunun qəbul etdiyi, icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərarla bağlıdır. İcra sənədi 2(009)-280/2020 nömrəli iş üzrə Səbail Rayon Məhkəməsi tərəfindən verilib. İcra sənədinə görə, qanunsuz inşa edilmiş daş hasar sökülərək torpaq sahəsi boşaldılmalıdır. Həmin hasar Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, 3 №-li evin 1 və 2 №-li mənzilləri ilə Səbail rayonu, Xanlar küçəsi 2 №-li binanın arasında (həyət hissəsində) inşa edilib. İcra sənədi üzrə Borcludur, tələbkarlar isə 6 nəfərdir: Həqiqət Quliyeva, Hüseyn Hüseynov, Emin Əzizov, Nigar Şahbazova, Səkinə İbadova və Nigar Qafarova. İcra sənədinin qaytarılması barədə qərarda hüquqi əsas kimi “İcra haqqında” Qanunun 70.4-cü maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılması haqqında qərar qəbul edir. İcranın mümkün olmadığı onunla əsaslandırılıb ki, hasara yaxın məsafədə çox sayda ağaclar mövcuddur, hasar söküləcəyi təqdirdə ağaclara zərər dəyəcək. İcra məmuru bunu əsaslandırmaq üçün Səbail RİH X1 xx.xx.2023-cü il tarixli məktubuna istinad edib. Həmin məktubda qeyd olunub ki, Birliyin əməkdaşları tərəfindən göstərilən ünvana baxış keçirilərkən hasara yaxın məsafədə çoxlu sayda həmişəyaşıl ağaclar əkildiyi, onların bioloji inkişafda olduğu müəyyən olunmuşdur. Məktubda daha sonra qeyd olunub ki, hasara çox yaxın məsafədə əkilmiş bu ağaclara söküntü zamanı ciddi zərər dəyəcəyi nəzərə alınaraq ağacların qorunması məqsədilə hasarın sökülməsi münasib hesab edilmir. Birinci instansiya məhkəməsinə şikayət və onun həlli: İcra sənədinin qaytarılması barədə qərardan 4 tələbkar – Həqiqət Quliyeva, Hüseyn Hüseynov, Emin Əvəzov və Nigar Şahbazova şikayət verərək qərarın ləğv edilməsini xahiş ediblər. Həmin şikayət Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilib, qərara alınıb ki, icra sənədinin qaytarılması barədə qərar ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün icra şöbəsinə göndərilsin. Bu qərardaddan tələbkar Borclu şikayət verərək onun ləğv edilməsini xahiş edib. Həmin şikayət Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilib, qərara alınıb ki, məhkəmənin əvvəlki qərardadı ləğv edilsin, icra məmurunun qərarından tələbkarların şikayəti təmin edilməsin və hazırkı iş üzrə icraat başqa iş - icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinə izah verilməsi barədə ərizəyə dair iş üzrə icraat yekunlaşana qədər dayandırılsın. Apellyasiya instansiyası məhkəməsinə şikayət və onun həlli: Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından tələbkarlar şikayət verərək onun ləğv edilməsini xahiş ediblər. Məhkəmə hesab edir ki, tələbkarların şikayəti təmin edilməli, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, borclunun şikayəti rədd edilməli, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İcra haqqında” Qanunun 70.4-cü maddəsində “icra sənədinin icrası mümkün olmadıqda” deyiləndə elə hal nəzərdə tutulur ki, onun mövcudluğu icra sənədindəki göstərişlərin qanunvericiliyə riayət edilməklə reallaşdırılmasına imkan vermir və bu halın icra icraatı çərçivəsində aradan qaldırılması mümkün deyil. Hazırkı icra sənədindəki göstərişlərin qanunvericiliyə riayət edilməklə reallaşdırılması, yəni ağaclara zərər vurmadan hasarın sökülməsi və torpaq sahəsinin boşaldılması mümkündür. Belə ki, hasarın və onun yaxınlığındakı ağacların fotoşəkilləri iş materiallarına əlavə edilib (iş v. 39- 42). Fotoşəkillərdən görünür ki, ağaclar hasara bitişik deyil, müəyyən məsafə gözlənilməklə əkilib. Bunu borclu və icra məmuru da təsdiq edir. Onlar hasar ilə ağacların arasındakı məsafəni “yaxın məsafə” kimi təqdim ediblər, yəni ağaclar hasara bitişik deyil. Hasarın sökülməsi ağır texnika (traktor və s.) tətbiq edilməklə həyata keçirilərsə, belə halda hasara yaxın məsafədəki ağaclara zərər dəyməsi ehtimalı ola bilər. Əgər hasar əl əməyi tətbiq edilməklə yuxarıdan aşağıya doğru hissə-hissə sökülərsə və sökülən hissələr ağacların üzərinə atılmazsa, ağaclara zərər dəyməyəcək. Bu, işin hallarından aydındır, mütəxəssis rəyinin alınmasına zərurət yoxdur. Hasar mürəkkəb tikili (mərtəbələri, tavanı, aşırımları və s. olan tikili) sayılmadığına, habelə söküntü prosesi insan həyatı və ya sağlamlığı üçün təhlükə yaratmadığına görə, əl əməyi tətbiq edilməklə onun hissə-hissə sökülməsi mümkündür. İcra sənədinin verilməsinə əsas olmuş qətnamədə hasarın ağır texnika tətbiq edilməklə sökülməsi qət edilməyib, qətnamədə “sökülsün” ifadəsi qeyd olunub. Ona görə də hasarın əl əməyi tətbiq edilməklə sökülməsi qətnamənin göstərişinə uyğundur. Beləliklə, icra sənədinin icrasını qeyri-mümkün edən hal yoxdur. Ona görə də icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qanuna uyğun deyil, həmin qərarın ləğv edilməsi barədə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı qanuni və əsaslıdır, bu qərardadın ləğv edilməsi barədə Səbail Rayon Məhkəməsin xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunmalıdır. Bundan başqa, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında bir-birinə zidd olan iki qərar verilib. Belə ki, həm icra məmurunun qərarından tələbkarların şikayəti təmin edilməyib, həm də iş üzrə icraat dayandırılıb. İcra məmurunun qərarından verilmiş şikayətin təmin edilməməsi barədə qərar işin həlli barədə məhkəmə aktı sayılır. İşin həll edilməsi ilə eyni zamanda həmin iş (həll edilmiş iş) üzrə icraatın dayadandırılması Mülki-Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin göstərişinə ziddir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkarların vəkili və nümayəndəsi Şahin Məhərrəmovun hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(009)-173/2023 nömrəli qərardadından verdiyi şikayət təmin olunsun və həmin qərardad ləğv olunsun. Borclunun nümayəndəsi və vəkili Vəkil hazırkı iş üzrə Səbail Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli 8(009)-173/2023 nömrəli qərardadından verdiyi şikayət rədd edilsin və həmin qərardad dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar