Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-283/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Borclu iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 8(006)- 148/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli, 2(006)-4060/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 740 manatın cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 13.11.2019-cu il tarixli, 2(103)-12972/2019 saylı qətnaməsi ilə iddiaçı Tələbkar şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli, 2(006)-4060/2019 saylı qətnaməsinin dəyişdirilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh Borclu 3.750 manat alınaraq iddiaçı Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2(102)-3638/2020 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin 13.11.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 13.11.2019-cu il tarixli, 2(103)-12972/2019 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 8(006)-148/2021 saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Borclu tərəfindən həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin icra edilməsinə heç bir iradı yoxdur. Lakin bəzi obyektiv səbəblərdən qətnamə ilə üzərinə qoyulmuş borc öhdəliyinin tam formada və qısa müddətdə ödəmək imkanı yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, tək anadır və 3 nəfərdən ibarət ailəsi vardır. Ailənin bütün maddi təminatını özü ödəyir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 8(006)- 148/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Borclu bildirdi ki, 2 övladı var. Ailədə işləyən tək odur. Əsgər anasıdır, oğlu müharibə iştirakçısıdır. 3 banka kredit borcu ödəyir. Hissə-hissə, hər ay 150 manat ödəyə bilir. Tələbkar borcun birdəfəlik qaytarılmasını tələb edir. Hər ay hissə-hissə ödəyir. Xahiş edir, ailə vəziyyətini nəzərə alıb hissə-hissə ödəməyi barədə ərizəni təmin edilsin. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" 04.07.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun ərizədə göstərdiyi dəlillər icra sənədinin icrasına möhlət verilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 8(006)- 148/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 8(006)- 148/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-283/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-283/2021
21.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver