Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-282/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-698/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov məhkəməyə təqdimatla müraciət edərək, Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1335/2021 saylı, 05 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar övladı 31 yanvar 2017-ci il təvəllüdlü Səlim Sarah Elxan qızı ilə həftənin şənbə günləri saat 10:00-dan 18:00-a qədər sərbəst şəkildə görüş vaxtı müəyyən edilməlidir. İcra sənədi 28 sentyabr 2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin bugünədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-698/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1335/2021 saylı, 05 avqust 2021-ci il tarixli icra sənədinə əsasən borclu-27 avqust 1985-ci ildə Bakı şəhərində doğulmuş Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv edilməsi xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 8(011)-698/2022 saylı qərardadı ilə Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 8(011)-698/2022 saylı qərardadından vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Borclu 13 avqust 2022-ci il tarixdə yenidən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 8(011)-698/2022 saylı qərardadından apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-698/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-698/2022 saylı, 16 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Borclu 16 avqust 2022-ci il tarixdə yenidən 09 avqust 2022-ci il tarixli qərardadından şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-698/2022 saylı, 16 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət rədd edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 698/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-698/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən, həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarından görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-1335/2021 saylı, 05 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar övladı 31 yanvar 2017-ci il təvəllüdlü Səlim Sarah Elxan qızı ilə həftənin şənbə günləri saat 10:00- dan 18:00-a qədər sərbəst şəkildə görüş vaxtı müəyyən edilmişdir. Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin yuxarıda adı çəkilən icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Xətai rayon İcra şöbəsinə rəsmi qaydada dəvət edilsə də, o, icra məmurunun çağırışları üzrə gəlməkdən üzrsüz səbəbdən yayınmışdır. 04 iyul 2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Borclu məcburi qaydada Bakı şəhəri Xətai rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmənin qəbul etdiyi qərarlarının icrası məcburi olduğundan və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğundan, həmçinin Azərbaycan Respublikasında məhkəmə qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirildiyindən, habelə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan, icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqlarından, təqdimat əsaslıdır. Buna görə də təmin edilməlidir. Şikayətin dəlilinə gəldikdə isə, kollegiya hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, icra məmuru tərəfindən borcluya bildiriş göndərilmiş, borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, lakin borclu yenə də icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclunun icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlməməsi icra sənədinin icrasını mümkünsüz etdiyindən, borclu barəsində qanunvericilikdə göstərilən məcburi gətirilmənin tətbiq edilməsi məqsədəmüvafiq olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-698/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-698/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-282/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-282/2022
19.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver